Müasir ailələr ciddi təhdid qarşısında

15:05 08.05.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son illər ailə fərdləri arasında sağlam ünsiyyət getdikcə zəifləməkdədir

Ailə qadınla kişinin ömür boyu bərabər addımlamağa qərar verdiyi uzun bir yoldur. Bu yolda tərəfdaşın seçilməsi bir çox amillərlə şərtlənir. Burada sevgi ilə yanaşı ailənin vəziyyəti, təhsil səviyyəsi, karyera və s. kimi amillər əhəmiyyət kəsb edir.

Daha uğurlu, sağlam nikaha o insanlarda rast gəlinir ki, onlar öz həyat yoldaşlarına inam, güvən bəsləyir, sədaqətlidir, ailəyə sevgi ilə yanaşır. Bunlar dolayı yolla ər-arvad həyatına müsbət təsir göstərən amillərdir. Sağlam ailənin vacib xüsusiyyətlərindən biri də səmərəli ünsiyyətdir. Səmərəli ünsiyyət olmadığı zaman iki yad insan sanki bir yerdə məcburi yaşamış kimi olur. Ünsiyyətin məqsədi başa düşülməkdir. Əgər tərəflər bir birlərinin duyğu, düşüncə, və davranışlarını başa düşmürlərsə aralarında soyuqluq, qopma, uzaqlaşma yaşanması qaçınılmazdır.

Ünsiyyətsizlik ailənin psixoloji iqlimini korlayır

Ailənin psixoloji iqlimi ərlə arvadın, valideynlərlə uşaqların, uşaqlarla uşaqların, qaynana və qaynata ilə gəlinin qarşılıqlı münasibətlərinin xarakteri ilə müəyyən olunur. Əgər ərlə-arvad bir-birinə hörmət edirsə, bir-birlərinə güvənirsə, bir-birlərinə qarşı anlayışlıdırsa, güzəştə getməyi bacarırsa,ailədə psixoloji iqlim də əlverişli olur.Bu keyfiyyətlərdən hər hansı birinin olmaması və ya əks keyfiyyətə çevrilməsi, ər - arvad münasibətlərində soyuqluq yaradır. Ərlə-arvad arasındakı münasibətlər möhkəm olanda hətta təsadüfən baş verən xoşagəlməz hadisə ailəni əslində sarsıda bilmir, ata – ana dərdi birlikdə çəkir, ailə üçün ən çətin olan anda bir – birlərinə arxa-dayaq dururlar.

Ailədə əlverişli psixoloji iqlim xoş güzəran, mənalı ömür, psixi sağlamlıq,uşaqların sağlam düşüncədə böyüməsi deməkdir. Ər – arvadın yaxşı və ya pis ünsiyyəti ailədə psixoloji iqlimin vəziyyətini göstərən mühüm əlamətlərdən biridir. Mütəxəssislərin fikrincə, ər – arvad ünsiyyəti prinsip etibarilə çox mühüm psixoterapevtik vəzifəni yerinə yetirməlidir. Ərlə-arvadın ünsiyyəti onların hər ikisinin işdən sonra psixoloji cəhətdən sakitləşməsi, gərginlikdən azad olması üçün ən təsirli vasitə olmalıdır. Ünsiyyətsizlik isə ailənin psixoloji iqlimini tamamilə korlayır.

