Myanmada 2153 məhbus üçün amnistiya elan edildi

13:40 03.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Myanmada xunta 2153 məhbus üçün amnistiya elan edib.

Hafta.az-ın AFP-yə istinadən yazdığına görə, amnistiya qərarının Buddizmdə Buddanın doğum günü olan 5 Mayda qeyd edilən Vesak Günü ilə əlaqədar verildiyi bildirilir. Ordunun bəyanatında deyilir ki, amnistiya qərarı “humanitar səbəblərdən” verilib və xalqın əmin-amanlığını təmin etmək məqsədi daşıyır.

Xuntanın qərarı həm də Çinin xarici işlər naziri Çin Qanqın səfəri ilə üst-üstə düşüb.

Çinli nazir dünənki səfəri zamanı 2021-ci ildə çevrilişlə hakimiyyəti ələ keçirmiş general Min Aunq Hlainqlə görüşüb. Bununla da o, çevrilişdən sonra generalla görüşən ən yüksək çinli məmur olub.

Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamada deyilir: "Çin iddia edir ki, beynəlxalq ictimaiyyət Myanmanın suverenliyinə hörmət etməli, sülh və barışıq bərqərar olunmasında konstruktiv rol oynamalıdır".

Pekin rəhbərliyi başda ABŞ olmaqla bir çox Qərb ölkəsi və təşkilatı tərəfindən Myanmadakı çevrilişi pisləmədiyi səbəbi ilə tənqid edilib.

Myanma ordusu 2020-ci il ümumi seçkilərində saxtakarlıq iddiaları irəli sürüldükdən və ölkədə siyasi gərginliyin artmasından sonra 2021-ci il fevralın 1-də hakimiyyəti ələ keçirib. Ölkənin devrilmiş lideri Anq San Su Çi də ümumilikdə 33 il həbs cəzasına məhkum edilib.

Anti-xunta Siyasi Məhbuslara Yardım Fondunun məlumatına görə, çevrilişdən sonra ölkədə 1900-dən çox adam ölüb, 10 mindən çox adam saxlanılıb. Hərbi məhkəmələr də ikisi uşaq olmaqla 114 siyasi məhbus haqqında ölüm hökmü çıxarıb.