Paşinyan özünə “dayı” axtarır - Zərdüşt Əlizadə

17:25 02.03.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Cənubi Qafqazda müşahidə olunan “fransız tüstüsünün ətri” regionun geosiyasi mənzərəsini bulandırmaqda davam edir. Fransa regionun zəif bəndi olan işğalçı, revanşist iddialarından əl çəkməyən Ermənistanla bir olaraq Azərbaycana iftira, qərəz yağdırır. Politoloq Zərdüşt Əlizadə ilə söhbətimizdə də bu məsələlər ətrafında müzakirələr apardıq:

–  Uzun zaman Ermənistan Azərbaycan torpaqlarını işğalda saxladı. Cənubi Qafqazı öz orbiti hesab edən Rusiyanın regionda apardığı siyasətin fəsadları daim önə çəkilirdi. İndi isə Vətən müharibəsi qələbəsindən sonra regiondakı qarışıq vəziyyətin “baş rolu”nda Fransa çıxış edir. Nələr baş verir? 

–  Rusiyanın siyasi rəhbərliyi və xüsusi xidmət orqanları Qarabağ ermənilərindən alət kimi istifadə edib, regionda münaqişə ocağı qaladı. Özlərini isə vasitəçi kimi sırıyıb 30 ilə yaxın müddətdə həm Ermənistanı, həm Azərbaycanı nəzarətləri altında saxladılar. Qarabağ məsələsi, artıq Azərbaycanın xeyrinə həll edilib. İndi də Fransa çalışır ki, Qarabağ ermənilərinı qızışdırıb onlardan alət kimi istifadə etsin. Qarabağda “dəlik” yaradıb Cənubi Qafqaza soxulsun. Azərbaycan buna imkan vermir, Fransanın vasitəçilik iddialarına açıq-aşkar rədd cavabı verir. Azərbaycan rəhbərliyi, hətta Fransanın həyasızcasına soxulduğu beynəlxalq görüşlərə qatılmır. Fransa harada varsa, Azərbaycan Prezidenti orada iştirak etməyəcəyini bildirir. Ermənistana və Azərbaycana sülh lazımdır. Ona görə də Azərbaycan Ermənistanla ikitərəfli formatda görüşün keçirilməsini təklif edir. Ötən ilin dekabr ayında belə bir görüş keçirildi, irəliləyiş əldə olundu. İkitərəfli format əsasında delimitasiya komissiyası iki dəfə görüşüb. Eləcə də liderlər ikitərəfli formatda Almaniyann ev sahibliyi ilə görüşdülər və indi də Ermənistan-Azərbaycan danışıqları ikitərəfli formatda gedir. Paşinyan bu görüşdə zəif göründüyü üçün özünə “dayı” axtarır və ona görə də bu görüşdən dərhal sonra Parisə gedib, sərsəm bəyanatlar verdi. Paşinyanın dediyi sözlərə əhəmiyyət vermirik. Əsas odur, istədiyimizi əməli olaraq həyata keçiririk.

Azərbaycan Prezidenti Ankaraya səfərində Ərdoğanla görüşdü. Ərdoğan açıq şəkildə "əgər Ermənistan Azərbaycanla münasibətləri tənzimləsə, elə həmin an Türkiyə Ermənistanla münasibətlərini sahmana salmağa hazırdır", dedi.  Bu, çox müsbət mesaj idi. Burada Fransanın həll edə biləcəyi problem qalmır. Azərbaycan Fransanın vasitəçiliyini qəbul etmirsə, Paris heç nə edə bilməz. Fransa Qafqaza qoşun yeridəsi deyil. Buna yolu da, qoşunu da, hüquqi əsası da yoxdur. Makron çox şey istəyə bilər, amma Azərbaycan buna imkan verməyəcək.

–  Fransanın Azərbaycana qarşı “erməni qərəzi” regionda baş tutmuş layihələrdən kənarda qalması fonunda doğan aqressiyadır. Hesab olunur ki, Fransa burada tək deyil, o, regionda marağı olan bəzi güclərin əsas oyunçusu kimi çıxış edir. Fransa Ermənistanı silahlandırıb, Azərbaycana, hətta Rusiyaya qarşı qızışdırmaqla vəziyyəti necə dəyişdirə bilər?

