Paris “Könüllülər koalisiyası”nın yeni hərbi təlimlərini elan edib

23:07 16.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransa yaxın vaxtlarda Ukrayna ilə həmsərhəd ölkələrdə “Könüllülər koalisiyası” çərçivəsində hərbi təlimlərin keçiriləcəyini açıqlayıb. Təlimlərin məqsədi Kiyevə dəstək üçün hazırlanan mümkün yerləşdirmə planlarını sınaqdan keçirmək və koalisiyaya üzv ölkələrin əməliyyat hazırlığını nümayiş etdirməkdir.

Hafta.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Paskal Konfavrö mətbuat konfransında bildirib.

Qeyd edib ki, bu manevrlər iştirakçı ölkələrin quru, dəniz və hava qüvvələrinin hazırlığını və etibarlılığını nümayiş etdirmək məqsədi daşıyır.

Onun sözlərinə görə, son dövrdə Moldova və Şimali Makedoniyanın qoşulması ilə “Könüllülər koalisiyası” daha da genişlənib.

Hazırda koalisiya təkcə Avropa ölkələrini deyil, həm də Avropadan kənar dövlətləri bir araya gətirir. Bu ölkələr Ukraynada atəşkəsin təmin olunması, eləcə də ədalətli və davamlı sülhün əldə olunması istiqamətində fəaliyyət göstərmək əzmində olduqlarını bəyan edirlər.

Paskal Konfavrö, həmçinin doqquz Avropa ölkəsini və müdafiə sənayesi şirkətlərini birləşdirəcək “antiballistik koalisiya”nın yaradıldığını elan edib.

O bildirib ki, təşəbbüsün məqsədi Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirməkdir. Sözçü əlavə edib ki, Fransa Kiyev üçün nəzərdə tutulan bəzi Fransa istehsalı müdafiə məhsullarının lisenziya əsasında istehsalına icazə verib.

Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi Ukraynanın 16 ədəd “Rafale” döyüş təyyarəsi almasına dair razılaşmanın əldə olunduğunu da açıqlayıb. O qeyd edib ki, bu müqavilə gələcəkdə ümumilikdə 100 Rafale təyyarəsinin alınmasını nəzərdə tutan daha geniş proqramın tərkib hissəsidir.

Rusiyaya münasibətdə danışan Konfavrö bildirib ki, Fransa Avropa İttifaqının Rusiyaya qarşı 21-ci sanksiyalar paketini yaxın vaxtlarda qəbul edəcəyinə əmindir. O, həmçinin Fransadakı Rusiya səfirinin Xarici İşlər Nazirliyinə çağırıldığını təsdiqləyib.

Fransa bu addımı Rusiyanın bir sıra Avropa ölkələrinə, o cümlədən Fransaya qarşı həyata keçirdiyi iddia olunan genişmiqyaslı kibersabotaj və casusluq kampaniyası ilə əlaqələndirir.