Yanvarın 11-də Azərbaycan, Rusiya, Ermənistan rəsmilərinin iştirakı ilə Moskvada keçirilən üçtərəfli görüş geosiyasi gündəmin əsas müzakirə mövzusudur. Moskva görüşü erməni faşizminin nəhayət öz məğlubiyyətini dərk etməsi və erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması baxımından sülhməramlı missiyasının, eləcə də erməni terrorunun qarşısında hansı nidanı qoyacaq? Gələcək yol xəritəsi necə müəyyənləşəcək?
İlk öncə Moskva danışıqlarında nələrin yaşandığına qısa nəzər salaq. İlk öncə onu deyək ki, görüş ilk anlardan maraqlı məqamları ilə yadda qaldı. Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla qucaqlaşıb görüşdü. Lakin münaqişə tərəflərinin liderləri bir-birlərini sadəcə salamlamaqla kifayətləndilər.
Daha sonra görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin bildirdi ki, Rusiya ölkələrimizi və xalqlarımızı bir-birinə bağlayan tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərini yüksək qiymətləndirir: "Buna görə də biz alovlanmış silahlı münaqişəni həyəcanla və insanların taleyinə görə narahatlıqla izləyirdik. Təəssüf ki, genişmiqyaslı hərbi əməliyyatlar xeyli sayda insan tələfatına gətirib çıxarıb, Cənubi Qafqazda onsuz da mürəkkəb olan vəziyyəti kəskinləşdirib, terrorizmin yayılma riskini artırıb”. Putini sözlərinə görə, Rusiya özünün bütün fəaliyyətində ATƏT-in Minsk qrupunda əldə edilmiş əsas qaydalara riayət etməyə çalışırdı. Biz öz hərəkətlərimizi mütəmadi olaraq tərəfdaşlarımız – Minsk qrupunun həmsədrləri ilə razılaşdırmaqda davam edirik.

“Bu gün məmnuniyyətlə qeyd etmək olar ki, üçtərəfli razılaşmalar ardıcıl olaraq reallaşır. Biz əminik ki, bu, çoxdan davam edən münaqişənin ədalətli əsasda, həm erməni, həm də Azərbaycan xalqlarının mənafelərinə uyğun olaraq uzunmüddətli və tamformatlı nizamlanması üçün zəruri ilkin şərait yaradacaq. Dağlıq Qarabağda təmas xəttində və Laçın dəhlizi boyunca atəşkəsə riayət edilməsinə nəzarət üçün Ermənistan və Azərbaycan tərəflərinin xahişi ilə rusiyalı sülhməramlı kontingent yerləşdirilib. Atəşkəs rejiminə riayət edilməsinin təmin olunması üçün səmərəli sistem yaradılıb. Rusiya sülhməramlılarının məsuliyyət zonasında 23 müşahidə məntəqəsi fəaliyyət göstərir, daha dörd əlavə post dəhliz boyunca hərəkətin təhlükəsizliyinə cavabdehdir. Hazırda regionda vəziyyət sakitdir” – deyə Rusiyanın dövlət başçısı vurğulayıb.
3 saatdan çox davam edən müzakirələrin yekununda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bəyanat imzalayıblar.
Daha sonra Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri mətbuata bəyanatla çıxış ediblər.
V. Putin görüşü istisnasız olaraq vacib və faydalı hesab etdiyini bildirib. O, İlham Əliyev və Nikol Paşinyanla danışıqların yekununda regionun inkişafına dair birgə bəyanatın imzalandığını söyləyib.
V. Putin birgə bəyanatda iqtisadi əlaqələrin və infrastruktur layihələrinin inkişafının nəzərdə tutulduğunu vurğulayıb: “Bu məqsədlə üç ölkənin baş nazir müavinlərinin başçılıq edəcəyi işçi qrup yaradılacaq. Yaxın vaxtlarda həmin işçi qrup regionun nəqliyyat infrastrukturu və iqtisadiyyatının inkişafı ilə bağlı konkret planlar təqdim edəcəklər. Əminəm ki, bu razılaşmalarının reallaşması Azərbaycan və erməni xalqlarının xeyrinə olacaq. Heç şübhəsiz bütün regionun xeyrinə olacaq, bu isə Rusiya Federasiyasının maraqlarına uyğundur”.
