Putin-Bayden görüşündə Ermənistan məsələsi ilə bağlı aliş-veriş oldu...
Ermənistandakı növbədənkənar parlament seçkilərinin nəticələri, supergüclərin buna reaksiyası, Nikol Paşinyanın qələbəsinin Azərbaycandakı, konkret olaraq Yuxarı Qarabağdakı proseslərə təsiri mövzusunda İstanbul Universitetinin beynəlxalq münasibətlər üzrə doktorantı, beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı ilə söhbətləşdik.
Hafta.az-a müsahibəsində beynəlxalq analitik seçkilərdə qərbmeyilli bir siyasi fiqurun qələbəsinə rəğmən torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlamış qonşu qəsbkar ölkədə Rusiyanın təzyiq rıçaqlarının hələ güclü olduğunu, bu səbəbdən də Azərbaycan xalqı və dövləti olaraq daim ayıq-sayıq olmağımızın vacibliyini də vurğulayıb...
- Teymur bəy, sizcə, Ermənistandakı seçkilərin nəticələri reallığı xeyli dərəcədə əks etdirir? Yəni sadə ermənilərin əksəriyyəti doğrudan da qurtuluş yolunu Paşinyanda görür, yoxsa əslində səsvermə və səslərin sayılma proseslərində inzibati resurslardan yararlanmaqla saxtalaşdırmağa yol verilib?
- Əvvəla, onu deyim ki, son məlumatlara görə, Ermənistanda iyunun 20-də keçirilmiş seçkilərdə 319 secki pozuntusu qeydə alınıb. Bunlardan 26-sı haqda cinayət işi açılıb, hətta silahlı hücum da olub. Bu pozuntular seçkinin gedişinə mane olmayıb. Ermənistan Mərkəzi Seçki Komissiyasının iyunun 21-i saat 08:00-a olan məlumatına görə, bülletenlərin 100%-i artıq sayılıb. Bu, bütün 2008 seçki məntəqəsində səslərin hesablanmasının sona çatması deməkdir. Beləliklə, Nikol Paşinyanın "Vətəndaş sazişi" partiyası növbədənkənar parlament seçkilərində səslərin 53,92%-ni (687251) toplayıb...
Gələk “Sadə erməni vətəndaşı Paşinyana niyə səs verdi?” sualına. Düşünürəm, erməni vətəndaşı köhnə əsasda, müharibə çağırışlı, populist siyasətçilərdən bezib. Xüsusən də Qarabağ klanından cana-boğaza yığılıb. Bundan başqa, erməni vətəndaşı ölkədə sabitlik olması, iqtisadi vəziyyətinin düzəlməsi üçün Paşinyana səs verdi. Onu da nəzərə almaq gərəkdir ki, Paşinyan İkinci Qarabağ savaşındakı ağır məğlubiyyətdən sonra düzgün oyunlar qurdu və nəticədə, sadə erməni vətəndaşını yenidən özünə inandıra bildi. Seçkilərdə nöqsanların, pozuntuların olması isə normal haldır. Düşünmürəm ki, Paşınyan saxtakarlıqa seçilsin. Sadəcə, erməni cəmiyyəti dinc, sakit və rahat yaşamaq üçün bu seçkidə Paşinyana dəstək verdi...
- Necə hesab edirsiniz, onun partiyasına verilən səslər 54 faizi keçmədiyi halda, Paşinyan koalisiya hökuməti formalaşdıra biləcəkmi?
- “Facebook” vasitəsilə qələbəsini elan edən Paşinyan rəhbəri olduğu “Vətəndaş sazişi” partiyasının yeni hökumət formalaşdıracağını deyib. Belə çıxır ki, yeni seçilmiş parlamentdə “Vətəndaş sazişi” partiyası konstitusyon çoxluğa malik olacaq və yeni hökumət formalaşdıracaq. Paşinyanın fikirlərindən gəlinən nəticəyə görə, o, təkbaşına hökumət quracaq. Seçkinin son nəticələrini gözləmək lazımdır, onda hər şey dəqiq bilinəcək...
