Övladlığa götürməyə icazə verilməyən xəstəliklər hansılardır? - Sualınız varmı

10:40 05.06.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

- Vərəm (aktiv və xroniki) - lokalizasiyasından asılı olmayaraq, I, II və V qrup dispanser qeydiyyatında olan xəstələr, daxili orqanların, sinir sisteminin, dayaq-hərəkət aparatının xəstəlikləri - dekompensasiya mərhələsində olan xəstələr
bədxassəli onkoloji xəstəliklər – III və IV mərhələ, narkomanlıq, toksikomanlıq, xroniki alkoqolizm, infeksion xəstəliklər - dispanser qeydiyyatından çıxarılana qədər olan xəstələr, ruhi xəstəliklər - məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərə övladlığa uşaq götürməyə icazə verilmir.

***

Vətəndaş  mülkiyyətində olmayan avtomobili Etibarnamə ilə idarə edirsə, ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət edə bilərmi?

- Mövcud qaydalara əsasən, ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla) sosial yardımın təyin olunmasından imtina edilir.

***

- Çoxnövbəli iş qrafiki ilə çalışan şəxsin iş günü bayram gününə təsadüf edən zaman onun əməkhaqqı hansı qaydada ödənilir?

- Çoxnövbəli iş qrafiki ilə çalışan şəxsin iş günü bayram gününə təsadüf edən zaman onun əməkhaqqı aşağıdakı qaydada ödənilir:

Əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla;

Əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;

Aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.

***

- Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər neçə gün ərzində və hansı qaydada olduğu yer üzrə qeydiyyata alınmalıdırlar? 

- Azərbaycan Respublikası ərazisində 15 gündən artıq qalmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər ölkəyə daxil olduğu vaxtdan 15 gün ərzində, elektron qaydada (Xidmətin rəsmi internet səhifəsinin - www.migration.gov.az – “Elektron xidmət” pəncərisində yerləşdirilmiş “olduğu yer üzrə qeydiyyata alınma” bölməsinə daxil olmaqla) və ya regional miqrasiya idarələrinə, həmçinin "ASAN xidmət" mərkəzlərinə birbaşa müraciət etməklə qeydiyyata düşməlidirlər.

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, yeni olduğu yerə gəldiyi vaxtdan 5 iş günü ərzində bu Məcəllənin 21.2–21.5-ci maddələrində nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə (yaşayış sahəsində) müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmur.

***

- Əlilliyi olan şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirdiyi halda müavinətin ödənilməsi hansı qaydada həyata keçirilir?

- İşləyən əlilliyi olan şəxslərə (müharibə ilə əlaqədar əlilliyi olan şəxslərdən başqa) əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, istehsalat qəzası və peşə xəstəliyindən başqa qalan hallarda, ardıcıl və yaxud təkrar xəstələnmə zamanı təqvim ilində altı aydan çox olmamaq şərti ilə verilir.
Əgər işləyən əlilliyi olan şəxsin əmək qabiliyyətinin müvəqqəti itirməsi istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində baş vermişsə, onda müavinət, xəstə sağalanadək, yaxud da istehsalat qəzası və ya peşə xəstəliyi ilə bağlı əlillik dərəcəsi və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu yenidən müəyyən edilənədək verilir.
İşləyən əlilliyi olan şəxslərə (vərəm xəstəliyi olan əlilliyi olan şəxslərdən başqa) vərəm xəstəliyi ilə xəstələndikdə əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət sağalanadək və ya vərəmlə xəstələnmə nəticəsində əlillik dərəcəsi və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu yenidən müəyyən edilənədək, lakin 12 aydan artıq olmamaq şərtilə verilir.

Oxunma sayı 2236