Pakistanda barəsində həbs qərarı çıxarılan keçmiş baş nazir İmran Xanın çıxışlarının televiziya kanallarında yayımlanması qadağan edilib.
Hafta.az-ın yazdığına görə, Pakistan Elektron Media Tənzimləmə Təşkilatı (PEMRA) keçmiş baş nazir İmran Xanın çıxışlarının dərc olunmasını və ya canlı yayımını yasaqladığını açıqlayıb.
PEMRA-nın açıqlamasına əsasən qadağanın səbəbi “İmran Xanın dövlət qurumları və rəsmilərinə qarşı təxribat xarakterli açıqlamaları, nifrət dolu çıxışlar yayması və əsassız iddialar irəli sürməsi” olub.
Qeyd edək ki, ötən günlərdə Pakistan polisi axtarış məqsədilə İmran Xanın evinə basqın etmişdi.
İmran Xanın rəhbərlik etdiyi Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) rəsmiləri PEMRA-nın qərarına kəskin reaksiya verib.
Xatırladaq ki, İslamabad administrasiyası ötən müddətdə vəzifəsindən uzaqlaşdırılan Pakistanın keçmiş baş naziri İmran Xanın həbsinə qərar verib. O, vəzifədə olduğu müddətdə aldığı hədiyyələrin satışından qazandığı gəliri bəyan etməməkdə ittiham olunur.