Norveç prokurorluğu Rusiya vətəndaşlarının krallıq ərazisində pilotsuz uçan aparatlardan istifadəsini qadağan edən Sanksiyalar Qanununu pozduğuna görə daha əvvəl həbs edilmiş rusiyalı iş adamı Andrey Yakuninə qarşı ittiham irəli sürüb. Bu barədə Nordlys qəzeti yazır.
Apellyasiya Məhkəməsinin ittiham aktında göstərilir ki, rusiyalı sahibkar 2022-ci il avqustun 3-dən sentyabrın 6-dək öz Firebird yaxtası ilə gəldiyi Svalbardda olarkən dəfələrlə səmaya pilotsuz uçan aparat buraxıb.
Andrey Yakunin oktyabrın 17-də Hammerfestdə drondan istifadə etdiyinə və dronla fotoşəkil çəkdiyinə görə saxlanılıb. Norveç hakimiyyəti rusiyalı iş adamının hərəkətlərini qanunun, o cümlədən Rusiya Federasiyasına qarşı sanksiyaların tələblərinin pozulması hesab edib.
Məhkəmə qərarında həmçinin qeyd olunur ki, Yakuni iki dəfə yalan məlumat verib. O, hazırda Tromso həbsxanasındadır. Noyabrın 3-də onun həbs müddəti Holuqland əyalət məhkəməsi tərəfindən noyabrın 29-da keçiriləcək əsas iclasa qədər uzadılıb.
Sahibkarın vəkili Bernt Heyberq məhkəmənin qərarını şərh edərkən Apellyasiya Məhkəməsinin arqumentlərinin diqqətlə öyrəniləcəyini qeyd edib.