Ailənin psixoloji iqlimi həm də böyük tərbiyəvi əhəmiyyətə malikdir. Uşaqlar ananın əhvalına qarşı çox həssasdırlar, onu asanlıqla sezirlər. Ana, hətta gizlincə ağlasa da, uşaqlar bunu başa düşür və pis hiss edirlər. Ananın əhvalı uşaq ürəyinə yoldur, onların psixi sağlamlığına güclü təsir göstərir. Ailədə psixoloji iqlim əlverişli olduqca ər və arvad valideynlər və uşaqlar bir – birlərini və özlərini yüksək qiymətləndirirlər. Bu isə onların əmək fəaliyyətində, işə münasibətlərində müxtəlif formada əks olunur. Hər bir kişi və qadın öz ailəsinin psixoloji iqlimini işlədikləri iş yerlərinə də aparırlar. Evdən işə kefsiz, əsəbi gəlmiş ər yaxud arvad özünə kifayət qədər nəzarət etmədikdə əməyinin səmərəsi azalır. Bir çox hallarda  iş yoldaşlarına qarşı aqressiv davranışlar sərgiləyirlər. Mütəxəssislərin fikrincə, ailədə psixoloji iqlimin yaradılmasında ana daha fəal rol oynamalıdır. Ailədə yaranan emosional münasibətlərin mərkəzində ana dayanır. İstər ər– arvad münasibətlərində, istərsə valideyn – övlad münasibətlərində emosional çalarlar ana ilə bağlıdır. Ağlayan uşağı sakitləşdirmək üçün ananın onu bəlkə də bircə dəfə oxşaması, bağrına basması kifayətdir.Ümumiyyətlə, ağıllı və anlayışlı həyat yoldaşları təklikdə, mehriban ünsiyyət şəraitində özlərinin narazılıqlarını səmimi şəkildə bir – birinə bildirir, mübahisəli məsələləri danışaraq aydınlaşdırırlar. Bu, ərlə-arvadın bir-birinə anlayış göstərməsi yollarından biridir. Həyat yoldaşlarının bir-birini tənqid etməsi, heç də təhqir etməsi demək deyildir. Burada söhbət məhz tənqiddən deyil, ünsiyyət mədəniyyətindən gedir. Ailə etikası kənar adamların, yaxın dostların, qohumların və uşaqların yanında həyat yoldaşını danlamağı və tənqid etməyə qətiyyən haqq qazandırmır.

Qarşılıqlı hörmət, anlayış və diqqət

Psixoloqlar hesab edirlər ki, sağlam ünsiyyət üçün qarşılıqlı hörmət, anlayış və diqqət lazımdır. Tərəflərin bir birlərinə yanaşmaları onlar arasında düzgün ünsiyyətin yaranmasında bilavasitə rol oynayır. Çalışmaq lazımdır ki, qarşıdakı insana birbaşa ittihamedici tonla yanaşılmasın. Bu onu müdafiə mövqeyinə keçirməkdən və sizi dinləməyə qarşı özünü kilidləməkdən başqa bir işə yaramaz.  Həmin anda onun yeganə düşündüyü sizin hücumunuza uyğun cavabı verməkdir. Sizi dinləməz, dinləməzsə anlamaz və özünü anlada bilməz,beləliklə bütün ünsiyyət qopmuş olar.

Mütəxəssislərin tövsiyələrinə görə, ailə üzvlərindən birinin hər hansı yanlışlarını hər fürsətdə dilə gətirməkdənsə etdiyi yaxşı,təqdirəlayiq işlərindən danışıb onu yaxşı olanlara həvəsləndirmək lazımdır. Eyni zamanda, ailə üzvlərinə qarşı bərabər və ədalətli davranmaq şərtdir. Ailə fərdlərinin yaşına, cinsinə və s. digər xüsusiyyətlərinə görə öz davranışınızı dəyişməyin. Bu ailəniz arasındakı ünsiyyət və emosional bağılılıqda çatlara nədən olacaq. Ailə fədləri arasında münasibət daima dost xarakteri daşımalıdır. Valideyin-uşaq, ər-arvad, bacı-qardaşlar arasında dostluq münasibətləri nə qədər sıx olarsa onlar birbirlərinin problemləri ilə o qədər yaxından və səmimiyyətlə maraqlanarlar. Dost münasibəti birlik və bağlılığı qüvvətləndirən önəmli amillərdəndir. Bu ailə üzvlərinin bir-birlərinə açılmalarını, dərdləşmələrini və ya sevinclərini paylaşmalarını asanlaşdırar. Ailə təsəllini, rahatlığı və hüzuru kənarda, yanlış adamlarda və yanlış yollarda aramaz.

