Pambıq ən yaxşı halda ildə bizə 100-120 milyon dollar gəlir gətirir - Ekspert

15:49 19.08.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Pambığın strateji məhsul elan edilməsinin əleyhinəyəm. Pambığı istehsal edirik ki, bizə valyuta gətirsin. Amma pambıq ən yaxşı halda ildə bizə 100-120 milyon dollar gəlir gətirir. Buna rəğmən hökümət manatın saxlanılması üçün ildə 1,5-2 milyard dollar xərc cəkir. Hətta 2015-ci ildə bir ay ərzində 2 milyard dollar əridi. Bunun qarşısında pambığın gətirdiyi 100 milyon dollar nədir ki?”.

Bu fikirləri hafta.az-a açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli bildirib.

Ekspert vurğulayıb ki, hazırda Bərdə rayonundan başqa heç bir rayonda keyfiyyətli pambıq istehsal edilmir:

“Ola bilsin ki, bəzi fermerlər pambıq əkməkdə maraqlıdırlar. Çünki pambıqçılığın inkişafı dövlət tərəfindən dəstəklənir, subsidiya verilir və s. Fermerlər də həvəslənirlər. Dövlət dollar hesabına manatın məzənnəsini necə qoruyursa, subsidiya hesabına da fermer elə əldə saxlanılır. Yəni, artıq hər bölgədə bu şəraitə uyğunlaşan bir seqment yaranıb. Ümumiyyətlə, biz yaxşı pambıq istehsal ediriksə, onu niyə ixrac edirik ki? Elə daxildə istehsalata yönəldərik də. Qonşu Türkiyədə, Türkmənistanda trikotaj təcrübəsi var. Onların təcrübəsini tətbiq edib Azərbaycanda yüksək keyfiyyətli pambıq parça istehsal etmək olar. Bu gün dünya bazarında pambıq parçaya yüksək tələbat var. Söhbət keyfiyyətli pambıq parçadan gedir. Niyə bu istiqamətdə iş görmürük? Ona görə ki, o texnologiyalar Azərbaycan pambığından yüksək keyfiyyətli məhsul əldə etməyə imkan vermir.Çünki pambığın keyfiyyəti aşağıdır. Məsələn, Azərbaycan pambığının 1 tonundan əldə edilən lif Fərqanə pambığının 200, Misir pambığının 250 kiloqramından əldə olunur. Pambıqçılığın dünyada qızıl qaydası var. Bir pambıq sortu var və adı Qossipium Barbadenzedir. Bu ən yüksək lif çıxımlı pambıq sortudur. O pambıq sortu hansı iqlimdə yetişirsə, məhsuldarlıq yüksək olursa, ora məhz pambıqçılıq üçün münbit şəraitin olduğu yer hesab edilir. Bizdə bu sort yalnız Bərdədə yetişir. Bərdə də məhdud bir rayondur. Bu sortun digər ərazilərdə yetişməməsi bir daha göstərir ki, bizdə torpağın keyfiyyəti pambıq üçün münbit deyil.Hesab edirəm ki, pambığa qoyduğumuz vəsaiti başqa sahələrə qoysaydıq, daha müsbət nəticələr əldə edə bilərdik”.

Xatırladaq ki, pambıqçılığın inkişafı dövlət tərəfindən dəstəklənir. Hazırda təhvil verilən pambığın hər tonuna görə fermerlərə 100 manat subsidiya ödənilir. Bundan başqa, fermerlər pambıq əkdikləri sahənin hər hektarına görə 260 manat əkin subsidiyası alırlar. Bu ildən həm də pambığın alış qiyməti artırılıb. Belə ki, pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər məhsul yığımı ərəfəsində pambığın alış qiymətinin artırılması barədə qərar qəbul ediblər. Şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2021-ci ilin məhsulu üçün 1-ci növün qiyməti 650 manatdan 700 manata, 2-ci növün qiyməti 630 manatdan 680 manata, 3-cü növün qiyməti 590 manatdan 640 manata, 4-cü növün qiyməti 550 manatdan 600 manata qaldırılıb. Bu qərar fermerlərin məhsul istehsalına həvəsləndirilməsi üçün qəbul olunub.

Məlumat üçün onu da qeyd edək ki, 2020-ci ildə Azərbaycanda 336 min tondan artıq pambıq istehsal olunub, pambıq üzrə orta məhsuldarlıq 33,6 sent/ha təşkil edib. Bu, son illər pambıqçılıqda qeydə alınan ən yüksək məhsuldarlıqdır.