ABŞ və Fransa səfirlərinin Şuşaya səfərdən imtinasına Azərbaycana qarşı əks mesajların ifadəsi kimi baxılmalıdır. Bu fikirləri hafta.az-a siyasi şərhçi Əli Mustafa bildirib.
Ə.Mustafa hesab edir ki, bu, həm də ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılmasına qarşı verilən bir reaksiyadır.
“Bu, eyni zamanda sülhyaratma missiyasında Fransanın və ABŞ-ın kənarda qalmasına bir etirazdır. Uzun illər ABŞ və Fransa ATƏT-in Minsk Qrupu çərçivəsində Rusiya da daxil olmaqla birgə hərəkət ediblər. Əslində isə heç bir iş ortaya qoymayıblar. Bununla belə münaqişənin dondurulmasında, status-kvonun qalmasında əsas rol oynayıblar. Özlərinin maraqları, qazancları olub. Sonda münaqişə müharibə ilə çözülüb. Azərbaycan silahlı qüvvələri müharibə yolu ilə işğalçıları öz əraziərindən qovub. ATƏT-in Minsk Qrupu öz üzərinə düşən missiyanı həyata keçirmədiyinə görə, Azərbaycan dövlət başçısı da belə bir quruma ehtiyac olmadığını deyib. Eyni zamanda Azərbaycan ictimaiyyəti də bu qənaətdə olub ki, Minsk Qrupu fəaliyyətsizdir, faydasızdır. Nəticədə Rusiya xaric digər həmsədr dövlətlər indiki nizamlama prosesindən qıraqdadırlar. Əlbəttə ki, Fransa və ABŞ-ın demarşı buna qarşıdır. Onlar bir növ etirazlarını belə bildirirlər”.
Ə.Mustafa Fransa və ABŞ-dan gələn bu yanaşmada erməni lobbisinin, diasporasının əlinin olduğunu istisna etməyib. Onun sözlərinə görə, hər iki dövlətdə olan erməni diasporası, lobbisi seçkilərin nəticələrinə təsir edəcək dərəcədə güclüdür.
“Bu baxımdan nə ABŞ, nə Fransa ermənilərin etirazlarını gözardına almır. Bu, bir növ erməni elektoratına hesablanmış addımlar da ola bilər. Nəzərə almaq lazımdır ki, payızda ABŞ-da seçkilər keçiriləcək. Bu dönəmdə erməni lobbisinin səsini itirmək istəmirlər. Azərbaycanın mövqeyi bəllidir və bəyan edir ki, Qarabağa status verməyəcək.
Çox təəssüf ki, ABŞ-Fransa bu illər ərzində bitərəfli mövqe tutarq erməniləri müdafiə ediblər. Daha çox bir xiristian həmrəyliyi nümayiş etdiriblər. İndiki jestlərinə də xiristian təəsübkeşliyinin davamı kimi baxıram. İndi proses ermənilərin xeyrinə olmadığına görə etirazlarını bu formada bildirirlər”.