–  Fransanın hansısa fövqəldövlətin aləti olduğunu düşünmürəm. Dünyada Fransadan böyük qüvvə ABŞ-dır. Amerika öz siyasətini yürütməyə qadirdir və Cənubi Qafqazda sülh, barış istəyir. Fransa isə aranı qarışdırmaq istəyir. Bu da ondan irəli gəlir ki, özü haqqında müştəbehlik edir. Fransaya anlatmaq lazımdır ki, ayağını yorğanına görə uzatsın.

Fransa Cənubi Qafqazdan keçən dəhlizlərə nəzarət etmək istəyir. İki dəhliz var: Şimal-Cənub,  Şərq-Qərb. Şərq-Qərb dəhlizində Çin, Mərkəzi Asiya dövlətləri maraqlıdır. Şimal-Cənub dəhlizində Rusiya, İran və  digər bir neçə dövlət.  Azərbaycan Türkiyə, Gürcüstanla birlikdə Çin, Rusiya, İran, Avropa üçün körpü rolunu oynayır. Bu körpü ciddi əhəmiyyətə malikdir. Avropanın, Çinin, Rusiyanın Azərbaycana diqqəti bu ölkənin bölgədəki əhəmiyyətini dərk etmələri ilə bağlıdır. Bu dövlətlər çalışırlar ki, Azərbaycanın da mənafeyini nəzərə alsınlar. Əgər burada Ermənistan səfehcəsinə öz mənafeyini Azərbaycanın mənafeyinə qarşı qoyursa, o zaman ona açıq deyəcəklər ki, bizə sən yox, Azərbaycan lazımdır.

Rusiya öz ərazilərindən başlayan, Azərbaycandan keçən, İrana daxil olub oradan azad sulara çıxan, Hind okeanına gedən Şimal-Cənub dəhlizində maraqlıdır. Zəngəzur yolu da açılsa, Rusiya dəmir yolu ilə Türkiyəyə, Yaxın Şərqə çıxacaq. Bu, Rusiyaya lazımdır və həmin yola nəzarəti öz əlinə almaq niyyəti var.

–  Fransa bu prosesdə Paşinyanı Azərbaycana, həm də Rusiyaya qarşı qaldırmaqla nəyə nail ola bilər?

– Fransanın Rusiya ilə Ermənistanı - Paşinyanı qarşı-qarşıya gətirmək fikri yoxdur. Paşinyan özü çoxdan Rusiyaya qarşı qalxıb. Ermənisan özünün uğursuz Qarabağ siyasətinə görə, siyasi, iqtisadi, hərbi, mənəvi  cəhətdən Rusiyadan o qədər asılı vəziyyətə düşüb ki, bu asılılıqdan qurtara bilmir. Paşinyan addım-addım, böyük səbirlə Rusiya ilə olan qandallarını açır. İndi Paşinyan Rusiya asılılığından qurtulmağının yeni mərhələsindədir. O, Rusiyada təhsil almış rəhbər şəxsləri başqa ölkələrdə təhsil almış kadrlarla əvəz dir.  Bunu ona görə edir ki, ölkədə çeviriliş baş verməsin. Məhkəmə sistemini təmizləyəndən sonra Rusiya ilə asılılığı azalacaq. Düzdür, Ermənistanda rusiyameyilli siyasi müxalifət var, amma onların da mövqeləri mütəmadi olaraq dəyişir. Ola bilər ki, gələn il keçirilən parlament seçkilərində parlamentə də düşmədilər.

– Regionda Azərbaycana qarşı Ermənistan üzərindən müşahidə olunan qərəz və təzyiqlər daha çox Qərb, Avropadan gəlir. Fransa daha çox aktivdir. Ermənistan Fransanın təhrki ilə müharibəyə başlaya bilər?

