Kubanın XİN başçısından Vaşinqtona sərt etiraz

15:50 12.01.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Kubanı yenidən terrora dəstək verən ölkələr siyahısına salması, rəsmi Havananın qəzəbinə səbəb olub.

Hafta.az yazır ki, məsələ ilə bağlı Kubanın xarici işlər naziri Bruno Rodriquez, sosial media hesabından etdiyi açıqlamada bildirib ki, Birləşmiş Ştatların Kubanı terrora dəstək verən ölkə adlandırması Vaşinqtonun ikiüzlülüyündən irəli gəlir və Hava hökuməti bu alçaldıcı qərarı kəskin şəkildə qınayır. 

Rodriquez əlavə edib ki, ABŞ siyasi müstəvidə fürsətcildir, öz maraqlarından çıxış edir və bu da terrorun vurduğu zərərlərdən həqiqətən də təsirlənənlərin diqqətindən qaçmır. 

Qeyd edək ki, ABŞ-ın Dövlət Katibi Mayk Pompeo dünən verdiyi açıqlamada "Dövlət Deportamenti terrorçulara sığınma imkanı verərək qlobal terrorçuluq fəaliyyətlərinə verdiyi üçün Kubanı terrora dəstək verən ölkə olaraq tanıyır" ifadələrini səsləndirmişdi. 

Xatırladaq ki, 2015-ci il may ayının 29-da ABŞ-ın o zamankı prezidenti Barak Obama Kubanın adını terrora dəstək verən ölkələrin siyahısından çıxarmışdı. Bu da ABŞ-la Kuba arasında təxminən yarım əsrdir ki, pozulmuş ikitərəfli əlaqələrin yenidən yaxşılaşmasına ümidləri artırmışdı. 

Məlumat üçün deyək ki, ABŞ-ın sözügedən siyahısında Kuba ilə yanaşı, İran, Şimali Koreya və Suriyanın adı yer alır.