Rusiya Prezidenti noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın şərtlərinə ümumilikdə riayət olunduğunu, ciddi insidentlərin baş vermədiyini söyləyib. O, Qarabağda Rusiya sülhməramlı kontingentinin ümumilikdə hər iki tərəf qarşısında öhdəliklərini yerinə yetirdiyini qeyd edib.
Azərbaycan Prezidenti İlham Əliyev isə bildirib ki, regionun bundan sonrakı dayanıqlı, təhlükəsiz inkişafının təmin olunması üçün bugünkü görüş çox vacib idi: “Atəşin dayandırılmasından iki ay keçib. Noyabrın 9-10-da Bəyanatı imzalamış üç ölkənin liderlərinin Moskvada toplanması onu göstərir ki, biz nəticəyə köklənmişik. Bu gün imzalanan bəyanat da bizim niyyətlərimizdən xəbər verir. Çünki hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair Bəyanatın bəndlərindən biri nəqliyyat kommunikasiyasının açılmasını nəzərdə tutur. Bu elə sahədir ki, regionun inkişafına böyük dinamizm verə bilər və təhlükəsizliyi möhkəmləndirər. Çünki nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının və qonşuların maraqlarına cavab verir. Əminəm ki, qonşu ölkələr də nəqliyyat dəhlizlərinin yaradılmasına və regionda nəqliyyat arteriyası şəbəkələrinin qurulmasına aktiv qoşulacaqlar.
Biz bundan sonra da tez effekt verə biləcək və nəticələrə hədəflənmiş fəaliyyət sahələrini müəyyənləşdirməyə cəhd etməliyik.
Ümumilikdə, demək istərdim ki, 9-10 noyabr tarixli Bəyanat uğurla icra olunur. Bəyanatın bəndlərinin böyük hissəsi yerinə yetirilib. Rusiya sülhməramlı qüvvələri öz işini effektiv yerinə yetirir. İki ay ərzində kiçik insidentlər istisna olmaqla, narahatlıq üçün ciddi əsas olmayıb.
Bu, əminlik yaradır ki, Vladimir Vladimiroviç Putinin də bir dəfə də dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi arxada qalıb və biz gələcək, qonşuluqda necə birgə yaşayacağımız, nəqliyyat arteriyalarının necə açılması və regional stabilliyin və təhlükəsizliyin möhkəmləndirilməsi haqqında düşünməliyik. Hesab edirəm ki, görüş çox faydalı və məhsuldar oldu”.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə bildirib ki, Dağlıq Qarabağın statusu məsələsi həll olunmayıb və Ermənistan ATƏT-in Minsk Qrupu həmsədrləri çərçivəsində danışıqları davam etdirməyə hazırdır: “Təəssüflər olsun ki, hərbi əsirlərlə bağlı məsələni həll etməyə nail olmadıq. Bu, ən həssas və ağrılı məsələdir. Ona görə ki, humanitar məsələdir. Razılaşdıq ki, bu istiqamətdə işi davam etdirəcəyik. Bu gün imzalanan bəyanat həqiqətən çox vacibdir. Bu bəyanatın icra olunması bizim regionun iqtisadi simasını və obrazını dəyişə, iqtisadi yenilik və daha etibarlı təhlükəsizliyə zəmanət verə bilər. Biz bu istiqamətdə konstruktiv işə hazırıq. Lakin bir görüşlə bütün məsələləri həll etmək olmaz”.
Görüşün yekunlarını hafta.az-a şərh edən politoloq Natiq Miri bildirib ki, Moskva görüşündə imzalanan bəyanatda bir çox suallar açıq qalır.
“Putinin açıqlamasına fikir versək, hiss olunur ki, görüşün müzakirə predmetinin sxemi əvvəlcədən cızılıb. Təqdimatda ictimaiyyətə açıqlanacaq məsələ daha çox erməni ictimaiyyətinin narahat edilməməsinə yönəlib. Bu bəyanatla bir növ Ermənistan ictimaiyyətinin narahatlığına səbəb olacaq hər hansı bir durumun olmadığı ortalığa qoyuldu. Fikir verdinizsə, Dağlıq Qarabağda stabilliyin təmin olunması və bundan sonra iqtisadi-ticari əlaqələrin yaradılması kontekstində nəqliyyat kommunikasiyaların açılmasının müzakirə predmeti olacağı vurğulandı”.
