Oğurlanmış sənəddən istifadənin məsuliyyəti

00:21 31.01.2013
Yazını böyüt
Yazını kiçilt
Bakı şəhər sakini Svetlana Kazımova (ad şərtidir - red.) redaksiyamıza müraicət edərək əvvəllər tanımadığı bir şəxsin onun şəxsiyyət vəsiqəsindən qanunsuz şəkildə istifadə etməsindən şikayətlənir. Müraciətdə deyilir ki, tanımadığı bir qadın onun şəxsiyyət vəsiqəsinin surətini əldə edərək adından sui-istifadə edib.
Belə ki, bu şəxs Svetlana Kazımovanın sənədi əsasında mobil telefonların satışı mağazalarından 2 ədəd nömrə alıb. Bu nömrələri aldıqan sonra həmin qadın kişi cinsindən olan müxtəlif şəxslərə zəng edərək onlara intim xidmətlər təklif edib. Qəribədir ki, həmin qadın təsadüfi telefon nömrələrinə zəng etməklə tapdığı müştərilərə özünü məhz Svetlana Kazımova kimi təqdim edib.
Şikayətçi bildirir ki, qısa müddət ərzində polis orqanları tərəfindən aşkarlanan bu fakt nəticəsində başqasının adından istifadə edən şəxs məsuliyyətə cəlb olunub. Lakin bu fakt aşkarlandıqdan sonra şəxsiyyət vəsiqəsindən istifadə edilən, haqları pozulmuş Svetlana Kazımova da polis idarəsinə gətirilərək ondan 650 manat pul tələb olunub. Poli əməkdaşları onu şəxsiyyət vəsiqəsini etibarlı şəkildə saxlaya bilməməkdə günahlandırıblar.
Müraciətdə o da bildirilir ki, şəxsiyyət vəsiqəsinin başqasının əlinə keçməsinin tamamilə fərqli tərzdə baş verdiyi aidiyyəti polis orqanları tərəfindən araşdırılıb. Məlum olub ki, Svetlana Kazımova şəxsiyyət vəsiqəsini digər sənədləri ilə birlikdə əvvəllər tanıdığı bir şəxsə ümumvətəndaşlıq pasportu (xarici pasport - red) almaq üçün verib. Amma sənədin təxminən bir həftə ərzində tanışında qalması xarici pasport almaq arzusunda olan xanım üçün əlavə problem yaradır. Aidiyyəti üzrə polis idarəsinə çağrılan şəxsiyyət vəsiqəsinin sahibi məsələnin qanun çərçivəsində hansı şəkildə həll olunacağını bilmək istəyir.
"Həftə içi" vətəndaşın ehtiyatsızlıqdan üzləşdiyi bu problemin aradan qaldırılmasının hüquqi yollarına aydınlıq gətirmək məqsədilə ekspertlərin rəyini öyrənib. Bəri başdan deyək ki, Azərbaycan Respublikasının bütün qanunvericiliyi, o cümlədən Cinayət Məcəlləsinin vəzifələri ölkədə insanların hüquq və azadlıqlarını təmin etmək, vətəndaşların mülkiyyətini, iqtisadi fəaliyyətini, ictimai qayda və ictimai təhlükəsizliyi, həmçinin ətraf mühiti bütün növ zərərlərdən qorunmasına hər cür təminatlar yaradıb. Bu qanunların başlıca vəzifəsi vətəndaşların azad və sərbəst yaşamasını təmin etməklə yanaşı həm də onların həyat və fəaliyyətini cinayətkar qəsdlərdən qorumaqdan, cinayətlərin qarşısını almaqdan ibarətdir.