–  Xeyr. Ermənistanın Azərbaycanla müharibə aparmağa hərbi gücü yoxdur. Azərbaycanın da Ermənistanla müharibə aparmağa marağı yoxdur. Müharibə regiona ziyandan başqa heç nə vəd etmir. Azərbaycan öz dövlət sərhədlərini bərpa etdikdən sonra ona bu qələbəni dünyaya tanıtması vacibdir və bunu  edib. Azərbaycana lazımdır ki, Ermənistanla münasibətlər normal hala düşsün. Bizə Ermənistanın bir qarış torpağı da lazım deyil. Məsələn, bu gün Mehri yolu Naxçıvanla quru əlaqənin qurulması üçündür. Bu yol olmasa da, 35 ildir Naxçıvanla əlaqəmiz kəsilməmişdi. Təyyarələr ucur, avtobuslar İran ərazisindən işləyirdi. Bu gün də İran ərazisindən keçəcək 4 körpü layihəsi var ki, artıq bunların bünövlərələi qoyulub, yollar çəkiləcək. Çayın hansı sahilindən olsa da, Naxçıvana keçid baş tutacaq. İran bu yolu verir və Azərbaycan etiraz etmir. Ermənistan Zəngəzur yolunun açılmamasında israr etsə də, Azərbaycandan gedən qatar Naxçıvana gələcək.

Yəni Ermənistan anlamalıdır ki, Zəngəzur dəhlizinin açılması Azərbaycandan çox ona xeyirdir. Ermənistan mühasirədən  çıxmaq üçün Zəngəzur yolunu açmalıdır. Prezident İlham Əliyev də bəyan edib ki, əgər Zəngəzur yolunu açmasalar, sərhədlər açılmayacaq.

Ermənistan rəhbərliyində siyasəti, iqtisadiyyatı bilən, hesablamalar aparan kifayət qədər peşəkar, ağıllı adamlar var. Onlar anlayırlar ki, Azərbaycanın sülh naminə irəli sürdüyü şərtlər onların özü üçün də əlverişlidir və bunu qəbul etməlidirlər. Azərbaycanın təklif etdiyi sülh şərtləri ilə müqavilə bağlansa, münasibətlər tənzimlənsə, bütün bağlı yollar açılacaq.

– Azərbaycana qarşı aqressiv çıxışları ilə gündəm olan Fransa buna imkan verəcəkmi?

–  Ermənistan Fransanın kəbinli arvadı deyil ki, onun dediklərini mütləq etsin. İndi XXI əsrdir. Hər bir dövlətin beynəlxalq hüququ var. Vaxtilə Azərbaycan nə edirdisə, Rusiyadan icazə alırdı. İndi müstəqil şəkildə beynəlxalq siyasət yürüdür və özünün haqqı uğrunda dünya dövlətləri, beynəlxalq qurumlarla sərbəst, müstəqil əməkdaşlıq əlaqələri qurub. Ermənistan da bunu etməyə çalışır, amma yenə də böyük səhvlərə yol verir. Fransadan nəsə dəstək, dayaq umur. Ermənilər daim xaricdən özlərinə dayaq axtaran zəif millətdir. Düşünürlər ki, hansısa böyük dövlət bunların milli təhlükəsizliyinə zəmanət verməlidir. Eyni zamanda, onu da anlasınlar ki, bu bölgədə milli təhlükəsizliklərinə ən böyük zəmanət Türkiyədir. Ermənistan öz təhlükəsizliyini Türkiyəyə  etibar etsə, Türkiyə onu qoruyacaq. Ermənistan Fransaya güvənməməlidir.

–  Ermənistanın Rusiyadan uzaqlaşması, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında  fəaliyyətini dondurması, Rusiyadan xilas olub Fransanı özünə yeni təhlükəsizlik çətiri hesab etməsi... Bunlar nə vəd edir?

–  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bir ilğımdır, gerçək, fəal, siyasi, həqiqi qüvvə deyil. KTMT-də Rusiyanın hərbi-siyasi çətirinin altında toplanmış dövlətlər var. Onlar bir-bir, yavaş-yavaş canlarını qurtarırlar. Azərbaycan üçün Ermənistanın silahlanması təhlükə törətmir. Ona görə ki, bizim çəki dərəcələrimiz fərqlidir və Ermənistan bizə rəqib ola bilməz. Nə qədər məharətli olsa da, yarışda uduzmağa məcburdur. Ermənistan rus silahı ilə deyil, Qərb silahı ilə silahlanır. Biz buna tək Ermənistan-Azərbaycan qarşıdurması prizmasından deyil, həm də Rusiya-Ermənistan qarşıdurmasından yanaşmalıyıq. 

