Musa Quliyev: Bu, soydaşlarımızın öz yurdlarına qayıtmaq ümidlərini daha da gücləndirəcək

12:15 08.07.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Xankəndi Zirvəsində tarixi və gözəl Azərbaycan şəhərinin dünyaya yenidən möhtəşəm təqdimatı oldu. Bu, Azərbaycanın gücünün, qüdrətinin nümayişi ilə yanaşı, həm də ölkəmizin əməkdaşlığa, inkişafa böyük töhfəsidir”.

Hafta.az xəbər verir ki, bunu Mill Məclisin bugünkü iclasında deputat Musa Quliyev deyib.

Deputat bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının XVII Zirvə görüşünün Xankəndidə keçirilməsi təkcə Azərbaycan üçün deyil, region üçün mühüm əhəmiyyət kəsb edir:

“Xankəndi Zirvəsində, eləcə də Şuşada və Laçında keçirilən tədbirlərdə bizə dost və qonşu dövlətlərin başçıları Qarabağda və Şərqi Zəngəzurda son 4 il ərzində görülən quruculuq işləri ilə tanış oldular və Azərbaycana öz həmrəyliklərini ifadə etdilər. Görüş çərçivəsində qardaş Özbəkistanın dəstəyi ilə tikilən tikiş fabrikinin, qardaş Qırğızıstanın Ağdamın Xıdırlı kəndində tikdiyi təhsil kompleksinin açılışı Azərbaycana dostluq və həmrəyliyin ifadəsi kimi çox qiymətlidir, gözəl bir nümunədir”.

M.Quliyev qeyd edib ki, Zirvə görüşündə qəbul edilən qərarlar, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq, turizm, mədəni əlaqələrin genişlənməsinə xidmət edəcək:

“Zirvə görüşündə Azərbaycan Prezidentinin Qərbi Azərbaycandan ermənilər tərəfindən qovulmuş soydaşlarımızın öz ata-baba yurdlarına qaytarılması ilə bağlı fikirləri bir daha dilə gətirməsi Qərbi Azərbaycan icmasının bu sahədəki təşəbbüslərini daha da artıracaq. Bu, soydaşlarımızın öz yurdlarına qayıtmaqla bağlı ümidlərini daha da gücləndirəcək”.