Bakının Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən və bu ilin yanvarın 2-də partlayış baş verən çoxmərtəbəli yaşayış binasının sakinləri şikayətçidirlər. Hafta.az-a müraciət edən sakinlər bildiriblər ki, partlayışdan sonra binaya qazın, suyun, işığın verilməsi bərpa olunsa da, yararsız hala düşmüş lift hələ də təmir olunmayıb. Bu səbəbdən 17 mərtəbəli binanın sakinləri mənzillərinə piyada qalxıb-enmək məcburiyyətində qalıblar.
Binanın komendantı problemlə bağlı sakinlərə bildirib ki, liftin işləməsi vətəndaşlardan asılıdır və əgər onlar əlavə vəsait yığarlarsa, lift təmir edilərək sakinlərin ixtiyarına veriləcək. Bina sakinləri bununla razılaşmırlar və deyirlər ki, hər ay cari xərclərin qarşılanması üçün bina idarəedicilərinə böyük məbləğdə “xidmət pulu” ödəyirlər. Liftin təmiri də həmin vəsait hesabına qarşılanmalıdır. Amma binanı tikən MTK bundan boyun qaçırır.
Xatırladaq ki, partlayış nəticəsində 1 nəfərin dünyasını dəyişdiyi, 4 nəfərin xəsarət aldığı çoxmərtəbəli bina “ŞAİQ” MTK-ya məxsusdur.
Mövzu ilə bağlı əmlak eksperti Elnur Fərzəliyev bizimlə söhbətində bildirib ki, hər ay həm köhnə, həm də yeni tikili binalarda yaşayan sakinlər aidiyyəti qurumlara “xidmət pulu” ödəyirlər:
“Sakinlərin "kommunal pulu” adlandırdığı bu məbləğ köhnə binalarda elə də yüksək deyil və ildə bir dəfə olmaqla təxminən 18-20 manat “jek”ə ödənilir. Amma çoxmərtəbəli binalarda sakinlər bu vəsaiti aylıq ödəyirlər və həmin vəsait də aylıq ortalama mənzilin kvadratından asılı olaraq 60,100,140 manat və daha çox olur. Həmin vəsait də binanın idarəediciləri tərəfindən toplanır. Bildiyiniz ki, köhnə binalardan fərqli olaraq yeni tikililərdə idarəetmə fərqlidir və bu tikililər hansısa qurumun balansında deyillər. Belə binanı ya komendant sistemi ya da sakinlərin formalaşdırdığı mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti idarə edir. Əslində Mənzil Məcəlləsinin 109.5-ci maddəsində qeyd edilir ki, "Kooperativ binanın tikintisi və yenidən qurulması tam başa çatdıqdan, həmin binada mövcud olan bütün yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ qanunvericilikdə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra, altı ay ərzində mənzil-tikinti kooperativi qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir. Elə həmin məcəlləyə əsasən, "Yeni binalarda daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədilə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Bu isə o deməkdir ki, bina istifadəyə verildikdən 6 ay sonra idarəetmədə həmin tikilidəki mənzil sahibləri də iştirak etməlidirlər. Təəssüf ki, bu qaydalara tam əməl edilmir. Reallığa baxsaq görərik ki, bu qurumların sayı yeni tikilən binalarda təxminən 10 faiz təşkil edir. Əksər binalar komendant sistemi ilə idarə olunur. Adətən vətəndaşlardan yığılan aylıq “xidmət haqqı” kimlərinsə cibinə gedir. Əslində hər bir çoxmənzilli binanı idarə edən qurumun büdcəsi olmalıdır. Belə fors-major hallarda da dəymiş ziyan vətəndaşların vəsaiti ilə deyil, ümumi büdcədən qarşılansın. Onsuz da onların büdcəsi vətəndaşdan alınan aylıq “xidmət haqqı” hesabına formalaşır. Bu kimi hadisələr baş verəndə də idarəedən qurum bütün xərcləri qarşılamağa borcludur”.
Ekspert həmçinin bildirib ki, Azərbaycanda daşınmaz əmlakın sığortalanması təcrübəsi zəif inkişaf etdiyindən hansısa fövqalədə hadisə baş verərək ən böyük zərər vətəndaşa dəyir: “Qanunvericiliyə görə, Bakı şəhərində hansısa mənzildə qeydə alınmış sığorta hadisəsi 25 min manata qədər qarşılanır. Bununla bağlı illik sığorta haqqı isə 50 manatdır. Amma təəssüflər olsun ki, vətəndaşlar bu məsələyə maraq göstərmirlər. Eyni zamanda, mənzillərlə bərabər yaşayış binalarının özləri də sığortalanmalıdır. Bizdə binaların da sığortası olmadığına görə belə hallarda xərclər yenə vətəndaşın üzərinə yüklənir”.
Partlayış hadisəsi baş verən bina Binəqədi rayonu ərazisində yerləşdiyindən sakinlərin şikayəti ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən də münasibət öyrəndik. Qurumun İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Amal Əsgərov bildirdi ki, problemin həlli MTK ilə sakinlər arasında baş tutmalıdır: “Bununla bağlı bildiririk ki, qəzanın baş verdiyi yaşayış binası MTK olduğu üçün qeyd olunan məsələ ilə əlaqədar həmin MTK-ya müraciət etməyiniz tövsiyə olunur. Həmin problemin həlli MTK ilə sakinlər arasında baş tutmalıdır”.
Sakinlərinin şikayətinə aydınlıq gətirmək məqsədilə sözügedən binanın komendantı ilə də əlaqə saxladıq. Binanın Elşən adlı komendantı bizimlə söhbətində partlayışdan sonra liftin yararsız hala düşdüyünü və problemin bu günədək həll olunmadığını təsdiq etdi. Amma komendant bildirdi ki, problemin yubanmasına sakinlərin də günahı var:
“Partlayış baş verən blokun 15 min manat kommunal borcu var. Mən də sakinlərə demişəm ki, həmin borcu gətirin, qalıq vəsaiti də biz üstünə qoyub lifti təmir edək. Bəziləri söz verib ki, gətirib verəcəyik. Bununla bağlı müvafiq hesabat aparmışıq və təkcə bir lifti işə salmaq üçün bizə 15-18 min manat arası vəsait lazımdır. Amma borcunu gətirəcəklərinə söz verənlər də hələ gəlib çıxmayıblar. Elə sakinimiz var ki, 2 ildir kommunal haqqı ödəmir. Gah deyib imkanım yoxdur, gah deyib sabah gətirəcəm, belə-belə bizi aldadıblar”.
Binanın və binadakı mənzillərin sığortasının olub-olmamasına da aydınlıq gətirən komendant deyib ki, partlayışda zərər çəkmiş mənzillərdən yalnız birinin sığortası olub:
“Ümumiyyətlə, sakinlər mənzillərini sığorta etdirib-etdirmədiklərinə dair bizə məlumat vermirlər. Amma biz həmişə sakinlərə bildiririk ki, hansısa hadisədən sığortalanmaq üçün mənzillərini sığorta etdirsinlər. Hadisə baş verən mərtəbədə yalnız bir mənzilin sığortası olub. O biri mənzillərin sığortası olmayıb. Hazırda komissiya iş aparır və proses yekunlaşandan sonra komissiya nə qərar qəbul edərsə, biz də ona uyğun hərəkət edəcəyik”.