2021-ci ilin 11 ayında Azərbaycan bir milyon tondan artıq buğda idxal edib.
Bu fikirləri hafta.az-a millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib:
"Bu, məhz həmin idxal üçün 288 milyon dollara yaxın vəsaitin xərclənməsi anlamına gəlir. 2020-ci ilin 11 ayında 1,2 milyon ton buğda idxal olunmuşdu. Amma 1,2 milyon buğdaya 262 milyon dollar vəsait ödənilmişdi. Əslində rəqəmlərin müqayisəsi göstərir ki, idxal qiymətlərində artımlar var.
Bu da təbii ki, bütövlükdə daxili bazarda qiymət artımlarına gətirib çıxarıb. Təbii ki, biz qiymət artımlarının qarşısının alınması və optimallaşdırılması üçün bir neçə istiqamət üzrə tədbirlərin dərinləşməsini təklif edirik. Hesab edirik ki, taxıl istehsalı üçün subsidiya mexanizminə yenidən baxılması və taxıl istehsal edən fermerlərə daha çox subsidiyaların verilməsi məqsədəuyğun olardı. Nəzərə alsaq ki, taxıl, buğda strateji əhəmiyyət daşıyır.
Bu baxımdan daha məqsədəuyğundur ki, buğda istehsal edən fermerlər baxmayaraq ki, stateji məhsul olaraq daha çox subsidiya alırlar, amma həmin subsidiya məbləğinə baxılması və xüsusən də istehsal həcminə uyğun olaraq daha çox subsidiyanın təklif edilməsi məqsədəuyğundur.
Bu zaman xüsusən də keyfiyyət növündən asılı olaraq daha çox buğda yetişdirən fermerlərə daha çox subsidiya verilə bilər. Bu da nəticə etibarilə imkan verir ki, həm istehsalın genişləndirilməsinə nail olmaq mümkün olsun, həm də daxildə istehsal edilən buğda və taxılın xərcini azaltmaqla bütövlükdə qiymət artımlarının qarşısının alınması və bütövlükdə qiymətlərin optimallaşdırılması mümkün olsun. Digər bir məsələ ondan ibarətdir ki, işğaldan azad olunmuş ərazilərimizin taxıl istehsalı baxımından böyük potensialı var. Vaxtilə Füzuli, Ağdam və digər bir sıra işğaldan azad olunmuş rayonlarımız işğaladək taxıl istehsalında aparıcı rayonlar idi. Bu baxımdan həmin rayonlarımızda da taxıl istehsalının intensiv şəklə salınması, təşkil olunması və həmin ərazilərimizin yenidən aparıcı taxıl istehsal edən rayonlar sırasına cəlb edilməsi məqsədəuyğundir. Bu istiqamətdə də işlərin daha intensiv şəkildə həyata keçirilməsinə ehtiyac var. Təbii ki, mina prosesə təsir edən, mane olan əsas səbəblərdəndir. Əlbəttə, minalardan təmizlənmə prosesinə uyğun olaraq həmin əraziləriməzdə taxıl əkini sahələrinin salınmasına ehtiyac var ki, bütövlükdə yerli istehsal hesabına taxıl fondunu genişləndirmək mümkün olsun”.