Rusiya xəbər agentlikləri “son dəqiqə” xəbər yayıblar: Ruben Vardanyan Azərbaycan sərhəd qüvvələri tərəfindən saxlanılaraq əli qandallı Bakıya aparılıb.
Hafta.az-ın yazdığına görə, rus mediasında belə qeyd edilir: “O moskvalı milyarder idi, amma "Forbes”in siyahısında Rusiya vətəndaşlığından imtina edərək düz bir il əvvəl Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazisində - Dağlıq Qarabağda məskunlaşan Ermənistan vətəndaşı kimi göstərilib və bir az sonra separatçı rejimin "dövlət naziri" təyin edilib".
Azərbaycan regionda qələbə qazanıb, torpaqlarını geri almağa başlayandan sonra Bakının təzyiqlərinə dözməyərək “dövlət naziri” titulunu tərk etdi, ancaq Dağlıq Qarabağda qaldı. Təbii ki, bu, Azərbaycan son məlum antiterror əməliyyatla bütün bölgəni nəzarətə götürənə qədər davam etdi.
Məqalədə qeyd olunur ki, 55 yaşlı Vardanyan sərhədi keçərək İrəvana çatmaq istəyərkən Azərbaycan qüvvələri tərəfindən saxlanılaraq Bakıya göndərilib və onun mühakimə olunacağı gözlənilir.
Daha sonra Vardanyanın yaxın keçmişini xatırlamaq üçün 16 il geriyə səyahət edilir: "O vaxt Vardanyanın 39 yaşı vardı və Moskvanın ən uğurlu investisiya banklarından olan "Troyka Dialoq"un sahibi idi. O, hətta prezident Putinin ölkənin aparıcı simaları ilə keçirdiyi çox xüsusi görüşlərə dəvət oluna biləcək qədər tanınan "oliqarx"a çevrilmişdi…”.
Daha sonra Vardanyanın Türkiyədəki təmaslarına yer verilir. Bildirilir ki, 2007-ci ildə Ruben Vardanyan birdən-birə Türkiyədə manşetlərə çıxan ada çevrilib. Çünki onun əsas ortaqlarından biri olduğu konsorsium Türkiyə Cümhuriyyəti tarixində ən böyük özəlləşdirmə tenderlərindən birini qazanmışdı.
5 iyul 2007-ci ildə Türkiyə mətbuatında əksini tapan xəbərdən sitat gətirilir: “Petkim 2,05 milyard dollara özəlləşdirilib. Petkim-in 51 faiz dövlət səhmlərinin blok satışı üzrə özəlləşdirmə tenderinə ən yüksək təklifi 2 milyard 50 milyon dollarla TransCentral Asia Petrochemical Joint Venture Group (OGG) verib".
Tender yarışında SOCAR TURCAS ilə Trans-Asiya arasında münaqişə yaşansa da, tender zamanı Rusiya və Qazaxıstan tərəfdaş qrupunun fasilə verməməsi diqqət çəkib. Tenderdə qalib gələn şirkət açıqlama vermək üçün mətbuat mənsublarından vaxt istəsə də, qrupun mənşəyi ilə bağlı sualları cavabsız qoyması diqqət çəkib. Qısa müddət sonra edilən açıqlamada bir çox sual cavabsız qalıb. Həm tenderdə qalib gələn qrupun, həm də Özəlləşdirmə İdarəsi rəsmilərinin bu məsələyə münasibəti tənqidlərə səbəb olub.
Petrokimya Holding AŞ (Petkim) səhmlərinin 51 faizi üçün keçirilən tenderdə 2 milyard 50 milyon dollarlıq ən yüksək təklifi verən Rusiya və Qazaxıstan ortaqlığı TransCentralAsia Petrochemical Holding Joint Venture Group-un arxasında kimin olduğu sualı gündəmə gəlib. Konsorsiuma məsləhət verən Recai Ulusoy Rusiyanın portfel investisiya şirkəti İnvestment Troyka Dialoq, strateji investorların isə Caspi Neft və Investment Industrial Group Eurasia olduğunu bildirib. Konsorsiumun tərəfdaşlarından biri olan “Troyka Dialoq” Rusiyanın ən böyük investisiya bankı kimi tanınır. 1991-ci ildə yaradılan banka erməni əsilli iş adamı Ruben Vardanyan rəhbərlik edir. Ernst & Young beynəlxalq audit və konsaltinq şirkəti də daxil olmaqla bir çox təşkilat tərəfindən "Rusiyada ilin sərmayəçisi" seçilən Vardanyan "Troika Dialoq"un 65 faizinə sahibdir. Məlumdur ki, qalan səhmlər 70 ortaq arasında bölüşdürülüb…
“Konsorsiumun arxasında “erməni diasporasının pullarını idarə edən Ruben Vardanyanın” durmasına dair söhbətlər qızışdıqdan sonra tender səssizcə ləğv edildi və daha sonra SOCAR-TURCAS-İNJAZ müştərək müəssisəsi ilə müqavilə imzalandı. “Petkim” indi Azərbaycanın dövlət neft şirkəti olan SOCAR-a məxsusdur”, - məqalədə deyilir.
16 il əvvəl Türkiyənin ən böyük sənaye müəssisələrindən birinin əsas tərəfdaşına çevrilmək ərəfəsində “Petkim”i Azərbaycana uduzan Vardanyan illər sonra “Dağlıq Qarabağ” naminə Rusiyanı tərk edib və Rusiya pasportunu qaytarıb.
O, 2021-ci ildə 1 milyard dollar sərvətlə Rusiyanın 116-cı ən varlı adamı olub.
“Bir il keçməmiş o, bir çox cinayətlərdə, o cümlədən “beynəlxalq hüquqa görə Azərbaycan ərazisi olan Qarabağa qanunsuz daxil olmaqda və dövləti devirmək məqsədi daşıyan silahlı qiyamın rəhbərlərindən biri kimi fəaliyyət göstərməkdə” ittihamlanmaq təhlükəsi ilə Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq əli qandallı şəkildə Bakıya aparılıb”, - məqalənin sonluğunda deyilir.