Politoloq bildirib ki, bəyanatda təqdim olunan müddəalardan da görünür ki, görüşdə Dağlıq Qarabağ probleminin nizamlanmasından daha çox, əsasən Rusiya, Ermənistan, Azərbaycan münasibətlərinin qurulması kontekstində müzakirələr aparılıb. Onun sözlərinə görə, bəyanatda Azərbaycanın ərazi bütövlüyü, eyni zamanda bu prosesdə iştirak edən Türkiyəyə qarşı ərazi iddialarından rəsmi olaraq vaz keçməyən Ermənistanla əməkdaşlığın hansı şərtlə, necə mümkün olacağı göstərilməyib.
“Erməni silahlılarının Qarabağdan çıxarılması və digər bu kimi məsələlər sənəddə yer almayıb. Görünür ki, məsələnin qeyri-rəsmi razılaşdırılmış məqamları var ki, bu məqamlar ictimaiyyətə təqdim olunmur. Bu da daha çox erməni ictimai rəyinə görə gizli saxlanır. Çünki məğlub tərəf olan Ermənistanda hələ də etirazları səngitmək mümükün olmayıb”.
Politoloq bir neçə əsas məqamı önə çəkib. O, bildirib ki, Azərbaycan onun müstəqilliyini qəbul etməyən bir Ermənistanla iqtisadi və ticari əməkdaşlığa və bu yöndə bütün kommunikasiyaların açılmasına necə razı ola bilər? Bu sənəddə təsbit olunmayıbsa, hətta prezidentlər arasında şifahi razılaşma olsa belə, kim zəmanət verə bilər ki, Ermənistan sabah bu dediklərindən vaz keçməyəcək?
“Bildiyimiz kimi hələ də Qarabağın bütün ərazilərində Azərbaycanın suverenliyi birmənalı olaraq bərpa olunmayıb. Bu kontekstə məlumdur ki, Qarabağda rus sühməramlıları həddini aşan davranışları, Azərbaycan əsgərinə qarşı terror hadisələrinin törədilməsi və erməni silahlılarının tərksilah edilməsi ilə bağlı məsələlər öz həllini tapmayıb. Doğrudur, Rusiya prezidenti V.Putin açıqlamasının ilk cümləsində Qarabağda stabilləşdirici addımların atılacağına işarə vurdu. Lakin əsas məsələlər açıq qalır”.
Politoloq Qarabağda mövcud problemlərin aradan qaldırılması kontekstində müzakirələr aparılmadığına görə bu bəyanatın Azərbaycanın maraqlarını tam şəkildə ifadə etmədiyini önə çəkib. O, hesab edir ki, Azərbaycan sərhədləri tam öz nəzarətimizə keçməyincə, Ermənistanla hər hansı iqtisadi, ticari, kommunikasiya əlaqələrinin qurulması Azərbaycan üçün təhlükəlidir.
Qeyd edək ki, hafta.az görüşdən əvvəl də siyasətçi və politoloqların fikirlərini öyrənib. Müqayisə üçün onları da təqdim edirik.
Politoloq Qabil Hüseynli bildirib ki, bu görüşdə gələcək sülh müqaviləsinin baza prinsipləri müzakirə ediləcək:
“Moskva görüşündə, həmçinin Laçın şəhərinə girişdə - dəhlizdə Azərbaycan Ordusunun sülhməramlılarla birlikdə nəzarət etməsi məsələsi qoyulacaq. Yəqin ki, buna nail olunacaq. Bu müddət ərzində Araik Harutunyan Xankəndində oturub nazir təyin edir, komanda yığır, Ermənistanın xarici işlər naziri bura gəlir və sair. Sülhməramlıların komandanı da onunla itaətkarcasına davranır. Yəqin ki, bu məsələlər də görüşdə müzakirə ediləcək və üstəlik Türkiyə tərəfinin sülhməramlı missiyasına daha fəal qoşulmasının yolları müzakirə olunacaq. Bəyannamədə bildirilib ki, Laçın dəhlizinin təhlükəsizlik məsələsi Azərbaycan ordusunun üzərinə düşür. Bu səbəbdən də Laçın rayonuna girişində, yoxlama buraxılış məntəqəsində rus qüvvələri ilə birlikdə Azərbaycan ordusu qüvvələri də nəzarət etməlidir və edəcək”.
