Özbəkistanın Büdcədənkənar Pensiya Fondu ilə təcrübə mübadiləsi aparılır

11:34 08.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Özbəkistanda səfərdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov həmin ölkənin maliyyə nazirinin müavini Cəmşid Abruyevlə görüşüb.

Nazirliyin İctimaiyyətlə əlaqədar şöbəsindən hafta.az-a verilən məlumata görə, görüşdə DSMF ilə Özbəkistan Respublikasının Maliyyə Nazirliyi yanında Büdcədənkənar Pensiya Fondu arasında perspektiv əməkdaşlıq və ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib.

DSMF sədri Büdcədənkənar Pensiya Fondunun icraçı direktoru Əbdüləziz Haydarovla da görüşüb.

Görüşdə sosial sığorta və sosial təminat sahəsində son illərdə ölkəmizdə aparılan islahatlar barədə məlumat verilib. Bu sahədə innovativ yeniliklər, əhaliyə elektron infrastruktur üzərindən göstərilən proaktiv xidmətlər, sığorta-pensiya sistemi və əhalinin sosial təminatı sahəsində prioritet hədəflər diqqətə çatdırılıb.

Büdcədənkənar Pensiya Fondunun icraçı direktoru əhalinin sosial sığortası və sosial ödənişlərlə təmin edilməsi sahəsində Azərbaycanın qabaqcıl təcrübəsinin Özbəkistanda tətbiq edilməsində maraqlı olduqlarını bildirib.

Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədrinə Özbəkistanın pensiya və sosial sığorta sistemi barədə məlumat verilib. Yaxın gələcəkdə iki qurum arasında əməkdaşlığın genişləndirilməsinə dair Niyyət Protokolunun imzalanması təklif edilib.

Səfər çərçivəsində fondun nümayəndə heyəti Özbəkistanın Dövlət Xidmətləri Mərkəzində sosial sahədə əhaliyə göstərilən xidmətlərlə tanış olublar.