Özbəkistanda 61 nazirlik və komitənin sayı 28-Ə ENDİRİLDİ

14:45 24.12.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Özbəkistan prezidenti Şavkat Mirziyoyev bu yaxınlarda 2023-cü ildə inzibati sistemdə islahatlar aparılacağını və hökumətin iş tərzinin köklü şəkildə dəyişdiriləcəyini bəyan etdikdən sonra nazirlik və dövlət qurumlarının sayını kəskin şəkildə azaltmaq qərara alınıb.

Hafta.az-ın yazdığına görə, prezident Ş.Mirziyoyevin dövlət idarəçiliyində struktur islahatları ilə bağlı imzaladığı fərmanla 2023-cü il yanvarın 1-dən hökumətə tabe olan nazirlik və dövlət qurumlarının sayının 61-dən 28-ə endirilib. Müvafiq olaraq, mövcud 25 nazirlikdən 4-ü ya ləğv edilib, ya da digərlərinə birləşdirilib, 20 dövlət qurumu isə ləğv ediləcək.

Fərmana əsasən, yeni ilin ilk günündən nazirlikləri və dövlət qurumlarını özündə birləşdirən, peşəkar idarəetmə prinsiplərinə əsaslanan və səmərəliliyə yönəlmiş sistem yaradılacaq. Nazirliklərdə və dövlət qurumlarında rəhbər işçilər də daxil olmaqla, inzibati işçilərin sayı 30 faiz ixtisar ediləcək.

Məsələn, hazırda baş nazirin 8 müavini və 3 müşaviri var. Yeni ildən yalnız 4 müavin vəzifəsi saxlanılacaq, qalan 4 müavin və 3 müşavir postu ləğv ediləcək. Bundan əlavə, indiki Nazirlər Kabineti İcra Aparatının 269 işçisi arasından seçilən 120 nəfərdən ibarət Katiblik yaradılacaq, qalan 179 işçi ixtisar ediləcək. 

Nazirlik və dövlət qurumları yenidən strukturlaşdırılaraq onların yerinə İnvestisiya, Sənaye və Ticarət Nazirliyi, İqtisadiyyat və Maliyyə Nazirliyi, Mədən və Geologiya Nazirliyi, Tikinti, Mənzil İnşaatı və Sosial Xidmətlər Nazirliyi, Məşğulluq və Yoxsulluğun Azaldılması Nazirliyi, Ali Təhsil, Elm və İnnovasiya Nazirliyi, Məktəbəqədər və Məktəb və Təhsil Nazirliyi, Təbii Sərvətlər Nazirliyi, Gənclər Siyasəti və İdman Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Su İşləri Nazirliyi, Rəqəmsal Texnologiyalar Nazirliyi, Ədliyyə Nazirliyi, Nəqliyyat Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Müdafiə Nazirliyi, Energetika Nazirliyi, Səhiyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi yaradılacaq.

Qeyd edək ki, prezident Ş.Mirziyoyev 2022-ci ili qiymətləndirmək və 2023-cü il perspektivlərini izah etmək üçün dekabrın 20-də parlamentdə çıxışı zamanı yeni ildə idarəetmə sistemində islahatlar aparılacağını və daha səmərəli sistemin yaradılacağını bildirmişdi. Dövlət başçısı mövcud nazirlik və dövlət qurumlarının sayının 61-dən 28-ə endiriləcəyinin anonsunu da vermişdi.

Siyasət rubrikasından digər xəbərlər