Azərbaycanda özəl orta məktəblər təhsilhaqqını artırıblar. Bu barədə sosial şəbəkələrdə övladları özəl təhsil müəssisələrində oxuyan valideynlər məlumat paylaşıblar. Onların sözlərinə görə, yeni tədris ili üçün təhsil qiymətləri təxminən 20-30 faiz artırıb.
Bəs, görəsən, bu artımlar nə dərəcədə əsaslıdır? Ümumiyyətlə, özəl məktəblərdə xidmətin keyfiyyəti müəyyən olunmuş təhsilhaqqına adekvatdırmı? Təhsilhaqqı artımı ali məktəblərdə də gözlənilirmi?
Məsələni qəzetimizə şərh edən təhsil eksperti Kamran Əsədov deyib ki, qiymətlər əslində tələb və təklif əsasında müəyyənləşdirilməlidir: “Hazırda Azərbaycanda 4432 dövlət orta ümumi təhsil məktəbi var. Bu məktəblərdə 1,6 milyon şagird təhsil alır. Azərbaycanda özəl orta ümumi təhsil məktəblərinin sayı 31-dir, ümumi şagird sayı isə 3 min nəfərdən artıq deyil. Əslində, dövlət məktəbləri üçün büdcədən ayrılan maliyyəyə baxsaq, o, da heç aşağı rəqəm deyil. Dövlət məktəblərində biz, sanki təhsil pulsuzdur kimi qəbul etmişik. Əslində, dövlət bunun üçün kifayət qədər pul xərcləyir. Ölkədə təhsilin saxlanması üçün dövlət büdcəsindən bu il 4,4 milyard manat vəsait ayrılıb. Özəllər isə bu vəsaiti almırlar. Özəl təhsil xidməti göstərən müəssisələrdə bütün xərclər şagird sayına bölünür və xidməthaqqı müəyyənləşdirilir. Bu gün Azərbaycanda ən ucuz özəl orta ümumi təhsil məktəbinin xidməthaqqı 5 min manatdır, ən baha isə 42 min dollardır. Dövlət müəssisələri dövlət tərəfindən təsdiq olunmuş xidmətləri göstərir. Amma özəl müəssisələrdə əlavə xidmətlər göstərilir. Məsələn, günorta yeməyi, ev tapşırıqlarının məktəbdə edilməsi və s. Əgər bina özünündürsə, qiymətlər nisbətən ucuz olur. Yox, bina icarədirsə, o da xidməthaqlarına təsir göstərir”.
K. Əsədov bildirir ki, ölkədə özəl məktəblərin təhsil haqları kifayət qədər yüksəkdir: “Misal üçün, İstanbulda 7 min məktəb var, onlardan 3500-ü özəldir. Azərbaycanda say aşağı olsa da, qiymət yuxarıdır. Ölkədə ən bahalı universitet ADA hesab olunur, amma bakalavr pilləsi üçün 6500 manat illik təhsilhaqqı var. Bu, artıq ali təhsil diplomu verir. Hər hansı diplom verməyən orta məktəbin illik təhsilhaqqı kifayət qədər yüksəkdir - orta hesabla 7-9 min manat arasında dəyişir. Bu məktəblərin qəbul imtahanlarının nəticələrini müqayisə edəndə, Neftçala rayonu Xıllı qəsəbə 1 saylı kənd orta məktəbinin ali məktəbə qəbul və olimpiada nəticələri 7 min manat təhsilhaqqı olan bir çox özəl təhsil məkəblərindən daha yaxşıdır və ya hər hansı xidmət haqqı almayan “Dəyanət” liseyi, Biləsuvarda Mübariz İbrahimov adına lisey və ya Z.Əliyeva adına liseyin nəticələri kifayət qədər yuxarı xidməthaqqı alan məlktəblərdən daha yaxşıdır. Fərq isə odur ki, özəl məktəblər IB, SAT, TOEFL, İELTS və digər imtahanlardan keçə biləcək mütəxəssis hazırlayırlar. Onlarda digər bacarıqlar olmur. Əslində, ölkədə özəl məktəblərin illik təhsilhaqları 4 min manatı keçməməlidir. Bizə daxil olan məlumatlara görə, 2023-cü ilin sentyabrından özəl məktəblər 20 faizdən 60 faizədək xidmət haqqını artıracaqlar. Bunu ölkədəki ümumi inflyasiya ilə əlaqələndirirlər. Özəl məktəblər xidmətlərinə görə xidməthaqqı müəyyən edirlər, lakin bu da reallığı əks etdirmir. Bina özündən olmaqla, müəlimlərin alacaqları əməkhaqları da nəzərə alınmaq şərti ilə, hesab edirəm ki, heç bir halda Azərbaycanda özəl məktəbin illik təhsilhaqqısı 4 min manatdan çox ola bilməz”.
Onun sözlərinə görə, Azərbaycanda özəl orta məktəblərlə yanaşı, universitetlərdə də təhsil haqqı yüksəkdir: “Müqayisə edəndə görürük ki, ali məktəblərdə təhsil haqqı ölkə əhalisinin böyük hissəsinin gəliri ilə müqayisədə çox yüksəkdir. Nəinki ölkə əhalisinin gəliri, qonşu dövlətlərin ali təhsil müəssisələrində qüvvədə olan təhsil haqqı ilə müqayisədə də Azərbaycan universitetləri daha bahalıdır. Ona görə də ali məktəblərdə oxumaq şansı əldə edən, ancaq ödənişsiz təhsil üçün cəmi bir neçə balı çatmayan xeyli gənc maddi çətinlik ucbatından bu imkandan yararlana bilmir. Ali təhsil müəssisələrində kadr hazırlığı həyata keçirildiyi ixtisaslar üzrə təhsil haqları ona sərf olunan xərclər smetası əsasında müəyyən olunur. Bir il ərzində tədris olunan fənlərə görə müəllimlərə ödəniləcək əmək haqqı, sərf olunacaq bütün resurslar hesablanaraq təhsil haqqı müəyyən olunur. Tələbənin təhsil müəssisələrinə ödənilməsi nəzərdə tutulan təhsilhaqqına, hətta universitetin saxlanması üçün nəzərdə tutulan, layihələrin həyata keçirilməsi üçün zəruri olan xərclər də daxildir. Yeni ixtisaslar üzrə müəyyən edilmiş təhsil haqlarında müxtəlif təhsil haqları ixtisaslar üzrə plan yerlərinin sayı da təsir göstərir. Xarici ölkələrdə fəaliyyət göstərən universitetlərdə isə bu, adambaşına düşən xərclər smetası əsasında müəyyən edilir. Məhz buna görə də Azərbaycan universitetlərinin təhsil haqqı dünyanın 1 000 universitetindən bahadır. Keyfiyyət isə onlardan dəfələrlə aşağıdır".
Ekspert bildirir ki, yeni tədris ilindən ali məktəblərdə də təhsilhaqqı artımı gözlənilir: “Təbii ki, ölkədə inflyasiya səviyyəsi artdıqca xərclər də artır. Azərbaycanda da ali məktəblər əsasən, tələbələrin ödədiyi təhsil haqqı hesabına xərclərini qarşıladıqlarından yeni tədris ilində təhsil haqqı artımı gözləniləndir. Biz dövlət ali məktəblərində bu artımın 100-200 manat, özəl təhsil müəssisələrində isə 300-400 manat civarında olacağını gözləyirik”.