Narkotik istifadə edən avtobus sürücü saxlanılıb

12:50 29.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Narkotik vasitənin təsiri altında Bakıdan Astaraya sərnişin daşıyan avtobus sürücüsü saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan hafta.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında rayon ərazisində Bakı-Astara marşrutu üzrə işləyən, Salyan şəhər sakini Ədalət Əliyevin idarə etdiyi “Temza” markalı, 10-TG-546 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu saxlanılıb.

Sürücü Ədalət Əliyev tibbi müayinəyə dəvət edilib. Müayinə zamanı Ə.Əliyevin sərnişin dolu avtobusu narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən olub.

Astara RPŞ-yə gətirilən Ə.Əliyevin üzərinə keçirilən baxış zamanı bir bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Astara Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.