Nəzir qutulu dilənçilər şəhəri: metrosu sahibsiz itlərlə dolu Tiflis–FOTO

14:55 29.07.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Tiflisdə səhəri qara paltarlı, rahibə örtüklü qoca dilənçilər açır. Qaraçı deyillər. Gürcülərdir. Elə işə gedənləri də Kür çayının sağ sahilində - Şeytanbazar məhəlləsindən üzüyuxarı qalxan yoxuş səkilərdə onlar salamlayır. Hərəsinin öz ərazisi var. Səhərçağı işə gedənləri də elə onlar salamlayır.

50 tetriyə adamların qarşısında ikiqat əyilən bu dilənçilər turistlərin “dəmir larisi”nə oturduqları yerdən ayağa da qalxırlar, hətta təzim duruşunun müddətini də uzadırlar.

“Barjomi”nin “kürəyinə” söykənən ölkə...

Hiss olunur ki, şəhər acdır. Sərvətsiz ölkəni ayaq üstə “Barjomi”, limon və mandarindən gələn gəlirlər saxlayır. Bu pullar da şəhərin susuzluğunu yatırmağa ancaq çatır, yeməkpulu isə turistlərin cibindən çıxır. Siz ona turizm deyirsiniz. Ona görə də Tiflisdə qiymətlər bahadır. Hətta yemək yeyəcəyiniz bəzi yeməkxana və restoranlarda tualetlərin də pullu olduğunu görə bilərsiniz. Məsələn, Mtatsminda parkında 50 tetri – bizim pulla 30 qəpik – ödəmədən ayaqyolunda heç üzünə də su vura bilməzsən...

Tiflisin qədim hissəsindən, Metexi məhəlləsindən çıxıb, beton körpü ilə Kür çayının o biri sahilinə keçirəm. Qurucu Davidin əzəmət verilmiş heykəlinə baxanda Gəncə darvazaları yadıma düşür. Zəlzələ vaxtı şəhərə qoşun çəkən bu gürcü şahı gürcülər üçün “qurucu” ləqəbi ilə qalıbsa, Azərbaycan türkləri, əsasən də gəncəlilər onu “darvaza oğrusu” kimi xatırlayırlar.

Şeytanbazarda türk qoxusu...

Çayın  o biri tərəfi bizimkilərdir. Şeytanbazardır. Azərbaycanlıların yaşadığı məhəllədir. Hər şey yoxuşdan boy verən məsciddən, şərq üslublu evlərdən, Azərbaycansayağı kafelərdən bəlli olur. Doğma qoxular, tanış səslər, təbəssümlər... Qiymətlər də münasibdir. İndi burada ərəblər məskunlaşıb. Turistləri nəzərdə tuturam. Bizimkilərin əksəriyyəti evlərini din qardaşlarımıza kirayə verərək arxa küçələrə çəkiliblər. Şeytanbazarda ümummilli liderin büstünün ucaldığı parkı da ziyarət edirik. Burada hər şey doğmadır. Otlar da, qızılgüllər də... Hər nə varsa vətəni xatırladır. Darıxmağa qoymur.

Uzaqdan isə Qacarın dağıtdığı kilsələr gözə dəyir. Gürcülər onları belə olduğu kimi saxlamağa çalışırlar. Bir çoxları isə hesab edir ki, büdcədə pul olmadığı üçün təmir edilmir. Ətrafdakı heykəllərə boylandıqca görürsən ki, sanki, gürcülərin Daviddən, Tamaradan və Şota Rustavelidən başqa şəxsiyyətləri yoxdur. Ancaq onların heykəlləri nəzərə çarpır. Xırda büstlər isə çoxdur, rejissorlardan tutmuş film qəhrəmanlarının heykəllərinə qədər...

Mtatsminda parkında qəlyanaltı...

