“NATO-nun Həmas – İsrail münaqişəsində aktiv mövqe tutacağını gözləmirəm” - Ekspert

09:05 12.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin toplantısı keçirilir. Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin də i​ştirak etdiyi tədbirdə İsrail-Həmas qarşıdurmasının dayandırılması görüşün əsas gündəm bəndlərindən biridir.

Hafta.az-ın yazdığına görə, Müdafiə məsələləri üzrə mütəxəssis, Giresun Universitetinin doktoru Cenk Özgən NATO-nun münaqişədə roluna toxunaraq bildirib ki, İsrail alyansın üzvü olmasa da, sıx əlaqələrə malikdir və hətta Brüsseldə daimi nümayəndəliyi də var.

“NATO səlahiyyətliləri tərəfindən verilən açıqlamalarda bugünkü toplantının əsas gündəm maddəsinin Ukrayna - Rusiya müharibəsi olacağı bildirilib. Biz həmçinin Finlandiya və İsveçin üzvlük məsələsinin müzakirə olunacağını gözləyirdik. Lakin başlayan İsrail - Həmas münaqişəsi bu sammitin əsas gündəliyinə çevrildi. İsrail məsələsinin nazirlər tərəfindən müzakirə ediləcəyi bildirilib, hətta İsrail müdafiə nazirinin də videokonfrans vasitəsilə bu görüşə qatılacağı açıqlanıb” deyən ekspert bildirib ki, Soyuq Müharibədən sonrakı dövrdə NATO təşkilatdan kənar missiyalar həyata keçirib. Buna misal olaraq Bosniya və Kosovonu göstərən ekspert, amma NATO-nun İsrail - Həmas münaqişəsində çox aktiv mövqe tutacağına inanmır.

“Unutmayaq ki, NATO-da qərarlar yekdilliklə qəbul edilir. Bu görüşdə belə bir səsvermənin baş tutacağını gözləmirəm. Ola bilər ki, ABŞ-ın bu mənada hansısa təşəbbüsləri olsun, amma mən NATO-nun birbaşa tərəf kimi mövqe tutacaq addım atacağını düşünmürəm”, - deyib cənab Cenk Özgən.

Ekspert türkiyəli nazir Yaşar gülərin tədbirdə Fələstin – İsrail məsələsində tuta biləcəyi mövqeyə də aydınlıq gətirməyə çalışıb. Deyib ki, Türkiyə ilə İsrail arasında yaxın vaxtlara qədər münasibətlər kifayət qədər problemli idi, ciddi fikir ayrılıqları vardı və hətta diplomatik münasibətlər çox aşağı səviyyəyə endirilmişdi. Amma son vaxtlar Türkiyə-İsrail münasibətləri normallaşma prosesinə qədəm qoyub və hətta münaqişədən əvvəlki çox yüksək səviyyəli təmasların bərpası görünür.

“Münaqişə başlayandan sonra Türkiyə Xarici İşlər Nazirliyi tərəfləri yüksək təmkin göstərməyə çağırıb. Prezident Rəcəb Tayyib Ərdoğan da tərəfləri mötədilliyə çağırıb və üstəlik, ABŞ və İsrailə qarşı bəzi tənqidləri də səsləndirib. O, Amerikanın İsrailə təyyarədaşıyan gəmi göndərməsini tənqid edib. Bununla belə, ikitərəfli münasibətlərin tamamilə pozulmasına səbəb olacaq heç bir addım və bəyanatdan istifadə olunmayıb. Bu mənada Türkiyənin diqqətli davrandığını müşahidə edirəm. Hesab edirəm ki, bu da müsbət haldır. Niyə müsbət, çünki Türkiyənin İsraillə müəyyən səviyyədə yaxşı münasibət qurması Fələstin probleminin həllinə müsbət töhfə verməyə zəmin yaradır. İsraillə münasibətlər problemli olanda Türkiyənin bu mənada töhfə verməsi mümkün deyildi”, - o deyib.

Ekspert sonda qeyd edib ki, Türkiyə heç vaxt NATO-nun münaqişə tərəfi olmasına razılıq verməyəcək və belə bir təşəbbüsü dəstəkləməyəcək.

Siyasət rubrikasından digər xəbərlər