Sertifikatlaşdırma prosesi keyfiyyətin yüksəlməsinə müsbət təsir göstərə bilər.
Bu fikirləri hafta.az-a təhsil eksperti, əməkdar müəllim Asif Cahangirov deyib.
Onun sözlərinə görə, müəllimlərin sertifikasiyası konseptual baxımdan tamamilə fərqli prosesdir:
“Təhsil daim inkişaf edən sahədir. Bu sistemdə çalışan müəllim müasir tendensiyaları anlamalı, qəbul etməli və ona uyğun olaraq öz peşəkarlıq səviyyəsini yüksəltməlidir ki, müasir çağırışlara cavab verə bilsin. Sertifikasiya zamanı hər bir müəllim müstəqil qiymətləndirilmədən keçirilir, onun biliyi, səriştəsi müəyyən olunmuş qaydada dəyərləndirilir və konkret parametrlər əsasında aparılan qiymətləndirmə nəticəsində onun pedaqoji fəaliyyəti müəyyənləşdirilir. Bu, beynəlxalq praktikada da var.
ABŞ-ın bir neçə ştatında 5-7 ildən bir müəllimlər sertifikasiyadan keçirilir. O cümlədən qonşu Gürcüstanda ingilis dilini mükəmməl bilən, imtahan nəticələri yaxşı olan müəllimlər daha çox əməkhaqqı alırlar. Düşünürəm ki, bu sistemi bizdə də tətbiq edilsə, əla nəticələr əldə etmək olar. Bunun məqsədi də ildən-ilə inkişaf edən təhsildə müəllimin zəmanəyə, müasir təhsilə nə dərəcədə uyğun olmasını yoxlamaqdır.
Hesab edirəm ki, sertifikasiya təhsilin inkişafına yönəlmiş addım olacaq. Belə ki, bu, ilk növbədə müəllimlərin hazırlıq səviyyəsini və savadını müəyyən edir. Sertifikatlaşma nəticəsində müəllim müəyyən dövr üçün müasir tələblərə cavab verəcək və istənilən məktəbdə işləmək üçün müsabiqələrə qoşula biləcək. Müəllimlik dünyada nüfuzlu sahələrdən biridir. Amma bu sahədə əməkhaqqı azdır.
Ümumiyyətlə, müəllimlər dünyanın bir çox ölkələrində az əməkhaqqı alırlar. Düşünürəm ki, bu sahədə çalışan insan yaxşı əməkhaqqı almalıdır ki, işini də keyfiyyətli görə bilsin, gördüyü işdən zövq alsın. Sertifikatlaşma imkan verəcək ki, imtahanda yaxşı nəticə göstərən müəllimlər yüksək əməkhaqqı alsınlar. Bu təklif həm də müəllimlər arasında rəqabəti artıracaq”.