Adı çətin tələffüz olunan, dilə yatmayan bu parka çıxdınsa, deməli, Tiflis ayaqlarının altındadır. Köhnə teleqüllə isə şəhərin hər yerindən görünür. Çünki təpənin başındadır. Buraya daha çox turistlər gürcü çaxırı və konyakı içməyə gəlir. Qiymətlər isə olduqca bahadır. İkinəfərlik qəlyanaltı və ya nahar bizim pulla 60-70 manatdır. Özü də çaxırsız. Çaxırın qiyməti isə adamı əməlli-başlı bihuş edir. Yadınızdadırsa, yuxarıda qeyd etmişdim, burada hər şey pulladır, hətta ayaqyolu da. Daha çox gələnlər isə azərbaycanlılar və ərəblərdir. Parkda dünyaca məşhur insanların maket heykəlləri olan guşə də düzəldilib. Merlin Monrodan Con Kennediyə, Barak Obamadan, Çe Qevaraya qədər. Azərbaycandan isə yalnız Heydər Əliyev var, onun qarşısına bu cümlələr həkk olunub: “Azərbaycanın dünyaca məşhur dahi siyasi xadimi”. Doğrudan da qürurvericidir. Burada bir maketlə şəkil çəkdirmək (özü də şəxsi telefonunla və ya fotoaparatınla) 1 laridir. Biz də çıxışdakı şəxsə 10 lari ödəyəndə hər şeyi anladıq.

Davidin “kölgəsindəki” əyyaşların parkı...

Qurucu Davidin heykəlinin qarşısındakı parka gürcülər öz aralarında əyyaşlar parkı deyirlər. Burada heykəlin və ağacların kölgəsi altındakı skamyalarda evsiz-eşiksiz əyyaşlar, “bomjlar”ın sərilib yatdığını görəcəksiniz. Üst-başları kir içərisində olan, saç-saqqallarından da üfunət qoxuları gələn bu əyyaşlar axşama doğru dilənməyə başlayacaqlar. Buraya həm də ona görə əyyaşlar parkı deyirlər ki, kimsəsiz küçə sakinlərinin əlindən kimsə gəlib burada istirahət edə bilmir.

Bir əlində qılınc, o birində kağız tutmuş Davidin heykəlinə baxınca yenə də Gəncə darvazaları və çılpaq şəkildə Gəncədən Tiflisə aparılan qız-gəlinlərimiz yadımıza düşür.

Onu da xüsusi vurğulayaq ki, buradan yaşıl ətəkli Kür çayının da əsrarəngiz mənzərəsi açılır.

Yağışdan 2 qat pul qazanan taksilər...

Mtatsminda parkından aşağı düşəndə göyün üzünü qara bulud alır. Şimşək çaxmağa başlayır. Yağışın gəldiyini hiss edib Metexi məhəlləsinə 25 lariyə taksi danışırıq. Dolaylı dağ yollarında yağış bərkiyir. Taksi sürücüsü kobud ingiliscəsi ilə “Tanrı bizi və sizi qorusun” – deyib alnından çiyninə xaç çəkir. Düşəndə isə “sizi yağışda sağ-salamat gətirdiyim üçün 40 lari” verməlisiniz – deyir. Duruxuruq. Səbəbini soruşuruq. Burada qaydadır, yağışda qiymətlər ikiqat qalxır- deyə cavab verir. Bu ki, haqsızlıqdır? –deyə müzakirə açmaq istəyirəm. Haradansınız? – deyə soruşur. Bunun məsələyə heç bir dəxli olmadığını vurğulayıram. İsrar edir. Azərbaycandanıq-deyirəm. Cavab isə qorxunc olduğu qədər də gülüncdür: “Düş aşağı, sizin neftiniz, sərvətiniz var. Bizimsə heç nəyimiz yoxdur...(ardını yazmağı lazım bilmirəm)”.

Metronun girişində küçə itləri...

