Qalmaqal “Komsomolskaya Pravda” qəzetinin səhifələrinə daşınıb və bu xəbər sosial şəbəkələrdə geniş işıqlandırılıb.
Hafta.az-ın yazdığına görə, Şeremetyevo hava limanında yeni təcrübə sərnişinlər arasında böyük əks-səda doğurub. Belə ki, son zamanlar hava limanının mühafizəçiləri sərnişinlərin xəbəri olmadan portativ şarj cihazlarını (power bank) baqajdan çıxararaq özəl şirkətin anbar sahəsinə çatdırırlar. Bu xidmətin müqabilində sərnişinlərdən həm cihazın çatdırılması haqqı, həm də hər gün üçün saxlama haqqı tutulur. Bu vəziyyət cihazlarını geri almaq istəyən sərnişinlər üçün kifayət qədər baha başa gəlir.
Xəbərə görə, ötən həftə Şeremetyevo-dan Mineralnıye Vodı-ya gedən sərnişin otelə gələrkən baqajını açıb və içərisində qəbz tapılıb. Bu qəbzdə qeyd olunurdu ki, mühafizəçilər onun baqajını açıb portativ şarj cihazını götürərək hava limanında fəaliyyət göstərən özəl şirkətə təhvil veriblər. Sərnişin cihazı geri almaq üçün hər günə 200 rubl çatdırılma haqqı və 125 rubl saxlama haqqı ödəməli idi. Qəbzdə həmçinin qeyd olunub ki, 90 gün ərzində geri alınmasa, cihaz məhv ediləcək.
Bu vəziyyətdən həm təəccüblənən, həm də qəzəblənən sərnişin “Komsomolskaya Pravda”ya xəbər verib. Çünki onun baqajında başqa normal akkumulyatorlar var idi, amma bunlar götürülməyib. Şirkətin xəbərdarlıq etmədən açdığı çamadanın içində qalan qəbzdə cihazın alınması ilə bağlı müqavilənin avtomatik qəbul edildiyi və bu müqavilənin özəl “Upakovka Servis” şirkəti ilə bağlandığı yazılıb. Səyahətçi səkkiz gün sonra Moskvaya qayıdanda hesablamışdı ki, cihazını geri almaq üçün ödəməli olduğu vəsait toplam 1200 rubl olacaq . Bu da cihazın öz qiymətindən çoxdur. Bildirib ki, bu halda cihazı geri götürməyin mənası yoxdur.
Şeremetyevo hava limanından verilən açıqlamada bu ödənişlərin hava limanı tərəfindən deyil, hava limanı daxilində xidmət göstərən özəl şirkətlər tərəfindən müəyyən edildiyi bildirilib. Hava limanının rəhbərliyi təhlükəsizlik baxımından portativ şarj cihazları və litium batareyalarının baqajda deyil, yalnız əl yükündə daşınmasının vacibliyini xatırladıb və bu qaydalara əməl olunmadığı təqdirdə cihazların baqajdan çıxarıla biləcəyini bildirib. Bununla belə, bu qaydaların sərnişinlərə kifayət qədər aydın şəkildə çatdırılmaması və bu təcrübənin şəffaflıqla bağlı suallar doğurması ilə bağlı tənqidlər də səsləndirilib.