Normal günlərdə saat 12-yə qədər 20-25 müştəri yola salırdıq - Qırx gün bağlı qalan gül dükanının sahibi ilə söhbət

12:08 27.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ciddi karantin rejiminin yumşaldılması bir sıra mağazalara və satış köşklərə canlanma gətirib. Beş həftəlik aradan sonra bir sıra mağazalar fəaliyyətinə davam edir. Onlardan biri də gül-çiçək köşklərində ailəsinə çörəkpulu aparanlardır.

61 yaşlı Gülhüseyn kişi uzun illərdir ki, gül satmaqla məşğul olduğunu deyir. Onu da əlavə edir ki, karantin rejimini ciddiləşəndən sonra hər gün gəlib güllərinə, gül köşkünə kənardan baxıb gedir, həftədə bir dəfə isə qapını içəridən bağlayıb dükanı təmizləyərmiş. Əslən Maştağadan olduğunu, atasının, babasının da gülçülüyü özünə peşə seçdiyini dilə gətirir.

Karantin rejiminin ciddiləşdiyi dövrdən bu yana ilk dəfə dükanını açdığını söyləyir: “40 gündür ki, bağlı idi. Bu gün ilk dəfə açdıq. Ömrümü bu işə həsr etmişəm. Boş dayanmaq mənə görə deyil. İlk müştərim qapıdan içəri girəndə gözümə işıq gəldi. Dedim ki, ilahi, sənə şükür, deyəsən həyat axarına düşür”.

Gülhüseyn Abasov deyir ki, hələ ki, müştərilər çox deyil. Mağazanı açdığı iki saatdan çoxdur və ancaq 2-3 müştəri yola sala bilib. Əvvəlki dövrlə müqayisədə çox aşağı göstəricidir – deyə əlavə edir: “Bizim işimizin “xod gedən” vaxtı əsasən səhər və axşamçağıdır. Günorta isə demək olar ki, az olur. Normal günlərdə saat 12-yə qədər 20-25 müştəri yola salırdıq. Bunların hamısı gül alan deyildi. İrili-xırdalı alverin sayını nəzərdə tuturam. Amma indi belə deyil, iki saat yarımdır ki, cəmi üç nəfər gəlib”.

Gülhüseyn kişi hər şeyin normal dönəcəyini deyir: “Səbr eləmək lazımdır, az qalıb. Yəqin ki, mayın 4-dən hər şey yoluna düşəcək. Deyilənə görə iyunun 15-dən sonra əvvəlki kimi olacaq. Bu da bir bəla idi, Allah tərəfindən göndərildi. Bu günümüzə şükür”.

Həmsöhbətim güllərin və buketlərin qiymətlərində bahalaşma yox, endirim olduğunu bildirir: “Güllər öz təsərrüfatımızdandır. Böyük əksəriyyətini özümüz becəririk. Ona görə də ucuzdur. Buketlər öz əvvəlki qiymətinədir, nə bahalaşıb, nə də ucuzlaşıb. Amma tək-tək satılan güllərin, nərgiz, tülpan, qızılgül, çobançiçəyi və digərlərinin qiymətində bir manat, bir manat əlli qəpiklik endirim var. Yeni partiya güllər gələcək. Ona görə də satmağa çalışırıq ki, burada yer tutmasınlar”.

Gülhüseyn Abasov onu da əlavə etdi ki, mağaza 1 həftə ərzində gündə dörd saat işləyəcək: “Səhər mən, axşam da oğlum iki saatlıq icazə alıb gəlib açacağıq. Müştərilər görsün ki, mağazamızın fəaliyyəti davam edir”.