–  Ermənistan vasitəsilə regionda öz maraqlarını həyata keçirmək istəyən Qərbin, Avropanın İrəvana dəstəyi regiona nə verə bilər?

–  Qərbin Cənubi Qafqaza sirayət etməsi, daxil olması üçün ən əsas tərəf müqabili Azərbaycandır. Burada Gürcüstan və Ermənistan olsa da, onların heç bir rolu yoxdur. Qərb Azərbaycanla neft və qaz müqavilələri bağlayaraq, dəmir yolları çəkməklə Cənubi Qafqazda  çox güclü iqtisadi, geosiyasi mövqelərə malik olub. Azərbaycan nisbətən ağır, güclü ölkədir. Təbii sərvətləri, Mərkəzi Asiyaya, Xəzəryanı ölkələrə çıxışı var. İranla, Rusiya ilə həmsərhəddir. Deməli, Qərb üçün ən sərfəli ölkə Azərbaycandır.

– Rusiya Ermənistanda hərbi çevriliş edə bilərmi?

–  Hər hansı təzahürə tarixi hadisə kimi yanaşmaq lazımdır. Rus rəhbərliyi hakimiyyət naminə SSRİ-ni dağıtdı və Putin hakimiyyətə gələndən sonra Kubada elektron kəşfiyyat bazasını, sonra isə Vyetnamda hərbi dəniz donanmasını öz təşəbbüsü ilə ləğv etdi. Rusiya dünyadakı hərbi mövcudluğunu get-gedə məhdudlaşdırır. İndi Tacikistanda, Qırğızıstanda,  Suriyada hərbi bazaları var.Ukrayna Qara Dəniz Donanmasının 25 faizini məhv edib, 75 faizi isə Novorossiysk və Abxaziya sahillərində gizlənib. Deməli, Rusiyanın Hərbi Dəniz Donanması öz təsir gücünü itirib. Gümrü bazasına gəldikdə isə orada əvvəl 45 minə yaxın hərbçi var idi, indi isə 4 mindir. Bunun da 70 faizini erməniəsilli rus vətəndaşları təşkil edir.Rusiyadan  Ermənistana qarşı təhdid yoxdur. Rusiya Ukraynada olduğu kimi, çevrilişə cəhd etsə, həmin 4 minlik ordu 20 minlik erməni ordusu tərəfindən üzük qaşı kimi mühasirəyə alınacaq. Düzdür, Rusiya hərbi cəhətdən qüdrətlidir. Gümrüdəki hərbi bazası isə Ermənistan ordusundan qat-qat zəifdir. Eyni zamanda, erməni ordusu, artıq rusiyayönlü hərbçilərdən təmizlənib, hakimiyyətə sadiq olmayan kadrlar qovulur. Ordu erməni hökumətinin nəzarətindədir. Terror təhlükəsi qaçılmazdır. Nikol Paşinyan Amerika xəfiyyə orqanları ilə birgə işləyir, onun təhlükəsizliyi qorunur. Paşinyan Rusiyanın Ermənistandan çıxarılması üçün ən mühüm fiqurdur. Bu gün Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi hazırdır və ona xeyir-duanı Azərbaycan verəcək. Azərbaycan desə ki, Ermənistandan bizə təhlükə yoxdur, Türkiyə Ermənistanla münasibətləri tənzimləyəcək. Bir neçə ildən sonra isə Ermənistanda Türkiyənin nüfuzu Rusiyadan 10 dəfə çox olacaq. Ermənilərdə türk musiqisinə, türk ədəbiyyatına böyük məhəbbət var.

–  Ermənistanda Gümrü şəhərinin Rusiyaya birləşdirilməsi ilə bağlı iddialar var. Moskvanın belə planları varmı? Bunlar gerçəkləşə bilərmi?

–  Hamısı cəfəngiyatdır. Rusiyanın Ermənistan ərazisinə iddiası yoxdur. Ermənistan Moskvanın onu idarə etməsini istəmir.  Eyni zamanda, Rusiya ilə əlaqələri tam kəsmək istəmir. Bu iki dövlət arasında siyasi, mədəni, iqtisadi əlaqələr, bağlantılar var. Sadəcə, Rusiya rəhbərliyi böyük qardaş sindromundan xilas olmalıdır.

Oxunma sayı 124