- “Paşinyanın qələbəsi indiki vaxtda Qərblə, ABŞ-la yanaşı, xeyli dərəcədə Rusiya üçün də sərfəlidir” fikri ilə razısınızmı?
- Paşinyan seçkilərə getməmişdən əvvəl ustalıqla onun istefasını istəyənlərə qarşı dirəndi. O, düzgün seçim etdi. Əgər müharibə bitən kimi istefaya getsəydi, Paşinyan məğlub olacaqdı. O, tədbirlə davranaraq istefa vermədi: daxildə və xaricdəki müəyyən problemləri həll edərək dəstək alıb zamanında istefaya getdi. Seçkilərdə isə düzgün taktika seçib qalıb gəldi. Paşinyan xaricdən, əsasən, Fransa Prezidenti Makrondan və ABŞ-dan dəstək aldı. Nəticədə, ona həm daxildən, həm xaricdən verilən dəstək hərtərəfli oldu. Seçkilərə az qalmış Azərbaycan tərəfindən əsirlikdə saxlanılan erməni hərbçilərinin geri verilməsi də onun seçkilərdə qalıb olacağına şübhəni xeyli aradan qaldırdı...
Putin isə terrorçu eks-prezident, Xocalı canisi Robert Köçəryandan istifadə edib Paşinyanı tələyə salmaq istəyirdi. Rusiya lideri yaxşı bilirdi ki, Köçəryanın qələbə qazanmaq şansı azdır. Paşinyan bu tələyə düşmədi və sonda Putin-Bayden görüşündə Ermənistan məsələsi ilə bağlı aliş-veriş oldu. Nəticədə, Köçəryan bloku uduzsa da, Rusiya Ermənistan parlamentində təzyiq riçaqları qazandı. Köçəryanla yanaşı, digər terrorçu eks-prezident və Xocalı qatili Serjik Sərkisyanın bloku da səs yiğıb. Ümumiyyətlə, hazırda Ermənistanda Rusiyanın iqtisadi və hərbi baxımdan təzyiq riçaqları çoxdur... Onu da deyim ki, hələlik bu ölkədəki parlament seçkilərinin nəticələri ilə bağlı Rusiyanın yüksək dövlət rəhbərləri fikir bildirməsə də, Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov münasibət bildirib. O, Köçəryanla müqayisədə Paşinyanın qələbəsinin daha çox arzulanan olduğunu ifadə edib.
Əyanilik üçün Leonid Kalaşnikovun bəhs edilən rəyini nəzərinizə çatdırıram: “Paşinyanın parlament seçkilərində qələbəsi Ermənistanla münasibətlərimizə çox az təsir göstərəcək. Çünki bu münasibətlər sınaqdan çıxıb və Dağlıq Qarabağa dair üçtərəfli razılaşma ilə möhkəmlənib. Köçəryan bizim köhnə dostumuz olsa da, onun blokunun parlamentdə əksər kürsülərə yiyələnməsi əlavə hərəkətlilik yarada bilərdi”.
Bu mülahizələrdən gəlinən nəticəyə görə, Dövlət Dumasının komitə rəhbəri Paşinyanın qələbəsinin Moskva üçün daha məqbul olduğunu etiraf edib. Hələlik Paşinyan Rusiya üçün sərfəlidir. Bunun nə vaxta qədər belə olacağı onun edəcəyi siyasi gedişlərdən asılıdır. Beləliklə, yekunda demək olar ki, Paşinyanın qələbəsi həm Qərbin, əsasən də ABŞ-ın qələbəsi sayıla bilər. Rusiyanın da tam məğlub olması demək deyil...
- Paşinyanın qələbəsi rəsmən elan olunduqdan sonra Rusiyanın adamları sayılan Köçəryan, Sərkisyan və Avetisyan kimilər kütləvi iğtişaşlar təşkil etməyə, hərbi çevrilişə əl atmağa cəhd göstərə bilərlərmi?