Politoloq bildirib ki, Ermənistanda Paşinyanın Dağlıq Qarabağın statusuna, qondarma rejimə iddia etməyəcəyinə imza atacağından qorxurlar. Amma bu məsələ müzakirə edilməyəcək.
“Azərbaycan tərəfi çalışacaq ki, 10 noyabr bəyannaməsində olduğu kimi, bu ərazilərin Azərbaycanın inzibati ərazi vahidi kimi tanınması bir daha təsdiqlənsin. Azərbaycan tərəfi, həmçinin Mehri dəhlizinin açılmasının sürətləndirilməsinə çalışacaq. Bütün tərəflər bunu istəyir və bununla bağlı müəyyən sənədlər imzalana bilər. Eləcə də sərhədlərin dəqiqləşdirilməsi və demorkasiyası məsələsi də müzakirə olunacaq ki, burda elə bir ciddi fikir ayrılığı yoxdur və prinsiplər bəllidir. Həmin prinsiplərə uyğun ən mürəkkəb ərazi Laçın rayonudur və o ərazilərlə bağlı qəti mövqe sərgilənəcək. Sovet dövründə hansı ərazilərimiz xəritədən çıxıblarsa, həmin sərhədlər bərqərar edilməlidir. Məsələlər çoxdur, hər halda Dağlıq Qarabağ məsələsinə gələcək sülhün arxitekturasının necə olacağı, hansı baza prinsipləri əsasında həllini tapacağı əsasında baxış ola bilər”.
Politoloq hesab edir ki, Paşinyanın Ermənistanda hazırkı mövqeyi möhkəmdir. Onun sözlərinə görə, Moskvada onun imzaladığı hər hansı sənədə görə “mühakimə” olunması elə də asan deyil.
“Bir neçə daşnak və demaqoq millətçilər var ki, aranı qarışdırırlar. Söhbət normal, sağlam, uzunmüddətli sülhün imzalanmasından gedir. Azərbaycan özünün ərazisində yerləşən erməni qoşunları barədə öz fikrini bildirib. Həmin silahlılar özləri könüllü şəkildə rədd olub getməsələr, Azərbaycan xüsusi əməliyyatlar keçirib onları tərksilah edəcək”.
Q.Hüseyni bildirib ki, Moskva görüşü Azərbaycan üçün sərfəli olmalıdır, çünki haqlı və qalib tərəf bizik.
“Şərtləri Azərbaycan diqtə etməlidir. Rusiya ədalətli münsif rolunda oynasa hər şey yerində olacaq. Əks halda, onsuz da Azərbaycan Rusiyaya öz mövqeyini bildirib. Türkiyə də bu məsələdə maraqlıdır. Rusiya ehtiyatlı davranr və belə də davam edəcək”.
Politoloq Məhəmməd Əsədullazadə isə bildirib ki, Moskvada Vladimir Putinin iştirakı ilə prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanin görüşünün keçirilməsi müharibədən sonra xüsusi əhəmiyyət kəsb edir. Onun fikrincə, belə bir görüşün keçirilməsi vacib idi və gündəlikdə dururdu.
“10 noyabr üçtərəfli 9 bəndlik Bəyannamə əsasında müharibənin dayanmasından sonra, burada açıq qalan problemlər üçün tərəflərin görüşü, aydınlıq gətiriləcək nüanslar və razılaşdırılacaq bir çox ciddi məsələlər var. Həmçinin Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, əsasən, nəqliyyat və kommunikasiyaların açılması, Qarabağın müəyyən ərazisində silahlı erməni birləşmələrinin qalması, status məsələsinin qabardılması problem olaraq qalır.
