2025-ci ildə ali təhsil müəssisələrinə qəbul planı 1,78 faiz artsa da, ərizələrin sayındakı 11,61 faizlik artım müsabiqə vəziyyətinin 9,62 faiz yüksəlməsinə səbəb olub.
Hafta.az xəbər verir ki, bununa bağlı Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi "Abituriyent" jurnalının 12-ci buraxılışında qeyd olunub.
Elmi-statistik materiallarda qeyd edilir ki, həmin ildə bütün ixtisas qruplarında rəqabət əvvəlki illə müqayisədə artıb.
Məlumata görə, ali təhsil müəssisələrinə ayrılmış plan yerlərinin 33,61 faizi I, 24,93 faizi II, 25,85 faizi III, 7,95 faizi IV, 7,67 faizi isə V ixtisas qrupunun payına düşür.
Statistikaya əsasən, ən yüksək müsabiqə vəziyyəti V ixtisas qrupunda qeydə alınıb. Bu qrupda hər yer uğrunda orta hesabla 27,78 namizəd mübarizə aparır. Sonrakı yerlərdə III ixtisas qrupu (1,93), II ixtisas qrupu (1,83), I ixtisas qrupu (1,62) və IV ixtisas qrupu (1,43) qərarlaşıb.
DİM-in təhlilində ixtisas qrupları üzrə qəbul planı ilə ərizələrin sayı arasında qeyri-tarazlığın olduğu da vurğulanır. Belə ki, V ixtisas qrupuna maraq olduqca yüksək olsa da, həmin qrupun ümumi qəbul planındakı payı nisbətən azdır. I və III ixtisas qruplarında isə əks vəziyyət müşahidə olunur.
Qeyd edək ki, I ixtisas qrupunda ən çox yer informasiya texnologiyaları, kompüter mühəndisliyi və informasiya təhlükəsizliyi, II qrupda biznesin idarə edilməsi, iqtisadiyyat və maliyyə, III qrupda sosial iş, xarici dil müəllimliyi və hüquqşünaslıq, IV qrupda tibb, V qrupda isə ümumi fiziki hazırlıq ixtisaslarına ayrılıb.