Paytaxda 100-dən artıq reabilitasiya mərkəzi var - təhsil eksperti

12:49 08.09.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bəzi işbazlar qanunvericilikdəki mövcud boşluqlardan sui-istifadə edirlər.

Bu fikirləri hafta.az-a təhsil eksperti Elşən Qafarov bildirib:

“Azərbaycanda sahibkarlıq müəssisələrinə lisenziya verilmir. Lisenziya hansısa fəaliyyəti həyata keçirmək üçündür. Bu tip qurumlar MMC formasında fəaliyyət göstərirlər. Sadəcə adi bir market açdığınız kimi yaxınlaşırsının ASAN xidmətə cüzi bir rüsum ödəməklə MMC yaradırsınız.

Məsələn, bizdə fəaliyyət göstərən təhsil kursları, özəl bağçalar hamısı bu şəkildə fəaliyyət göstərirlər. Onların heç biri təhsil müəssisəsi deyil, kommersiya müəssisəsidir. Yəni, bu qədər sadə.

Valideynlər ayıq-sayıq olmalıdırlar. MMC adı ilə fəaliyyət göstərən hal-hazırda təkcə Bakı şəhərində onlarla bağca, 100-dən artıq reabilitasiya mərkəzləri, kurslar var.  Kimlər ki, uşağını MMC adı altında fəaliyyət göstərən bağçaya, hansısa kursa reabilitasiya mərkəzlərinə qoyur, onun məsuliyyətini də valideyn daşıyır. Valideyn özü övladını odun-alovun içinə atır. Amma bu zaman haqlı olaraq sual yaranır ki, bu qurumlara dövlətin nəzarəti olmamalıdırmı? Əlbəttə ki, aidiyyəti dövlət orqanları tərəfindən nəzarət vacibdir.

Bu MMC-lərdə sanitar və epidemioloji vəziyyətin gözlənilib-gözlənilmədiyinə dair Gigiyena və Epidemiologiya Mərkəzi, fəaliyyətlərinin qanunvericilik çərçivəsində olub-olmamasına dair ərazidə olan hüquq-mühafizə orqanları nəzarət etməlidir. Amma onlar hər biri sahibkarlıq subyekti olduğu üçün həm də vergi ödəyicisidir və vergilərini də çalışırlar ki, vaxtında ödəsinlər”.

Bu tip müəssisələrdə işçilərin hansı kriteriyalarla işə qəbul edildiyinə gəlincə, ekspert vurğulayıb ki, bununla bağlı hərc-mərclik hökm sürür: “Təsəvvür edin, market işçini necə işə qəbul edirsə, bu MMC-lər də eyni prinsiplə işləyirlər. Yəni, o prinsiplə işə “mütəxəssis” götürürlər. Əksəriyyətinin heç həmin sahə üzrə anlayışı, təhsili də olmur. Sadəcə, kimsə 3-4 rəfiqəsini və ya dostunu toplayır, görürlər ki, bu sahədə yaxşı qazanc var, MMC yaradıb “xidmət” göstərməyə başlayırlar. Təbii ki, vəziyyətdən çıxış yolları da var. Məsələn, biz xarici təcrübəni öyrənəndə görürük ki, adi repetitor fəaliyyəti ilə məşğul olmaq üçün dövlətin təhsil qurumundan lisenziya almaq lazımdır. Bunun üçün namizədlər xüsusi imtahan verməlidirlər, onların pzixoloji, tibbi, mənəvi, pedoqoji bilikləri tələb olunan kriteriyala cavab verməlidir. Hesab edirəm ki, bizdə də bununla bağlı xüsusi normativ aktlar yaradılmalı və mövcud boşluqlar aradan qaldırılmalıdır”.

Məsələyə münasibət bildirən psixoloq Elnur Rüstəmov da qeyd edib ki, Azərbaycanda reabilitasiya mərkəzlərinin fəaliyyətinə qanunvericilik hər hansı məhdudiyyət qoymur: "Reabilitasiya mərkəzləri fiziki və yaxud hüquqi şəxs kimi İqtisadiyyat Nazirliyində qeydiyyatdan keçərək fəaliyyət göstərirlər. Bu mərkəzlərdə nitq qüsuru, eləcə də digər davranış pozuntuları olan uşaqlara reabilitasiya xidmətləri göstərilir. Yəni, reabilitasiya mərkəzləri bir növ özəl uşaq bağçaları, uşaq inkişaf mərkəzlərinin rolunu oynayır. Burada davranış pozuntusu olan uşaqların cəmiyyətə adaptasiyası üçün iş aparılır. Əgər reabilitasiya mərkəzində davranış pozuntusu olan, nitq qüsurlu uşaqlarla peşəkar iş aparılarsa, onların cəmiyyətə inteqrasiyası mümkündür. O ki, qaldı "MehNur" reabilitasiya mərkəzində baş verənlərə, həmin uşaqla bağlı yanaşma kökündən səhv olub. Yayılan videoda döyülən 4 yaşlı Cavid Cəbrayılovun eşitmə qüsuru olub. Həmin uşaqla iş aparmaq üçün ilk növbədə körpədə eşitmə qüsuru aradan qaldırılmalıdır. Onun qulağına eşitmə cihazı yerləşdirildikdən sonra reabilitasiya tədbirlərinə başlamaq lazım idi. Heç nəyi eşitməyən uşaqda aqressiya olur. O deyilənləri eşidə bilmirsə loqopedin dediklərini necə təkrarlayacaq? Uşağı belə halda nəyisə təkrarlamağa məcbur etmək kökündən yanlışdır. Həmin uşaq ilk növbədə loqopedə yox, lora aparılmaldıır. Onun eşitmə qüsuru aradan qaldırıldıqdan sonra danışması üçün reabilitasiya kurslarına başlamaq olar".