Paşinyan hökuməti Azərbaycan və Türkiyə maraqlarına cavab verir - Politoloq

16:58 03.11.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Cənubi Qafqazda hərbi, siyasi, iqtisadi baxımdan lider dövlətə çevrildiyi, artıq beynəlxalq səviyyədə qəbul edilmiş gerçəklikdir. Azərbaycan və Türkiyə əməkdaşlığı, bölgədə Rusiya və İranın təsirlərinin tədricən azalmasına şərait yaradır. Gürcüstan hərbi, siyasi, iqtisadi baxımdan Azərbaycan və Türkiyə əməkdaşlığında fəal iştirak edir.

Bu fikirləri hafta.az-a politoloq Rauf Məmmədov deyib. Onun sözlərinə görə, Ermənistan isə, yeni geosiyasi durumla barışmaq istəmir. O, mövcud geosiyasi durumu dəyişmək üçün bir tərəfdən Qərbi, əsasən ABŞ və Fransanı Cənubi Qafqaza gətirməyə səy göstərir, digər tərəfdən də Rusiya və İranın dəstəyinə arxalanır:

“Əslində, Ermənistan siyasi elitası və diaspor hərəkatları bölgədə Azərbaycan və Türkiyəyə qarşı, Qərb, Rusiya və İran tandemi yaratmağa çalışırlar. Bu isə, indiki şəraitdə mümkün deyil. Onlar ya Rusiya və İran tandemində olmalı, ya da Azərbaycan və Türkiyə əməkdaşlığına qoşularaq Qərbə inteqrasiya etməlidirlər. Hər iki halda, Soros layihəsi hesab olunan liberal Paşinyan hökuməti dəyişməlidir. Çünki Rusiya və teokratik İran hakimiyyətləri məlum səbəblərdən ABŞ və Fransanın bölgəyə daxil olmalarını istəmirlər. Bunu, Azərbaycan və Türkiyə də istəmir. Bu baxımdan, bölgədə Azərbaycan, Türkiyə və Rusiya arasında kövrək diplomatik əlaqələr mövcuddur. Lakin, Azərbaycan və Türkiyə, Qərbin Böyük Britaniya, İtaliya kimi tradisionalist ölkələri ilə yaxın əməkdaşlıq edirlər. Tradisionalist kluba daxil olan ölkələr üçün, libaral Paşinyan arzuolunmazdır. Ancaq, mövcud durumda Ermənistanın Rusiyadan ayrılmasına cəhd edən Paşinyan hökuməti Azərbaycan və Türkiyə maraqlarına cavab verir. Çünki Rusiyadan ayrılan Ermənistan, Azərbaycan və Türkiyə əməkdaşlığının tərkib hissəsinə çevriləcəkdir. Rusiyanın bölgəni tərk etməsi ilə, Cənubi Qafqaz əsasən Azərbaycanın təsir dairəsində olacaqdır. Bu isə, Cənubi Qafqazda “Qafqaz Evi” layihəsinin əsasının qoyulmasına şərait yaradacaqdır. Bu layihənin təməlində “Bir kəmər, bir yol” layihəsi dayanacaqdır.

Siyasət rubrikasından digər xəbərlər