Peşə məktəblərində qiyabi təhsil ləğv edilir - Müzakirə

11:21 04.05.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda peşə təhsili müəssisələrində qiyabi təhsilalma forması ləğv ediləcək. Qeyd edək ki, bu məsələ “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb. Yeni layihəyə görə, həmçinin peşə təhsili müəssisələrində təhsil alanlara akademik məzuniyyətin verilməsi də nəzərdə tutulub.

Bəs, görəsən, peşə təhsili müəssisələrində qiyabi təhsilin ləğv olunmasına səbəb nədir? Azərbaycanda təhsilin bütün pillələrində qiyabi təhsilalma formasının tamamilə ləğv olunması gözlənilirmi?

Məsələni qəzetimizə şərh edən təhsil eksperti Elçin Əfəndi deyib ki, son illər peşə məktəblərində qəbul yalnız əyani ixtisaslar üzrə aparılır: “Bir neçə ildir ki, bu təhsil pilləsi üzrə qiyabi təhsilalma forması tamamilə dayandırılıb. Yalnız əyani təhsilalma forması üzrə qəbul aparılır. Amma bu məsələ mövcud qanunvericilikdə öz əksini hələ də tapmayıb. Ona görə də qanunvericilikdən çıxarılması zəruri idi. O ki qaldı peşə təhsili müəssisələrində qiyabi təhsilin ləğv olunma səbəbinə, bunun əsas səbəbi peşə təhsilində biliklərin təcrübə əsasında öyrədilməsidir. Yəni, peşə təhsili müəssisəsində təhsil alanlar əsas bilikləri təcrübə zamanı toplayırlar. Qiyabi təhsil formasında isə təhsilalanlar ixtisaslı kadr kimi formalaşa bilmirlər. Ona görə də bu təhsil pilləsində qiyabi təhsilalma formasının mövcud olması doğru deyildi. Bu səbəbdən də mövcud qanunvericiliyə dəyişiklik edilir”.

Azərbaycanda təhsilin bütün pillələrində qiyabi təhsilalma formasının tamamilə ləğv olunmasının gözlənilib-gözlənilmədiyinə gəlincə, ekspert deyib ki, bu hələlik mümkün deyil: “Düzdür, artıq bəzi ixtisaslar üzrə, məsələn pedaqoji ixtisaslarda qiyabi təhsil ləğv edilib. Eyni zamanda, ali məktəblərin magistratura pilləsində qiyabi təhsil ləğv olunub. Hazırda yalnız bəzi ixtisaslarda qiyabi təhsil var ki, həmin ixtisaslarda da qiyabi təhsilin olması problem yaratmır, saxlanıla bilər. Çünki ali təhsil pilləsində qiyabi təhsilin müddəti 5 ildir və təhsilalanlar bu müddət ərzində öz ixtisasları üzrə bilik və bacarıqlara yiyələnə bilirlər. Digər tərəfdən, biz qiyabi təhsili tamamilə ləğv etsək, bəzi vətəndaşların təhsil hüququnu pozmuş olarıq. Məsələn, bu gün qiyabi təhsilə marağı olan ailəli şəxslər var, həmçinin işləyən vətəndaşlar var ki, onlar üçün qiyabi təhsil daha əlverişlidir. Ona görə də bu gün həm ali məktəblərdə, həm də kolleclərdə bəzi ixtisaslar üzrə qiyabi təhsil saxlanılmaqdadır”.

Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov da bizimlə söhbətində deyib ki, qiyabi təhsil sovet təhsil sistemindən qalmış təhsilalma formasıdır: “Hazırda beynəlxalq təcrübədə əyani və distant təhsilalma forması mövcuddur. Artıq 2013-cü ildən başlayaraq Azərbaycanda da pedaqoji sahədə qiyabi təhsil forması aradan qaldırıldı. İndi də peşə məktəblərində qiyabi təhsil ləğv edilir. Hesab edirəm ki, bu olduqca doğru addımdır. Peşə məktəblərində istehsalatdan ayrılmadan işləməyə icazə verilir. Belə olan halda qiyabi təhsilə ehtiyac qalmır. Qiyabi təhsil 1950- 1960-cı illərdə kadrlara ciddi ehtiyac olan zaman aktual idi. İndiki dövrdə bütün ixtisaslar üzrə artıq qiyabi təhsil aktual deyil. Amma bununla yanaşı insanlar təhsillərini artırmaq istəyirlərsə, o zaman beynəlxalq təcrübəyə uyğun olaraq distant təhsil tətbiq olunmalıdır. Yəni, biz qiyabi təhsili tamamilə ləğv etmək istəyiriksə, distant təhsilə keçid prosesi sürətləndirilməlidir”.