Neftin büdcə qiyməti özünü doğruldacaqmı? - İlham Şaban

11:46 16.09.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Xəbər verildiyi kimi, 2022-ci ilin dövlət büdcəsində neftinin 1 barelinin qiyməti 45 dollar götürülüb. Hazırda Azərbaycan neftinin dünya bazarında qiyməti 70 dollardan yuxarı təklif olunur. 2021-ci ilin büdcə sənədində isə neftin 1 barelinin qiyməti 40 dollardan götürülmüşdü. Maraqlıdır, gələn il üçün neftin qiymətinin 45 dollardan nəzərdə tutulması hansı səbəblərlə bağlıdır? Ümumiyyətlə, hazırda bazarda vəziyyət necədir? Neftin qiymətində ciddi dəyişiklik gözlənilirmi? Mövzu ətrafında hafta.az-ın müsahibi Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabandır.

- İlham müəllim, məlum olduğu kimi, gələn ilin büdcə sənədində neftin 1 barelinin qiyməti 45 dollardan nəzərdə tutulub. Bu məsələdə hökumətin daha mühafizəkar qərar qəbul etməsi hansı səbəblərdən qaynaqlanır?

- Təbii ki, hökumətin bu addımı özünü sığortalamaqdan irəli gəlir. İndiki şəraitdə nəyisə doğru-düzgün proqnoz etmək olduqca çətindir. Ötən il noyabr ayında cari il üçün neftin qiymətlərinə dair proqnoz verilərkən ekspertlər hesab edirdilər ki, dünya üzrə neftin qiyməti minimal olaraq 52, maksimal 57 dollar arasında dəyişəcək. Bu vəziyyətdən sığortalanmaq üçün əsasən hasilatçı şirkətlər öz büdcələrini 40 dollardan götürdülər. İkinci tərəfdən, cari il üçün belə yüksək qiyməti dünyada postpandemiya dövründə iqtisadiyyatın ziqzaqvari artımı ilə bağlı proqnozlaşdırmışdılar. Yəni, 2020-ci ildə dünya iqtisadiyyatı necə kəskin eniş yaşamışdısa, proqnoz edilirdi ki, elə ona uyğun da artım olacaq və neftə tələbat yaranacaq. Həqiqətən də elə o cür baş verdi. Heç kəs gözləmirdi ki, neftin qiymətləri 70 dollar səviyyəsini aşacaq. Baxmayaraq ki, ilin birinci yarısında neftin orta qiyməti 60,5 dollar idi. Cari il üçün proqnoz 65 dollardır. Buna da səbəb hava şəraitinin qeyri-sabit keçməsi oldu. Yəni, qış həddindən artıq soyuq, yay isə həddindən artıq qızmar oldu və enerjiyə olan tələbat da yüksəldi. İndi sentyabr ayıdır və qiymət 74 dolları ötüb, qazın qiyməti isə 800 dolları keçib. Neftin indiki qiymətində Meksika körfəzində Amerikanın hasilatçı ştatlarında qasırğa təhlükəsi öz rolunu oynayır. Bundan öncə də “İda” qasırğasının fəsadlarının hələ də aradan qaldırılmamasıdır. Klimativ faktorlar proqnoz edilməyən faktorlardır ki, onlar öz risklərini neftin və qazın qiymətində əks etdirir.

- Bəs, gələn il üçün büdcə sənədində neftin qiymətinin 45 dollardan nəzərdə tutulması ölkə iqtisadiyyatına nə qədər əlavə vəsaitin daxil olmasına imkan yaradacaq?

- Gələn il büdcənin gəlirləri 26 milyard manat proqnozlaşdırılır. Onun xərc hissəsi isə 28 milyard manatdan artıqdır.  Və umumilikdə, neftin büdcədə payını götürsək, bu 52 faiz civarındadır.

- Bu ilin sonunu neft hansı qiymətlərlə başa vuracaq? Hazırda bununla bağlı proqnoz vermək mümkündürmü?

- Bu ilin sonunda neft 80 dollar da ola bilər. Bunun heç kəs üçün əhəmiyyəti yoxdur. Əsas orta qiymətdir, bu isə 65 dollardır. Yəni, proqnoz belədir, qiymət 65 dollar olmaya da bilər və 66-67 dollar civarında dəyişməsi də mümkündür. Bazar üçün 1-2 dolların böyük əhəmiyyəti yoxdur.

- Gələn il üçün neftlə bağlı proqnozlar necədir? Qiymətlər necə dəyişəcək?

- Gələn il üçün qiymət ümumilikdə, bu ilə nisbətdə daha aşağı proqnoz edilir. Proqnoz 61-62 dollar civarındadır. Gələn il bu ilə nisbətən dünya iqtisadiyatının artım tempi daha aşağı olacaq. Bu il dünya iqtisadiyyatı ötən ilə nisbətən daha yüksək templə artdı, ancaq gələn il vəziyyət belə olmayacaq. Məsələn, bu il 6 milyon barel neft hasilatının artımı gözlənilir, gələn il isə ən yaxşı halda bu göstəricinin yarısı, təxminən 3 milyon barel proqnoz edilir. Digər tərəfdən, indidən demək olmaz ki, gələn il iqlim şəraiti necə olacaq, qış, yay fəsli necə keçəcək. Bu faktorlar, eyni zamanda, istehsalçı və istehlakçı ölkələr arasında müharibə olacaq, ya olmayacaq kimi ehtimallar bazara öz təsirini göstərə bilər. Bir daha vurğulamaq istəyirəm ki, son 5 ildə verilən proqnozlardan bir proqnoza rast gəlməmişəm ki, özünü gələn il üçün tam təsdiqləsin. Ümumilikdə, gələn il üçün proqnoz 61-62 dollar ətrafındadır və ümid edək ki, növbəti ildə də neft 65 dollar civarında olsun. Bu iqtisadiyyatı neftdən asılı olan ölkələr üçün kifayət qədər yaxşı bir göstəricidir.  

- “Lukoil" şirkətinin rəhbəri Vahid Ələkbərov "Kommersant"a müsahibəsində deyib ki, neft qiymətlərinin 100 dollardan yuxarı olması bazarı çökdürə bilər. Ümumiyyətlə, belə bir ehtimal gözləniləndirmi?

- Neftin qiymətini bazar tənzimləyir. Burada inzibati təsirlər rol oynamır. Vahid Ələkbərov da bildirib ki, neftin 100 dollardan yuxarı olmasını istəməzdim. Həqiqətən də əgər qiymətlər sürətlə yüksələcəksə, elə həmin sürətlə də aşağı düşəcək. Necə ki, vaxtilə 2012,2013 və 2014-cü illərdə qiymət 100 dollardan yuxarı oldu və sonradan birdən 54 dollara kimi düşdü. Ona görə də ən yaxşı variant 65-70 dollardır.

Oxunma sayı 38