Yağışa düşdüyümüz üçün metrodan istifadə etmək məcburiyyətində qaldıq. Tiflisin “Avlabari” metrostansiyasının içərisi olduqca natəmizdir. Gözünüzlə görməsəniz inanmayacaqsınız; metronun girişində sahibsiz küçə itləri pilləkanlara sərilib yatır. Aradabir insanların üstünə də hürürlər. Girişdə bir nəfər dayanıb. Əlindəki metro kartı ilə 50 tetriyə (dəmir pul-red.) kartı olmayanları keçirir. 20 tetri artıq qiymətə. Eskolatorla aşağı düşəndə “remenli” pilləkanların köhnə olduğunu görürük. Metronun içi qaranlıqdır. Üstəlik, vaqonlar da çox köhnədir. Divarlarda isə yapışdırılıb sonra qoparılmış elanların qalıqları metronun kəm-kasad gözəlliyini daha da pozur. Çıxışda isə qaçaqmal siqaretlər satılır.

Nümunəvi qocalar evi...

Tiflisdəki erməni kilsəsindən bir az aralıda qocalar və körpələr evləri gözə dəyir. Buradakı qocalar və uşaq evləri kilsə formasındadır. Ruhani bir aləmi xatırladır. Səbəbini gürcülərdən soruşuruq. Deyirlər ki, valideynlərini və körpələrini buraya gətirən övladlar və valideynlərin son dəfə rəhmə gəlməsi üçün bu formada tikilib. Yəni, onlar tanrıdan qorxaraq fikirlərindən daşına bilərlər. Övladlarını və ya valideynlərini buraya gətirməsinlər. Gürcülər onu da vurğulayırlar ki, bu nüans bir sıra hallarda öz müsbət effektini verib.

-Müştəri çağıran azərbaycanlı uşaq...

Kür çayının üzərindəki məşhur şüşəli körpüdən çaya açılan əsrarəngiz mənzərəni seyr edirik. Uzaqdan Azərbaycan dilində danışdığımızı eşidən bir uşaq bizə yaxınlaşır:

-Qayıqla üzmək istəmirsiniz?

-Azərbaycanlısınız?

-Gürcüstan türküyəm, qağa.

-Harasından?

-Faxralıdanam.

-Neçəyədir turun qiyməti?

-Sizə 20 lari.

-Bəs başqalarına?

-25...

-Yox, bahadır, hələ ki, buradayıq. De görüm, Faxralıda vəziyyət necədi? Camaat nə işlə məşğuldu?

-Kəndi sel basdı. Dünən oldu. Ev-eşiyə su dolub. Toyuq-cücə qırıldı. İşdə ki... (bir az duruxur) gürcü dilini bilənə var. Bilməyənə “da svidaniya”...

Çox zirək oğlana oxşayır. Cəmi 19 yaşı var. Əlindəki “A4” plakatı ilə ərəblərə yaxınlaşır. İlk dəfə idi ki, Tiflisin mərkəzində hər hansı bir işlə məşğul olan soydaşımızı görürdük.

Biz isə çayın üzərindəki elektrogitarçıların melodiya və musiqilərinə qulaq asa-asa gəzintimizi davam edirik.

Kürün üstündə nəzir qutuları...

Kür çayının üzərindəki nəzir qutuları da diqqətçəkəndir. Doğrusu, bu vaxta qədər bir neçə dəfə Gürcüstanda olmuşuq. Amma nəzir qutuları gözümüzə dəyməyib. Nəzir qutularının ağızı qıfıllıdır. Üzərində isə kilsə şəkilləri ilə yanaşı şikəst və əlil uşaqların şəkilləri yer alıb. Üzərinə isə rus, ingilis, ərəb dillərində “yardım edək” çağırışları həkk olunub. Əldə etdiyimiz məlumata görə, nəzir qutuları əksər hallarda ya kilsələrə, ya da yardım dərnəklərinə məxsus olur. Dövlətin icazəsi olmadan heç kəs şəhərin mərkəzinə qutu yerləşdirə bilməz. Hətta çayın sol sahilində nəinki nəzir qutusu, hətta “nəzir ağacı” da görə bilərsiniz. Amma bu daha çox dilək ağacına bənzəyir. Maketdir. Dəmirdəndir. Amma dəmir və kağız pullar atanlar da az deyil.

Tiflisi elə bu nəzir qutularına tapşırıb üzü Rustaviyə, oradan da Azərbaycan sərhəddinə - “Sınıq Körpü”yə yola düşürük...