Pakistan xalqının qorxduğu başına gəldi: ölkənin ən iri gölü olan Mançar musson yağışlarını özündə tuta bilməyib daşıb.
Hafta.az-ın yazdığına görə, ABŞ Aerokosmik Agentliyi (NASA) 25 iyul, 28 avqust və 5 sentyabr tarixlərində Mançar gölünün fotolarını paylaşmışdı. Həmin fotolarda 25 iyulda göldə heç bir fərq olmasa da, 28 avqust və 5 sentyabrda su səthinin xeyli genişləndiyi məlum olmuşdu.
NASA rəsmiləri, göl daşdıqdan sonra axın yolundakı yüzlərlə kənddə yaşayan təxminən 100 min insanın sel təhlükəsi ilə üzləşdiyini bildirib.
Pakistan Milli Fəlakətlərin İdarəetmə Agentliyinin (NDMA) məlumatına görə, 14 iyundan bəri davam edən yağışlar nəticəsində 499-u uşaq və 280-i qadın olmaqla 1396 nəfər həlak olub, 12728 nəfər yaralanıb.
Yağışlar nəticəsində 1 milyon 743 min 345 evə ziyan dəyib, onlardan 568817-si tamamilə dağılıb.
Ümumilikdə 6674 kilometr yol, 269 körpü dağıdılıb, 750 mindən çox ev heyvanı tələf olub.
Yağışlardan 33,4 milyon insan zərər çəkib, 634749 nəfər hazırda çadır şəhərciklərində yaşayır.