Cinayətə ağırlıq gətirən səbəb

Tanınmış hüquqşünas Müzəffər Baxışov bildirir ki, başqasına məxsus şəxsiyyət vəsiqəsindən və digər sənədlərdən istifadə etməyin özü qanun pozuntusudur. Onun fikrincə, əgər hər hansısa bir şəxs kiminsə vəsiqəsindən istifadə edərək cinayət törədirsə, o hökmən məsuliyyətə cəlb olunmalıdır: "Lakin o baxır, həmin cinayətin tərkibinə. Əgər kimsə başqasının şəxsiyyət vəsiqəsindən istifadə edərək hər hansısa bir telefonu və yaxud telefon nömrəsini alırsa, bunun üçün onu məsuliyyətə cəlb etmək mümkün deyil. Lakin şəxsiyyət vəsiqəsi ilə saxta yolla onun adına kredit götürürsə və yaxud maşın alaraq ona ziyan vurursa, bu nəticələrdən asılı olaraq cinayət məsuliyyətinə və və s. inzibati məsuliyyətə, hətta nəticələr ağır olarsa cinayət məsuliyyətinə cəlb oluna bilər. Nəticəni bilmədən onun hansı şəkildə cəzəlandırılacağı haqda məlumat vermək çətindir. Bunun üçün ilkin olaraq polis tərəfindən araşdırılma aprılmalıdır. Tutaq ki, kiminsə şəxsiyyət vəsiqəsindən saxta yolla kredit götürərək, onu ziyana salıb. Bunun üçün də həmin şəxs 7 ildən 12 ilə qədər azadlıqdan mərhum etməklə məsuliyyətə cəlb edilə bilər".
Hüquqşünas qeyd edir ki, bu o halda baş verə bilər ki, onun hərəkətləri sübuta yetirilmiş olsun. Onun sözlərinə görə, başqasının sənədindən istifadə etməklə dələduzluqda təqsirləndirilən şəxsin barəsində bir sıra saxta və qanunsuz hərəkətləri yerinə yetirməsi ilə bağlı faktlar aşkarlanıbsa, mütləq məsuliyyətə cəlb edilməlidir".

Məhkəməyə inanmaq olarmı?

Müzəffər Baxışov deyir ki, bütün hallarda özgəsinin sənədindən istifadəyə görə zərərçəkmiş vətəndaş bununla bağlı məhkəməyə müraicət edə bilər. Onun sözlərinə görə, zərərçəkən həm də şəxsiyyət vəsiqəsinin sahibinə dəymiş mənəvi ziyanın aradan qaldırılmasına dair məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir. Belə olduğu halda o haqlarının bərpa olunmasını təmin edə bilər: "Bütün hallarda kiminsə şəxsiyyət vəsiqəsinin oğurlanması və sahibinin icazəsi olmadan ondan istifadə etmək qanunla müəyyən olunmuş qaydalara görə məsuliyyət tələb edir. Vətəndaşın şəxsiyyətini müəyyən edən sənədin başqası tərəfindən oğurlanması Cinayət Məcəlləsinin 326-cı maddəsinə görə cinayət məsuliyyətinə xələl vuran əməl hesab oldunur. Ona görə də saxta hərəkətlərə əl atan hər bir şəxs həmin hərəkətlərin nəticələrinə görə məsuliyyətə cəlb olunmalıdır".
Həmsöhbətimiz vurğulayır ki, şəxsiyyət vəsiqəsinin sahibinin bu prosesdə iştirakı olmadan onu heç kim məsuliyyətə cəlb edə bilməz. Lakin bunun üçün dərindən araşdırılma aparılmalıdır. Onun sözlərinə görə, hər bir şəxsiyyət vəsiqəsini itirən şəxs dövlət rüsumu olaraq 15 manat cərimə edilə bilər. Əgər bu fakt bir başqası tərəfindən oğurlanma və istifadə edilmə hallarıdırsa, o zaman şəxsiyyət vəsiqəsini itirən şəxs yox, bunu edən şəxs məsuliyyətə cəlb olunmalıdır: "Bu proses araşdırıldıqdan sonra məsələnin cinayət tərkibi müəyyənləşdirilməlidir. Əgər hər hansısa bir şəxs kiminsə vəsiqəsini oğurlayırsa, o ən azından 1 il müddətinə azadlıqdan məhrum edilməlidir".
Hüquqşünas onu da qeyd edir ki, qəzetimizə müraciət edən vətəndaşın şəxsiyyət vəsiqəsindən əxlaqsız məqsədlər üçün istifadə edilməsi isə cinayət tərkiblidir. Onun sözlərinə görə, bu cinayətin tərkibi araşdırılmalı və müəyyənləşdirilməlidir. Əgər bu fakt təsdiqini taparsa və bu addım kiminsə fahişəliyə cəlb edilməsi üçün nəzərsə tutulubsa, o zaman ilkin mərhələdə həmin şəxs İnzibati Xətalar Məcəlləsinin 307-308-ci maddəsinə görə 40 manat cərimə olunmalıdır. Belə olduğu halda bu hadisəni törədən şəxs bununla da canını qurtara bilmir. Araşdırma aparılarkən zərər çəkən vətəndaşın şəxsiyyət vəsiqəsinin cinayət hadisəsində iştirakçı olduğu ortaya çıxarsa, o Cinayət Məcəlləsinə, digər hallarda isə mənəvi ziyanın ödənilməsi ilə bağlı mülkü icraat qaydasına uyğun iddia qaldıra bilər. Belə olduğu halda isə məhkəmə idddianı təmin etməlidir.

