Muzeyin xüsusi güşəsi “Şəhidlər zirvəsi” zalı olacaq – Muxtar Ərturan

12:48 26.01.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Ötən günlərdə Türkiyə və Azərbaycan qardaşlığının rəmzinə çevrilən Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi konsepsiya layihəsinin təqdimatı keçirildi.

Memar Muxtar Ərturanın müəllifi olduğu layihə dövlət başçımızın 3 dekabr tarixli sərəncamına əsasən hazırlanıb. Konsepsiya azərbaycanlı və türkiyəli memar, mühəndis və dizaynerlər tərəfindən qarşılıqlı dostluğun rəmzi olaraq işlənib.

Hafta.az layihənin rəhbəri memar Muxtar Ərturan ilə həmsöhbət oldu. Layihənin özəlliyi, konsepsiya ilə bağlı suallarımızı cavablandırdı:

- “Zəfər Muzeyi”, “İstiqlal zirvəsi” layihələri özündə son texnologiyaları tərənnüm edir. Yəni o, bugünkü muzey konsepsiyasının smart versiyasıdır. Söhbət gözlərimizin öyrəşdiyi muzey və eksponatlardan getmir.  Gələcək nəsillərə daha dolğun məlumat ötürmək və zamanın nəbzini tutmaq üçün hazırlanmış “ağıllı muzey” layihəsidir. Layihənin smart olmasının özəlliklərindən biri də budur ki, bütün binada heç bir bələdçiyə ehtiyac olmayacaq. Bina bir növ süni intellektdir. Muzey özü qonaqları qarşılayır, hər bir eksponat özü haqqında məlumat verir. Bundan başqa, eksponatlar “3D” formatında, holoqram şəklində hazırlanır.

Təqdim etdiyimiz İstiqlal Zirvəsi layihəsi Azərbaycan Bayrağının simvollarını üzərində daşıyır. O, milli atributlarımızdan olan və Türk dünyasının simvollarını əks etdirən aypara və səkkizgüşəli ulduz şəklində, ultramüasir, çoxmərtəbəli bina olmaqla layihələndirilmişdir. Binanın paytaxtın ən yüksək nöqtəsində tikilməsi nəzərdə tutulub. Şəhidlər Xiyabanı, Əbədi məşəl və prospektlərdən buraya panorama görüntüsü açılır. Layihə ilk Müstəqillik Bəyannaməsi elan edilən tarixdən bu günə kimi baş vermiş bütün tarixi hadisələri özündə canlı olaraq əks etdirir. Memorial kompleks ətrafında landşaft dairəvi formadadır. Buna səbəb isə 8 Noyabr zəfər marşı üçün hərbi zirehli texnikaların və insan kütləsinin rahat hərəkətidir.

Hər bir layihənin öz ilham mənbəyi olur. Biz də sözügedən layihəni şəhidlərimizin əziz xatirəsinə ithaf etmişik. Şəhidlərimizi unutmamalı, onları hər daim yad etməliyik. Onlar öz ömürlərindən biz rifah yaşayaq deyə keçdilər. Bunun üçün də layihəni reallaşdırmaq üçün sırf həmin ərazini seçdik. Biz müstəqil ekspertlərlə birgə, həmin o yerin topoqrafiyasını və geologiyasını çıxardıq ki, bina seysmik zonanın üzərində olmasın. Ərazi binanın konstruktiv çəkisinə cavab verə bilsin.

Binanın birinci mərtəbəsində, döşəmədən nisbətən hündür, dairəvi formada “Turan Birliyini” əks etdirən gerb vardır. Bu gerb Türk dünyasının simvolikasıdır. Onu üçrəngli bayrağımız əhatə edəcək. Bayrağın üzərində isə Birinci və İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın adları xüsusi neon, fosforlu boyalarla yazılacaq. Simvolik gerbin üzərində hündürlüyü 30 metr olan, speys holoqram nəzərdə tutulmuşdur. Burada silindr daxilində ulu öndər Heydər Əliyevin, Ali Baş Komandan İlham Əliyevin “7D” formatlı holoqrafik təsvirləri ilə, 30 metr hündürlükdən seçilmiş nitqləri səsləndiriləcək. Adi vaxtlarda  burada dünyanın ən böyük (hündürlüyü 30 m) holoqram məşəli yanacaqdır. Əminliklə deyə bilərəm ki, layihədən dünyanın heç bir yerində yoxdur.

