Planşetlərin bazar payı artıb

13:00 13.08.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda planşetlərin bazar payı artıb. Bu haqda "Global Stats" analitik şirkəti məlumat yayıb. Məlumata görə, ötən ay planşetlərin ölkəmizdə bazar payı 0.96 faiz təşkil edib. Bu göstərici iyunda 0.67, mayda 0,95 faiz olub. Bundan başqa, ötən ay Azərbaycan bazarında mobil cihazların payı 75.78 faiz, masaüstü kompüterlərin payı isə 23,26 faiz təşkil edib.

Yeri gəlmişkən, planşetlərin qlobal bazarda da payı yüksəlib. 2024-cü ilin ikinci rübündə planşetlərin qlobal bazarda satışı keçən ilin eyni dövrü ilə müqayisədə 22,1 faiz artaraq 34,4 milyon ədədə çatıb. Bu barədə IDC tədqiqat firmasının ilkin hesablamalarında bildirilib. Amerikalı Apple Inc. aprel-iyununda planşet tədarükünü 18,2 faiz (12,3 milyon ədədə qədər) artırıb ki, bu da 11 və 13 düymlük iPad Air və iPad Pro modellərinin payına düşüb. Cənubi Koreyanın "Samsung” şirkətinin plamşetlərinin satışları 18,6 faiz (6,9 milyon ədədə), Çinin "Lenovo” şirkətinin satışları 16,7 faiz (2,5 milyon ədədə qədər) artıb. Eyni zamanda, dünya bazarında üç ən böyük istehsalçının payı azalıb. Belə ki, planşet satışına görə Apple – 36 faizdən aşağı, Samsung – 20 faizdən bir qədər çox, Lenovo - 7,3 faiz paya maikdir. Bu arada, Çinin Huawei və Xiaomi şirkətləri satışlarında əhəmiyyətli artım nümayiş etdirib və  qlobal bazarda iştiraklarını gücləndirib.

Qeyd edək ki, son illər informasiya kommunikasiya texnologiyalarının inkişafı, proqram təminatı sahəsində vəziyyətin yaxşılaşması, elektron xidmətlərin genişlənməsi və internetin sürətinin artması informasiya kommunikasiya texnologiyalarına aid olan məhsullara marağı artırıb. Məhz bununla bağlıdır ki, mobil telefon, planşetlərin və noutbukların yeni modelləri qısa müddətdə Azərbaycana ayaq açır və özünə geniş alıcı kütləsi tapır. Mobil cihazlara yüksək maraqla əlaqədar olaraq ölkəmizdə son illərdə noutbuk və planşetlərin, smartfon telefonlarını alış həcmi artır. Müxtəlif  beynəlxalq təşkilatların apardığı monitorinqlər göstərir ki, insanlar mobil cihazlardan və onlarla bağlı xidmətlərdən daha çox yararlanır. İnsanlar əsasən smartfon telefonlara və planşetlərə maraq göstərir.

Amma son illər həm dünyada, həm də Azərbaycanda planşetlərə olan marağın azalması diqqətdən qaçmırdı. Statistik təhlillər də tədricən planşetlərin bazar payının azaldığını təsdiqləyirdi. Təbii ki, belə bir vəziyyətdə planşetlərin yenidən populyarlaşması maraq doğurur. Bəs, görəsən, Azərbaycan bazarında planşetlərin yenidən populyarlıq qazanmasına səbəb nədir? Bunun yeni tədris ilinin başlaması və COP-29 ərəfəsində bəzi təhsil müəssisələrində dərslərin onlayn formada keçiriləcəyi ilə əlaqəsi varmı?

Məlumat üçün bildirək ki, hazırda yerli mağazalarda müxtəlif qiymətə smatfon, planşet, noutboklar tapmaq mümkündür. Qiymətlər, məhsulun firmasına, yaddaşına və funksiyalarına görə dəyişir. Məsələn, yerli elektronika mağazalarında planşetlərin qiyməti 199 manatdan başlayır. Ən bahalı planşetlərin qiyməti isə 4249,99 manatdır. Bəzi mağazalarda ən ucuz planşetlərə 30-40 manat, ən bahalı planşetlərə 400 manat endirim təklif olunur. Smartfonların qiymətinə gəlincə, ən ucuz smartfonlar 160 manatdan başlayır. Ən bahalı smartfonlar isə 5000 manatdır. Hazırda bazarda ən ucuz noutbuk 130 manat endirimlə 569,99 manata təklif edilir. Ən bahalı noutbuk 600 manat endirimlə 9699,99 manata təklif olunur.

Mövzunu qəzetimizə şərh edən Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, insanlar smartfonlar vasitəsilə bir sıra məsələləri həll etsələr də, iş və təhsil mühiti üçün daha geniş ekranlı texnoloji vasitələr əlverişli sayılır: “Bu gün həm də səyahət edən insanlar üçün planşet və noutbukdan istifadə etmək əlverişlidir. Hazırda noutbuklar o qədər aktual deyil. Çünki insanlar daha rahat hərəkət etmək istəyirlər. Planşet həm distant təhsil, həm məsafədən iş, həm də səyahətdə olan insanlar üçün əlverişli hesab olunur. Müşahidələr göstərir ki, telefon istifadəçiləri də daha geniş ekran konfortu üçün planşet istifadəsini artırıb. Eyni zamanda, bir çox texnologiyalar var ki, “bulud” üzərindən istifadə olunur. Hansı ki, istifadəçi həmin texnologiyanı smartfon üzərindən o qədər də istifadə edə bilmir. Hesab edirəm ki, məhz bu səbəbdən planşet daha üstün texnologiya halına gəlib. Məsələn, əvvəllər şəkilləri montaj etmək üçün bizə güclü kompüter və noutbuklar lazım idi. İndi hamısı “bulud” texnologiyasında olduğu üçün bizim güclü kompüter və noutbuklara ehtiyacımız yoxdur. Bu kimi məsələləri artıq planşetlə həll etmək mümkündür. Düşünürəm,  hazırda planşet satışının artması “bulud” texnologiyalarının inkişafı ilə əlaqəlidir. Yaxın aylarda da artım tendensiyası davam edəcək”.