Obyektiv araşdırma əsas şərtdir

Digər hüquqşünas Əlövsət Əliyev isə hesab edir ki, hər bir şəxsiyyət vəsiqəsi itirilmiş və yaxud da şəxsiyyət vəsiqəsi kiminsə tərəfindən istifadə olunan vətəndaş ilkin olaraq yaşadığı rayonun ərazisində olan aidiyyəti polis idarəsinə müraciət etməlidir. Belə olan halda onun məsələsi həmin polis idarəsi tərəfindən araşdırılmalı və sözügedən şəxs barəsində qəti imkan tədbiri görülməlidir. Onun fikrincə, törədilən faktla bağlı araşdırma aparılarkən nəticəyə gəlmək mümkün olacaq ki, həqiqətən həmin sənəd itirilib, yoxsa bu cür qanunsuz vasitələrdən istifadə edilərək, ona qəsdən verilib. Belə olduğu halda kimlərsə tərəfindən bu faktı törədən şəxsə verildiyinə görə bu prosesdə iştirak edən hər bir kəs dindirilməlidir: "Yalnız bu halda şəxsiyyət vəsiqəsinin sahibi polis məsuliyyətinə cəlb oluna bilər. Bu da yalnız həmin şəxslər arasında razılaşma olduğunun aşkarlandığı halda mümkünləşə bilər. Əks halda şəxsiyyət vəsiqəsini itirməyə görə qanunla müəyyən qədər cərimə də nəzərdə tutulub".
Hüquq müdafiəçisi Novella Cəfərova isə bu məsələnin ciddi faktlardan ibarət olduğunu bildirir. Onun sözlərinə görə, məsələnin lazımı qaydada araşdırılmaması məsələni bu gün mübahisə mənbəyinə çevirir. Hüquq Müdafiəçisi qeyd edir ki, belə hal baş verdiyi anda qapalı qalsa belə bu hal polis orqanı tərəfindən aşkarlandığı ilk andan etibarən ətraflı şəkildə araşdırılma aparılmalı və zərərçəkənin şikayəti təmin olunmalıdır. Bununla yanaşı zərərçəkmişin hüququ var ki, sözügedən məsələ ilə bağlı məhkəmə qarşısında iddia qaldırsın və iddiasının tələbinin yerinə yertirilməsinə səy göstərsin. Belə olduğu halda məhkəmə tərəfindən aparılan araşdırma sübuta yetirəcək ki, şəxsiyyət vəsiqəsi oğurlanıb və kiminsə tərəfindən istifadə edilib. Bunun üçün isə qanunla müəyyən olunmuş qaydada məsuliyyətdən yaxa qurtarmaq mümkün deyil.

Pərvin İsmayılova

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
rubrikasından digər xəbərlər