Müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi «Heydər Əliyev ili” çərçivəsində ölkəmizin hər bir yerində xalqımız tərəfindən böyük sevgi və ehtiramla qeyd olunur. Hər bir Azərbaycan vətəndaşı Ümummilli liderin dövlətimiz xalqımız qarşısındakı misilsiz xidmətlərini dərin minnətdarlıq hissi ilə xatırlayır.
Müasir Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu prosesi də Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi, siyasi irsinin dərin izlərini özündə ehtiva etməkdədir. Ədalət prinsipinə əsaslanan sağlam hüquqi bazanın yaradılması, ədliyyə və məhkəmə-hüquq sisteminin formalaşdırılması hər bir dövlətin davamlı inkişafını şərtləndirən ən vacib amillərdəndir. Ümummilli liderin fəaliyyəti dövründə Azərbaycan ədliyyəsi zəngin inkişaf dövrünü keçib, aparılan islahatlar və təkmilləşdirmələr nəticəsində məhkəmə-hüquq sistemində yeni mərhələnin başlanğıcı qoyulub.
Müstəqil Azərbaycanın ilk Ədliyyə Nazirliyi 1918-ci ildə yaradılsa da, sovetlər dövründə biganə münasibət nazirliyin ləğvi ilə nəticələndi. Yalnız Ulu Öndərin Azərbaycan rəhbərliyinə ilk gəlişi ilə Ədliyyə Nazirliyi 1970-ci ildə bərpa olundu, onun fəaliyyətini tənzimləyən mühüm normativ sənədlər qəbul edildi, milli kadr hazırlığına xüsusi diqqət yetirildi. Bununla da Azərbaycanın ədliyyə sistemində yeni intibah dövrü başladı. Ümummilli Liderin Ədliyyə Nazirliyinin fəaliyyətinə dair imzaladığı o zamankı qərarların surətləri Ədliyyə tarixi muzeyində saxlanılır.
Azərbaycan ədliyyəsinin inkişafında yeni mərhələ və əsas dönüş nöqtəsi Ümummili Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonraya təsadüf edir. Ölkədə ictimai-siyasi sabitlik bərqərar olduqdan sonra Ulu Öndərin birbaşa rəhbərliyi və təşəbbüsü, ümumxalq səsverməsi ilə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizdə demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməlini qoydu, hüquqi islahatların aparılmasına başlanıldı.
Dahi öndərin hakimiyyətdə olduğu 1993-2003-cü illərdə aparılan hüquqi dövlət quruculuğu prosesində ədliyyə orqanları da yaxınan iştirak edib. Ədliyyə Nazirliyinin səlahiyyətləri, fəaliyyət istiqamətləri genişləndirilib, dövlətin xüsusi qayğısı və diqqəti ilə əhatə olunub. Ədliyyə fəaliyyətinin yeni qanunvericiliyin tələbləri səviyyəsində qurulması məqsədilə müvafiq struktur dəyişiklikləri aparılıb, yeni qurumlar yaradılıb.
Ədalət mühakiməsinin ən yüksək səviyyədə təmin olunması məqədi ilə Ulu Öndərin təşəbbüsü ilə 2000-ci ildə Azərbaycanda üçpilləli yeni məhkəmə sistemi yaradıldı. Konstitusiyanın aliliyinin təmin edilməsi məqsədilə Konstitusiya Məhkəməsi formalaşdırıldı. Heydər Əliyevin dövlətçilik fəaliyyətinin əsasını təşkil edən humanizm prinsipi dövlətin cəza siyasətndə də köklü dəyişikliklərə yol açdı. Ulu Öndərin müvafiq sərəncamı ilə Şərqdə ölüm cəzası ilk dəfə olaraq Azərbaycanda ləbv edildi. 1995-ci ildə əfv və amnistiya ənənəsi bərpa olundu. Təsadüfi deyil ki, 1995-2003-cü illərdə Ulu Öndərin təşəbbüsü ilə 32 əfv fərmanı imzalanıb. Həmin dövrdə istintaq təcridxanaları da Ədliyyə Nazirliyinin tərkibinə verilib. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və vətəndaşa humanist yanaşma dəyərlərini özündə cəmləyən əfv və amnistiya ənənəsi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmçinin birinci vitse-prezident Mehriban xanım Əliyeva da əlamətdar günlərdə amnistiya təşəbbüsləri ilə çıxış edir.
Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə 1999-cu ildə yerli özünüidarə orqanları olan bələdiyyə seçkiləri keçirildi. Onların fəaliyyətinin əaliyyətinin müasir tələblərə uyğun təşkil edilməsinə köməklik göstərilməsi məqsədilə Ədliyyə Nazirliyinin nəzdində Bələdiyyələrlə İş və Bələdiyyələrə Metodoloji Yardım Mərkəzi yaradıldı. Hazırda yerli özünüidarə orqanlarına inzibati nəzarət Ədliyyə Nazirliyi tərəfindən reallaşdırılır.
Ulu Öndərin diqqət və qayğısı sayəsində notariat və qeydiyyat orqanlarının iqtisadi və hüquqi proseslərin tənzimlənməsində mühüm əhəmiyyəti nəzərə alınaraq bu orqanlarda da əsaslı islahatların həyata keçirilməsi üçün hüquqi baza yaradıldı. Ailə Məcəlləsi, "Notariat haqında" Qanun və digər qanunvericlik aktları qəbul edildi. Ulu Öndərin 6 mart 2000-ci il tarixli Fərmanı ilə qeydiyyat orqanlarının idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı mühüm qərar qəbul olundu, bu orqanların ikili tabeçiliyinə son qoyularaq, onlar Ədliyyə Nazirliyinin strukturuna daxil edildi. Notarial fəaliyətin daha da təkmilləşdirilməsi prosesi bu gün də davam etdirilir. “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələr, həmçinin “Notariat haqqında” Azərbaycan Respublikası Qanununa və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a edilən geniş dəyişikliklər həm notariatın qanunvericilik bazasının, həm də elektron notariat xidmətlərinin təkmilləşdirilməsində yeni bir mərhələ oldu. Hazırda bu sahədə müasir innovativ yeniliklər və yanaşmaları özündə ehtiva edən, vətənşlara xidmət səviyyəsini daha təkmilləşdirən “Elektron Notariat”, «Mobil Notariat» kimi layihələr uğurla tətbiq edilib.
Ədliyyə işçilərində mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədilə Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olunub. Ulu Öndərin əsasını qoyduğu hüquqi dövlət quruculuğu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndərin xalq qarşısında misilsiz xidmətləri heç vaxt unudulmayacaq və dahi şəxsiyyət əbədi bizlərlə yaşayacaq.
Əliyev Toğrul Abdulla oğlu,
Göyçay rayon notariat ofisinin hüquqşünası