Pakistan Quru Qoşunları Komandanı general Kamer Cavid Bajvanın dövründə ailə üzvlərinin milyardlarla Pakistan rupisi dəyərində sərvət əldə etdiyinə dair iddialar ölkə gündəmini qarışdırıb.
Hafta.az-ın yazdığına görə, ölkə rəhbərliyi məsələnin ölkə mətbuatında əks-səda doğurmasından sonra Bajvanın sərvəti ilə bağlı sızdırılan sənədləri araşdırılacağını açıqlayıb. Maliyyə naziri İshak Darın bazar ertəsi verdiyi açıqlamaya görə, Bacvanın ailə üzvlərinin vergi məlumatlarının qeyri-qanuni şəkildə sızdırılması ilə bağlı araşdırma başlayacaq.
Qeyd edək ki, Pakistanda fəaliyyət göstərən "Fact Focus" xəbər saytı bu yaxınlarda Bajvanın 2016-cı ildə Quru Qoşunları Komandanı vəzifəsinə təyin olunmasından bəri ailə üzvlərinin milyonerə çevrildiyini açıqlayıb. Xəbərə görə, Bacvanın həyat yoldaşı və digər ailə üzvləri 2016-cı ildən etibarən daşınmaz əmlak və neft sektorlarına ciddi investisiyalar qoyub, xaricə pul köçürmələri edib.
Bu arada, general Bacvanın noyabrın sonunda təqaüdə çıxacağı gözlənilir.
Xatırladaq ki, bir neçə il əvvəl Bacva ailəsinin üzvü Asım Salim Bacva ABŞ-da fond yaratdığına dair iddialar səslənildiyini əsas tutaraq keçmiş baş nazir İmran Xanın xüsusi müşaviri vəzifəsindən istefa vermişdi.
Onu da qeyd edək ki, Pakistanda ordunun hakimiyyət üzərində böyük təsiri var. Pakistan müstəqillik qazandıqdan sonra ordu dəfələrlə hökumətlərə birbaşa müdaxilə edib.