Azərbaycan üçün belə bir görüşün keçirilməsi vacib idi. Hətta prezident İlham Əliyev ötən həftə sülhməramli qüvvələrinin misisyasindan narazı olduğunu, silahlı erməni birləşmələrinin çıxarılmaması və Ermənistan rəsmilərinin Qarabağa qanunsuz səfərlərini qeyd etməklə, Moskva görüşündə bu məsələlərin üzərində dayanacağının mesajını verdi. Rusiya ilə Azərbaycan Qarabagın müəyyən hissəsində fealiyyət göstərən Rusiya sülhməramli qüvvələrinin missiya ilə bağlı əsasnaməni və fəaliyyət proqramını razılaşdırmalıdır. Rusiyanın bu görüşdə buna getməyəcəyi mümkün variantdır.
Ermənistan və Azərbaycan arasında bu kimi görüslər intensiv şəkildə keçirilə bilər. Bu sülh müqaviləsinin bağlanması yolunda atılan addımlar olacaq. İlk növbədə sülh müqaviləsinin imzalanması Ermənistanin atacağı addımlardan asılı olacaq. Sülh müqaviləsi üçün Azərbaycan tərəfindən təklif edilənlər, əsasən, Qarabağın status məsələsini qabartmamaq və Azərbaycanın ərazi bütövlüyünü tanımaqdır”.
Politoloq hesab edir ki, kommunikasiyaların açılması, əsirlərin qaytarılması, Ermənistanı blokadadan çıxarmaq üçün Moskva görüşü Pasinyan üçün həyati vacib məsələdir.
“Azərbaycan bu görüşdə sərhədlərin demorkasiyası və delimitasiyasına nail olacaq. Ermənistan işğalı altında olan kəndlər qaytarılacaq. Mehri dəhlizinin açılması razılaşdırılacaq. Burada əsasən, ciddi məsələ erməni silahlı birləşmələrinin çıxarılmasıdır. Moskva bunda maraqlı deyil. Çalışır ki, silahlı erməni birləşmələri Qarabağda qalsın. Ermənistan tərəfinin bundan sonra Qarabağa silahli qüvvələrini göndərməməsi öhdəliklərini götürməsi mümkündür. Yerli erməni silahlı birləşmələrinə gəldikdə isə burada Ermənistan tərəf deyil. Bu, Rusiya ilə müzakirə edilməli məsələdir. Azərbaycan tərəfi Hadrut təxribatlarında əsir götürülən silahli erməniləri qaytara bilər”.
M.Əsədullazadə bildirib ki, Moskva görüşündə Azərbaycan güclü tərəfdir. Onun fikrincə, Azərbaycan bu görüşü Türkiyə ilə birgə koordinasiya etməyə çalışır. Türkiyə də burada əsas tərəfdir. Son günlər Türkiyə hərbi təyyarələrinin intensiv şəkildə Azərbaycana gəlməsi Moskva görüşündə Azərbaycanın mövqeyini gucləndirir.
“Rusiya maksimum çalışacaq ki, Azərbaycan güzəştə getsin. Əsasən Qarabağın statusu ilə bağlı. İkinci Azərbaycanı KTMT və Avrasiya İttifaqına üzv olmaq üçün dəvət edəcək.
Tərəflər arasında hər hansı müqaviləlnin bağlanması gözlənilmir. İlk növbədə Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi aktual olacaq. Şifahi razılaşmalar mümkündür. Sonradan sənəd halına salınıb, müqavilə bağlansın.
Bu görüş ərəfəsində Fransa Prezidenti E. Makron Putinlə telefonla danışıb. Rəsmi Paris prosesdən kənar qalmamaq üçün Minsk qrupunun fəaliyyətini davam etdirmək və Qarabağın statusunu gündəlikdə saxlanmasında maraqlıdır. Azərbaycan üçün artıq Fransa və Minsk qrupu bitib. Azərbaycan qəti şəkildə bu görüşdə bu formatın dirçəlməsinin əleyhinə olmalıdır. Çünki Ermənistan status məsələsində Fransa ilə koordinasiyalı fəaliyyət göstərir. Azərbaycan üçün bu görüşdə vacib məqamlar aydınlaşacaq və leyhimizə dəyişəcək proseslər mümkündür”.