Layihənin başqa bir üstün cəhəti isə ulu öndər Heydər Əliyev irsinin  araşdırılması muzeyinin orada olmasıdır. Bundan başqa, binanın daxilində 2 böyük zal nəzərdə tutulub. Burada 20 Yanvar qətliamı və Xocalı soyqrımı hadisələri öz əksini tapır. 15-16 metr uzunluqda bir zaldır, onun içərisinə ziyarətçilər maili eskolatorlar vasitəsilə daxil olacaqlar. Burada ziyarətçilər xüsusi texnologiya vasitəsilə 99% canlı görüntülərlə üzləşəcəklər. Misal olaraq deyim ki, Xocalı zalına daxil olan insan 1 dəqiqə ərzində həmin gün baş vermiş bütün dəhşətləri görmüş olacaq. Bu, vizual qrafika deyil, canlı, 3D holoqramdır. Hansı ki, dünyanın ən inkişaf etmiş ölkələrində təzə istifadə edilməyə başlayır.  Muzey konsepsiyası isə dünyada bir ilkdir.

Burada ayrıca “Hərbi Sənayesi Muzeyi” fəaliyyət göstərəcək. Muzeyin daxilində müharibədə istifadə olunan silahlar və texnikalar nümayiş olunacaq. Bundan əlavə, kompleksdə “smart rəsm qalereyası”, “smart kitabxanalar” yaradılacaq. Ziyarətçi “smart voice” texnologiyası vasitəsilə, konkret eksponat barədə sərbəst məlumat ala biləcək. Binanın daxilində “7D” sinema zalları mövcud olacaq.

- Sizcə, muzeyin xüsusi güşəsi hara olacaq?

- Muzeyin xüsusi güşəsi “Şəhidlər zirvəsi” adlı zal olacaq. Burada Vətənimizin azadlığı, müstəqilliyi uğrunda canından keçmiş bütün milli qəhrəmanlarımızın birə-bir holoqramı yaradılacaq. Biz normal insanları necə görürüksə, holoqram vasitəsilə şəhidlərimizi də canlı görə biləcəyik.

- Ümumilikdə, muzey kompleksi eyni anda neçə ziyarətçini qəbul edə bilər?

- Yaradılacaq smart-muzeydə eyni anda 350 nəfər ziyarətçini qəbul etmək mümkün olacaq. 

- Hal-hazırda layihə ilə bağlı işlər nə yerdədir?

- Hazırda layihə ilə bağlı görülən işlər konseptual təklif formasındadır. Layihənin konsepsiyadan çıxıb layihə formasına düşməsi üçün bütün komandamız hazırdır və əmr gözləyirik. Dövlət başçısına, vitse-prezidentə, Mədəniyyət Nazirliyinə  və Bakı Şəhər İcra Hakimiyyətinin başçısına da layihə göndərilib.

- Dediniz ki, təşəbbüs sizə aiddir. Bəs kompleksin yaradılmasında daha kimlər maraqlıdır?

- Layihənin reallaşdırılmasında həm Türkiyə, həm də Azərbaycan tərəf maraqlıdır. Biz bu konsepsiyanı tam təmənnasız olaraq hazırlamışıq.

- Konsepsiya ilə bağlı yerli memarlardan  yeni fikir və təkliflər qəbul edilir?

- Biz yeni ideyalara və  fikirlərə hər zaman açığıq. Əgər kimsə öz fikirləri ilə layihəyə töfhə verə biləcəksə, niyə də olmasın?

- Layihənin ərsəyə gəlməsində əsas rol oynayan şəxslərdən kimlərin adlarını çəkə bilərsiniz?

- Layihənin əsas aparıcı qüvvələri kimi, yerli memarlardan Anar Quliyev, Seyfəddin Vəliyev, xarici memarlardan isə Osman Yılmaz, dizayner Əndər bəyin adlarını çəkmək olar.

- Bəs maliyyələşdirmədə necə, kimlər kompleksin reallaşdırılmasına dəstək olur?

- Bu layihəyə heç bir sponsor axtarılmır. O, şəhidlər üçün nəzərdə tutulub və tikintisi, ancaq Ali Baş Komandanın əmri ilə mümkündür.

Qeyd edək ki, “İstiqlal zirvəsi” adını daşıyan layihənin paytaxtın ən yüksək nöqtələrindən olan Şəhidlər xiyabanının yaxınlığında tikiləcəyi gözlənilir.