Yeni reallıqda nə “status”, nə də “idarəetmə modeli” kimi spekulyativ mövzular yoxdur" - Bəhruz Quliyev
"Minsk Qrupunun artıq faktiki olaraq tarixə çevrilməsi təkcə diplomatik bir strukturun ləğvi deyil, eyni zamanda, Cənubi Qafqazda tamamilə yeni geosiyasi reallığın təsdiqidir. Bu prosesin başa çatması onu göstərir ki, Qarabağ münaqişəsinin həllində vaxtilə vasitəçilik iddiası ilə çıxış edən beynəlxalq institutlar öz funksiyalarını itirdi və regionda yeni güc balansı formalaşıb".
Bunu Hafta.az-a açıqlamasında Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

B.Quliyev qeyd edib ki, əslində bu nəticə 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfərlə başlamışdı:
"Fakt budur ki, Azərbaycan öz ərazi bütövlüyünü hərbi-siyasi gücü ilə bərpa etdi və bununla da Minsk Qrupunun 30 ilə yaxın müddətdə manipulyasiya etdiyi status-kvo tamamilə dağıldı. Təşkilatın ləğvi bu reallığın beynəlxalq hüquqi-siyasi təsdiqlənməsidir.
Geosiyasi konteksdən baxdıqda isə bu addım Cənubi Qafqazda vasitəçilərin dəyişməsi, regionun daha çox regional güclərin, yəni Türkiyə və Azərbaycanın maraq dairəsinə keçməsi deməkdir. Yeni reallıqlar ABŞ-ın da bölgədə hər hansı formada söz sahibinə çevrildiyini göstərir. Belə ki, sülh prosesinə ABŞ-ın təsir imkanları daha real görünür, nəinki digərlərinin... Çünki yeni reallıqda artıq nə “status”, nə də “idarəetmə modeli” kimi spekulyativ mövzular mövcuddur. Qarabağ Azərbaycanın suveren ərazisidir və bu, geri dönüşü olmayan siyasi-hüquqi həqiqətdir".
B.Quliyev qeyd edib ki, Minsk Qrupunun ləğvi həm də regionda sülh prosesinə qarşı gedən kölgə oyunlarını neytrallaşdırır. Onun sözlərinə görə, illərlə “münaqişənin dondurulması” ssenarisini qoruyub saxlayanlar bu gün prosesdən tam kənarlaşdırılıb və bunun fonunda Azərbaycan və Ermənistan arasında birbaşa sülh müqaviləsi perspektivi daha real görünür. Çünki artıq vasitəçi ölkələrin siyasi ambisiyaları, daxili lobbi təsirləri və ikili standartları aradan qalxıb.
"Digər tərəfdən, bu ləğv Azərbaycan üçün diplomatik üstünlük yaradır ki, gələcək təhlükəsizlik arxitekturasının qurulmasında Bakının söz sahibi olması faktı daha da güclənir. Bu gün postkonflikt dövründə regional nəqliyyat-kommunikasiya layihələri, reinteqrasiya prosesləri, sərhədlərin delimitasiya-saziş mexanizmləri birbaşa region ölkələrinin iradəsi ilə həll olunur.
Bir sözlə, Minsk Qrupunun tarixin arxivinə göndərilməsi Qarabağ məsələsində “beynəlxalq vasitəçilərin oyunu” dövrünün bitməsi, Azərbaycanın isə bu regionun əsas siyasi aktoruna çevrilməsi deməkdir. Bu gün regionda sülh və təhlükəsizliyin konturları artıq Bakının iradəsi əsasında formalaşır və bu prosesə heç bir köhnə format müdaxilə edə bilməz”, ekspert əlavə edib.
Tahirə Qafarlı