Avropa İttifaqının dəstəyi və prezident Şarl Mişelin iştirakı ilə 31 avqustda Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın gözlənilən görüşü müxtəlif aspektlərdə təhlil olunur.
Bir çox ekspertlər artıq anti Azərbaycan qüvvələrinin bu görüşdən narahat olmağa başladığını önə çəkir. Brüssel görüşü nə vəd edir, kimləri narahat edir və niyə?
Siyasi şərhçi Azər Hüseynov hafta.az-a bildirib ki, Avropa İttifaqının vasitəçiliyi ilə keçiriləcək görüş diplomatik vasitələrin şaxələndirilməsi baxımından vacibdir. Onun sözlərinə görə, Azərbaycan bununla Rusiyaya da mesaj verir ki, prosesləri diplomatik inhisarında tutması getdikcə çətin olacaqdır.
“Avropa İttifaqı da Azərbaycanla Ermənistanın arasında vasitəçi olmaqla yenə Rusiyaya mesaj verir ki, onun 200 illik təsir dairəsinə girə bilər. Ermənistana gəldikdə isə bu ölkədə iki qanad bir -biri ilə mübarizə aparır. Biri yeni siyasi qanaddır, ikincisi isə 30 illik prorus hərbi siyasi bürokratiyasıdır”.
A.Hüseynov hesab edir ki, bu görüşdə proses xarakterli irəliləyiş ola bilər.
“Kardinal bir irəliləyiş gözləmirəm. Azərbaycan da bunu gözəl bilir. Biz həm də burada diplomatik əlçatanlığımızı dünyaya göstəririk. Qarabağ məsələsində kardinal həll üçün Azərbaycanın hərbi gücünün artırılması, Türkiyə ilə ittifaqının dərinləşməsi, Rusiyaya diplomatik təsir imkanlarının - diaspora, regional iqtisadi təkliflərin artırılması, İranın təsirinin azaldılması üçün müsəlman dünyası ilə inteqrasiyanın dərinləşdirilməsi, Ermənistanın isə hücum silahlarından məhrum edilməsi lazımdır”.
Siyasi şərhçi Vüqar Dadaşov hafta.az-a bildirib ki, "Qisas" əməliyatından sonra Brüsseldə Ermənistan Baş naziri Nikol Paşinyanın və Azərbaycan prezidenti İlham Əliyev görüşünün səmərəli olacağına şübhə yoxdur. Onun fikrincə, sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizi, erməni silahlı qalıqlarının çıxarılması, sülh müqaviləsinin bağlanması istiqamətində müsbət irəliləyiş ola bilər.
V.Dadaşov qeyd edib ki, Azərbaycan dövlətinin siyasi və hərbi iradəsi qarşısında bu gün nə ABŞ və Fransanın Azərbaycandakı səfirlərinin Şuşaya səfərdən imtina etməsi, nə də İran rəsmlərinin çıxışları könül bulandırmaqdan başqa bir işə yaramır və təbii ki, Azərbaycanı qarşısına qoyduğu məqsədə çatmağa mane ola bilməz.
“44 günlük müharibədən öncə Ermənistan Azərbaycana qarşı güc nümayiş etdirərək "yeni müharibə, yeni ərazilər" tezisi ilə bizi hədələyirdi. İndi də İran müttəfiqi Ermənistan nümunəsini unudub. Əgər İran bu yanaşmanı və nəticəni görmək arzusundadırsa - buyursun!”
V.Dadaşov belə bir ərəfədə İranın gizlətmək istəmədiyi qəzəbini isterik şəkildə və həyacanla büruzə verdiyini önə çəkib.
“Heç bir formal və diplomatik qaydaları gözləmədən İran Xarici İşlər Nazirliyinin rəsmisi Azərbaycanı bütövlükdə İranın tərkibinə qatmağı təklif edir. Beynəlxaq siyasi və diplomatik praktikada xarici işlər qurumlarının və onu təmsil edən şəxslərin çıxışları xüsusi həssaslığı, diqqəti ilə fərqlənir. Bu normalar əsasən dövlətlərin xarici işlər qurumlarının mövqeyinin faktiki və praktik rəsmi dövlət mövqeyi kimi qəbul edilməsidir. Təbii ki, İran xarici işlər nazirliyinin rəsmisinin Azərbaycanın ərazi bütövlüyünə, dövlət müstəqilliyinə qarşı çıxması rəsmi İranın mövqeyidir.
Eləcə də, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Şuşa konfransında avqustun sonunda İlham Əliyevlə Nikol Paşinyanın Brüsseldə gözlənilən görüşü və danışıqların mövzusu barəsində, xüsusəndə "sülh müqaviləsinin mətni" haqqında açıqlaması fonunda İranın xarici işlər nazirliyi səviyyəsində Azərbaycana qarşı riyakar siyasətinin nümayişi bir faktı da sübut edir ki, İran zorla özünü Ermənistana müttəfiq, dost kimi sırımağa çalışır, regionda təklənməyindən çox qorxur. İranın nə etibarlı dövlət idarə sistemi, nə də ordusu var. Belə olmasaydı İsrail kəşfiyyat orqanları Tehranda İranın xüsusi xidmət orqanlarının içində atom mütəxəsislərini qətlə yetirməzdi, İran hava məkanını gündəlik pozan, açıq kəşfiyyat aparan İsrail hava qüvvələrinin qarşısını alardı. İranın Azərbaycan türklərinə çox əsirlik düşmənçilik, riyakar siyasətinin sonu onun Zəngəzurda Qafanda konsulluq açması ilə bitdi və İran özünü rəsmən Azərbaycana qarşı səngərdə olduğunu açıq nümayiş etdirdi”.