- Ermənistanda Rusiyanın istənilən vaxt hərbi çevriliş etmək gücü var. Çevrilişlərə Qərb və əsasən də ABŞ müqavimət göstərə bilər. Necə ki, müharibədən sonra Moskva Ermənistanın keçmiş Baş Qərargah rəisi vasitəsilə bunu istədi etsin, amma alınmadı... Paşinyan dirəndi, düzgün gedişlər etdi və ABŞ-dan dəstək aldı. Köçəryan və Sərkisyan seçkilərdən sonra silahlı üsyan, yaxud hərbi çevriliş etmək istəsələr, düşünürəm ki, yenə də Paşinyan tərəfdən sərt cavablar veriləcək. Həm də bu halda Köçəryan və Sərkisyan kimilərin siyasi həyatları birdəfəlik bitə bilər. Təbii ki, əgər əksinə, Paşinyan düzgün addımlar atmasa, səhv etsə, məğlub da ola bilər. Düşünürəm ki, artıq Ermənistanda xaos, hərbi çevriliş ssenariləri səngiyib və geridə qalıb. Bundansonrakı prosesləri izləmək lazımdır...
- Yəqin ki, hakimiyyətdə tam möhkəmləndikdən sonra Paşinyan, artıq Zəngəzur dəhlizinin açılması, eləcə də sərhədlərin demilitasiya və demarkasiya işlərinin yekunlaşdırılmasına çalışacaq?
- Paşinyan İrəvanda seçicilərlə görüşən zaman Zəngəzur məsələsinin gündəmdə olmadığını deyib. Amma düşünürəm ki, bu, seçkiyə hesablanmış bir gediş olub. Zəngəzur dəhlizi və digər məsələlərdə son sözü Paşinyan yox, Putin deyəcək...
- Bir çox ekspertlər hesab edir ki, qəsbkar qonşu ölkədəki erkən seçkilərdən sonra Azərbaycan-Ermənistan sərhədində gərginliklər hələ bir müddət davam edəcək. Siz necə düşünürsüz?
- Azərbaycan-Ermənistan sərhədində gərginliklər hər zaman ola bilər. Böyük miqyaslı gərginlik olacağına inanmıram...
- Çox güman ki, Azərbaycan Respublikasının Yuxarı Qarabağ ərazisinin Rusiyanın sülhməramlı sayılan hərbi kontingentinin nəzarətində qalmış hissəsindəki Araik Arutyunyan rejimi də hələlik yerində qalacaq və buradan ölkəmizə qarşı elə bir ciddi gərginliyə yol verilməyəcək?
- Araik Arutyunyan oyuncaq vəzifəyə Paşinyanın dəstəyi ilə gəlib, ancaq müharibədən sonra tam olaraq Kremlin nəzarətinə keçib. Araik hər zaman olmasa da, əsasən Paşinyan dediklərini edir. Biz Azərbaycan dövləti və xalqı olaraq prosesləri izləməli və düzgün gedişlər etməliyik. Düşünürəm ki, Moskva icazə vermədiyi təqdirdə, Qarabağ torpaqlarımızda hələlik mövcud olan separatçı rejim hər hansı gərginlik törətməyəcək...
- Teymur bəy, sizcə, bu ilin sonuna qədər Ermənistanla sülh sazişi imzalanmasına və bütün mina xəritələrinin geri alınmasına nail ola biləcəyikmi?
- Bilirsiniz, hər şey Qarabağ məsələsində Azərbaycan Dövlətinin, iqtidarlı-müxalifətli bütün vətəndaşların, yəni bütövlükdə xalqın düzgün gedişlərindən və gücündən asılı olacaq. Biz nə qədər güclənsək, bütün çətinliklərin öhdəsindən bir o qədər asanlıqla gələcəyik. Amma inanıram ki, Qarabağ məsələsi yekunda Azərbaycan dövlətinin və onun vətəndaşlarının maraqlarına uyğun həll olunacaq.
Məhəmməd Əmin Rəsulzadənin bir ibrətamiz fikri var: “Azərbaycan neftinə hamı sahib olmaq istəyir. Əsasən də üç böyük qonşusu tikə qopartmağa çalışır”. Hazırda isə bu tikəni qoparmaq istəyənlər çoxalıb, ona görə də maksimum ayıq-sayıq olmalıyıq...