Ölkədə internetin sürəti "online" iş prosesini ləngidir

15:29 13.05.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Ölkədə koronavirusla bağlı karantin rejimi yumşaldılsa da təhsil və bir sıra xidmət sahələrində işlər hələ ki, "online" qaydada aparılır. Distant iş prosesi birbaşa internet resursları tələb etdiyi üçün bir çox hallarda problemlər yaranır. Tədris prosesində müəllimlər və tələbələr internetin sürətindən narazı qalırlar. Bildirirlər ki, provayderlərə müraciət etsələr də, problem öz həllini tapmır.

Mövcud vəziyyətlə bağlı bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova hafta.az-a bildirib ki, mütəxəssislərimiz istifadəçilərin fasiləsiz və sürətli internetə çıxışını təmin etmək məqsədilə şəbəkənin təkmilləşdirilməsi istiqamətində profilaktik tədbirlər həyata keçirirlər:

"Məlum olduğu kimi, COVID-19 pandemiyası dövründə ilə ölkədə, xüsusilə paytaxtda bir çox şirkətlər onlayn rejimdə fəaliyyət göstərir və dərslər onlayn qaydada keçirilir. Bununla əlaqədar genişzolaqlı şəbəkədə əhəmiyyətli dərəcədə trafik artımı müşahidə edilir. Bəzən seçdiyi xidmətlər və ya evində yerləşdirdiyi paylayıcı qurğular vətəndaşın bu müddət ərzində artan tələblərinə cavab vermir. Bununla yanaşı göstərilən xidmətlərin respublika üzrə fasiləsiz təmin edilməsi üçün magistral xətlərə daim nəzarət edilir. Fəaliyyət göstərən özəl internet provayderlərə həmişə olduğu kimi dəstək verilir. Onlara imkan yaradılır ki, müştərilərinə kəsintisiz internet xidməti göstərsinlər. Vətəndaşların internet xidmətindən istifadə etməsi və xidmətlərə qoşulması üçün bütün imkanlar yaradılır".

G. Gözəlova həmçinin qeyd etdi ki, eyni zamanda, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin şagirdləri üçün məsafədən tədris imkanlarının genişləndirilməsinə dəstək məqsədilə müəyyən güzəştlərin tətbiq olunması ilə əlaqədar mobil rabitə operatorlarına müraciət olunub:

"Təhsil Nazirliyi tərəfindən bu məqsədlə yaradılmış “Virtual məktəb” layihəsinə dəstək çağırışına artıq “Azercell” qoşulub. Şirkət “Virtual məktəb” portalı üzərindən qeydiyyatdan keçmiş və “Azercell” abunəçisi olan 25 mindən çox müəllim-pedaqoji heyətinin mobil nömrə balansına hədiyyə olaraq iki ay ərzində 10 AZN dəyərində 5 GB internet paketi yükləməklə təşəbbüsə öz dəstəyini verir".

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bildirdi ki, provayderlər verdiyi internetin sürətinə nəzarət etməlidir:

“Provayderlər və telefon qovşağı istifadəçiyə yüksək sürətli internet verməyə borcludur. Ümumiyyətlə, provayder hər bir şəraiti nəzərə almalı, yüksək göstəricilərə cavab vermək üçün monitorinq keçirməli, xətləri test etməli, antenalar, ötürücülər, həmçinin şirkətin ofisindəki internet ötürücü avadanlıqları yoxlamalı, yüksək vəziyyətə gətirməlidir. İstifadəçi internet çəkdirən zaman müəyyən sürət seçir və buna əsasən müqavilə hesablayır. Əgər istifadəçidən asılı olmayan səbəblərdən müqavilədə qeyd edilən və hər ay abunə haqqı ödənilən internet sürəti zəifləyir və ya kəsilirsə, istifadəçi buna görə provayderi məhkəməyə verə bilər".