Oppenheymerin laboratoriyasında radiasiya Çernobıl səviyyəsinə çatdı

10:24 28.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Amerika ordusunun İkinci Dünya Müharibəsində atom bombasının hazırlandığı Los-Alamos bölgəsində plutonium səviyyəsinin 1986-cı ildə nüvə fəlakəti ilə yadda qalan Çernobılın səviyyəsinə yaxın olduğu bildirilib.

Hafta.az-ın “Sourcenm”a istinadən yazdığına görə, Şimali Arizona Universitetindən Maykl Ketterer Nyu Meksiko ştatının Los Alamos bölgəsindən topladığı torpaq, su və bitki nümunələrinin analiz nəticələrini paylaşıb.

Bildirilib ki, Nuclear Watch New Mexico adlı layihə çərçivəsində aparılan araşdırmada nümunələrdə “çox yüksək səviyyədə” plutonium aşkar edilib.

Ketterer ABŞ-da ictimai bir yerdə bu qədər yüksək plutonium səviyyəsini ilk dəfə gördüyünü və bunun Çernobıl nüvə fəlakətinin baş verdiyi bölgədə tapılan səviyyələrlə müqayisə oluna biləcəyini bildirib.

ABŞ Energetika Departamentinə bağlı Los Alamos Milli Laboratoriyası 1943-cü ildə atom bombasının hazırlanması üçün həyata keçirilən Manhetten Layihəsi çərçivəsində yaradılıb. Laboratoriyadan çıxan tullantılar 1963-cü ilə qədər boru sistemi vasitəsilə yaxınlıqdakı kanyona axıdılıb. Laboratoriyanın çıxardığı çirklənməyə görə o, Acid Canyon adlanırdı.

Reaksiyalardan sonra Vaşinqton rəhbərliyi bölgənin 1980-ci illərə qədər 2 milyard dollarlıq sərmayə ilə təmizləndiyini və istifadə üçün təhlükəsiz olduğunu açıqladı.

Bununla belə, Ketterer bölgədə gəzinti üçün istifadə edilən müxtəlif yerlərdən götürülmüş nümunələrdəki plutonium səviyyələrinin həyəcanverici olduğuna diqqət çəkir. Plutoniumun su ehtiyatlarına qarışa biləcəyini bildirən alim bölgədəki çayların əksəriyyətinin Meksika körfəzinə axan Rio Qrande ilə birləşdiyini xatırladıb.

Ketterer radioaktiv maddənin meşə yanğını zamanı bitkilər tərəfindən udula, qidaya süzülə və ya küllə geniş əraziyə yayıla biləcəyini də bildirir və belə davam edir: "Radioaktiv izotoplar göz qabağında gizlədilir. Bu, radioaktiv izotoplardan biridir, həyatımda rastlaşdığım ən şokedici şeylərdir".

Nuclear Watch New Mexico şirkətinin direktoru Cay Kohlan da Los Alamosun radioaktiv materiallardan lazımi qaydada təmizlənmədiyini iddia edərək daha hərtərəfli təmizləmə tələb edir.

ABŞ Enerji Nazirliyindən verilən açıqlamada plutonium səviyyələrinin təhlükə yaradacaq səviyyədə olmadığı iddia edilir. Nazirlikdən bildirilib ki, nümunələr mütəmadi olaraq yoxlanılır və bölgədə təhlükəsizlik təmin edilir.