Ailə üzvləri özəl günlərdə, bayramlarda, qeyd olunması gərəkən hadisələrdə daima birlikdə olmağa xüsusilə diqqət və qayğı göstərməlidirlər. Ailə fərdləri heç olmasa şam yeməyi zamanını birlikdə keçirməli və bu zaman ümumi söhbət edilməlidir. Ailənin hər bir üzvü bu məsuliyyəti dərk edərək hörmətlə yanaşmalıdır. Gərəksiz kimi görünən bu qısa zaman kəsiyi ailənin bütövlüyünü qorumaqda və isti münasibət yaratmaqda təsəvvür etmədiyimiz qədər yardımçı olacaqdır.

Real ünsiyyətin itməsi mənəvi yüklənməyə səbəb olur

Araşdırmalara görə, bu gun ailə içində yadlaşma, ünsiyyət probleminin ortaya çıxmasında yeni texnologiyalar da ciddi rol oynayır. Əslində, günlük yaşantımıza baxsaq, xüsusilə mobil telefon və tabletlərin insanlarda ciddi şəkildə asılılıq yaratdığını görə bilirik. Bəzən yemək masasında da insanlar telefon və ya tabletlərdən ayrılmırlar. Bəzi hallarda isə bu vasitələr ailə fərdləri üçün "sığınma yeri"nə çevrilir. Onlar real həyatı unudub virtual həyatın pəncərəsindən baxmaq yolunu seçirlər ki, bu da partnyorlar arasında münasibəti ciddi şəkildə təhdid edir. Ailədaxili ünsiyyət pozulduğunda isə fərdlər ehtiyac duyduqları sevgi və qayğını kənarda axtarmaq yolunu seçirlər. Bu baxımdan mütəxəssislər tövsiyə edirlər ki, evdə normal ünsiyyət yaratmaq üçün maksimum telefon və tabletlərdən də uzaq durmaq lazımdır. Bunun isə müxtəlif yolları var. Məsələn, evin hansısa bir hissəsində telefona bir yer ayırmaq olar və bütün ailə fərdləri də ailə bir yerə toplandığı zaman telefonu həmin yerə qoya bilər. Necə ki, ayaqqabını evə girərkən çıxarırıq, işdən gələn kimi paltarlarımızı dəyişib dolaba yerləşdiririk, eyni zamanda telefonu da ona ayırdığımız yerə qoyub ailə fərdlərinin yanına gələ bilərik.

Yeri gəlmişkən, İngiltərə alimlərinin apardığı araşdırmanın nəticəsinə görə, canlı ünsiyyətdən uzaqlaşan insanlar sağlıq problemləri ilə daha tez-tez rastlaşır. Belə insanlarda psixoloji gərginlik, əsəb pozğunluğu müşahidə olunur. Nəticədə bu təbəqə insanlar xəstəliklərə də daha tez yoluxurlar. Canlı ünsiyyətə, qohum-əqrəba, dost-tanışla əlaqələrin möhkəmlənməsinə çalışan insanların isə həm səhhətləri, həm də psixoloji durumları yerindədir.

Məsələyə münasibət açıqlayan psixoloq Elnur Rüstəmov da bildirib ki, real ünsiyyətin itməsi mənəvi yüklənməyə səbəb olur: “Bioloji, sosioloji və psixoloji varlıq olan insanın həyatında ünsiyyət mühüm yer tutur. İnsanı həyata bağlayan dəyərlər var. Bu dəyərlər insana adət-ənənə, din, inanclar, incəsənət, musiqi və sairə vasitəsilə ötürülə bilər. Bütün dəyərlərin ana qayəsi insanların bir-birinə qarşı humanist davranışıdır. Real ünsiyyətin itməsi isə mənəvi yüklənməyə səbəb olur, buradan da psixoloji gərginlik yaranır. Psixoloji gərginlik immunitet zəifliyinə gətirib çıxarır. İnsanın sağlamlığı onun ruh halı ilə birbaşa bağlıdır. İmmunitet zəifliyi özüylə yanaşı stress, depressiya yaradır və orqanizmin xəstəliklərə qarşı müqaviməti zəifləyir. Biz həmişə pasiyentlərə tövsiyə edirik ki, canlı ünsiyyəti bərpa edin. Hazırda hamımız qaçaraq həyat tərzi keçiririk. Bu da zəmanənin reallığıdır. İstək olsa, canlı ünsiyyətə vaxt yaratmaq mümkündür”.

Oxunma sayı 2077