Paşinyan referendum keçirəcək - ERMƏNİSTAN KONSTİTUSİYASINDAKI QARABAĞ İDDİALARI...  

11:36 15.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın Azərbaycanla sülh sazişinin imzalamasının əsas şərtlərindən biri keçmiş Dağlıq Qarabağ muxtar vilayətinə qarşı İrəvanın ərazi iddialarından əl çəkməsi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınmasıdır. İrəvan istər Praqa, istərsə də Soçi görüşlərində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib.

Lakin Ermənistanda siyasi dairələr bu bəyanatların heç bir "hüquqi" əsasının olmadığını iddia edirlər. Səbəb kimi isə, Ermənistanın müstəqillik aktı və Konstitusiyasını əsas gətirirlər. Belə ki, Ermənistanın bu iki əsas qanununda Azərbaycana və Qarabağa qarşı ərazi iddiaları təsbit edilib. Bu isə o deməkdir ki, İrəvan ilk növbədə Konstitusiyasına dəyişiklik edərək bu "hüquqi" əngəlləri ortadan qaldırmalı, yəni Azərbaycana qarşı ərazi iddialarına dəlalət edən bütün hallara son qoymalıdır.    

İndi İrəvan daxilində ölkədəki idarəetmə sisteminin yenidən dəyişdirilməsi ilə bağlı müzakirələr aparılır. Bunun üçün isə Konstitusiyaya dəyişikliklərin edilməsi vacibdir.

Ermənistanın “The Past” qəzeti öz mənbələrinə istinadən yazır ki, baş nazir Nikol Paşinyan həqiqətən də 2023-cü ilin mart-aprel aylarında konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirmək istəyir. “Hazırlıq işlərinin aparılması ilə bağlı aidiyyatı qurumlara tapşırıqlar verilib. Venesiya Komissiyası artıq əsas təkliflər üzrə rəy göndərib ki, bu da kifayət qədər mübahisəli, hətta konstitusiyaya zidd müddəaların mövcudluğundan xəbər verir.

Bununla belə, Paşinyan tərəfdaşlarına bildirib ki, referendumun nə vaxt və hansı dəyişikliklərlə keçiriləcəyinə yalnız o qərar verir. Bəzi dairələr yarı-prezident idarəetmə formasına keçiddə nə qədər israr etsələr də, Paşinyan belə qərara gəlib ki, Ermənistanda parlament sistemi fəaliyyətini davam etdirməlidir”, - qəzet qeyd edir.

Bundan əlavə, yaz referendumunda Dağlıq Qarabağa qarşı ərazi iddialarının ortadan qaldırılması üçün bu müddəaların da Konstitusiyadan çıxarılma ehtimalı yüksəkdir. Hətta İrəvan daxilində yaz referendumunun əsasən məhz bu məsələ ilə bağlı təşkil ediləcəyi də bildirilir. Bu səbəbdən, İrəvandakı revanşist qüvvələr son bir ayda sözügedən ssenarinin reallaşmaması üçün ciddi səylə təbliğat da aparırlar. Qeyd edək ki, sentyabr hadisələrindən sonra tərəflər arasında ilin sonuna kimi sülh sazişinin imzalanacağı bildirilirdi. Lakin sülh sazişinə atılan imzaların bir daha pozulmaması, həmçinin onun hüquqi məsuliyyət anlayışını kölgələməmək üçün yuxarıda qeyd etdiyimiz kimi, Ermənistan Konstitusiyasına dəyişikliklər mütləqdir.  

Siyasət rubrikasından digər xəbərlər