Polietilen torbalara qadağa yenidən gündəmdə

21:43 22.05.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

 

 

Bununla bağlı qərar müvafiq dövlət qurumlarının müsbət rəyindən sonra qüvvəyə minəcək

 

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi bütün digər maraqlı qurumlar və məsləhətçilərlə birlikdə polietilen torbalardan istifadə ilə bağlı təkliflər paketinin tətbiq olunması cədvəlini hazırlayıb. Burada onların təkcə pullu olması, məhdudlaşdırılması deyil, digər məsələlər də öz əksini tapıb. Sənədlər hazırdır və müvafiq dövlət qurumlarının müsbət rəyindən sonra qüvvəyə minəcək”. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, sənədlərdəki tədbirlərdən biri qalınlığı 15 mikrona qədər olan plastik polietilen torbaların Azərbaycanda satışı, idxalı və istehsalının tam qadağan edilməsidir: “Həmçinin sənədlərdə 15 mikrondan çox plastik polietilen torbaların satışının pullu olması da öz əksini tapıb. Bu, dünyada qəbul olunmuş praktikadır və çox yaxşı nəticələr verib, müxtəlif ölkələrdə polietilen paketlərin istifadəsi azalıb. Bu təcrübə Gürcüstan, Türkiyə və digər ölkələrdə tətbiq edilib və polietilen paketlərdən istifadənin kəskin azalmasına səbəb olub. Azərbaycanda həmin təcrübənin tətbiqi elan olunacaq, lakin hələ ki, bununla bağlı dövlətin qərarı yoxdur”.

Məlumat üçün bildirək ki, araşdırmalara görə, sellofan paketlər alıcılar tərəfindən orta hesabla 12 dəqiqə istifadə olunur. Məhsul paketdən çıxarıldıqdan 12 dəqiqə sonra təbiətə atılan bu paketlərin torpağa qarışması üçün 100 illər lazımdır. ABŞ-da ekoloqların araşdırması nəticəsində məlum olub ki, hər il dünyada 500 milyard (qeyri-rəsmi məlumatlara görə - 1 trilyon) sellofan torba istehsal edilir. Dünyada hər 1 dəqiqədə isə 1 milyon polietilen torba zibil qutusuna atılır. Polietilenin çürüyərək yox olması üçün torpaqda 800 il, dənizdə isə 400 il lazım gəlir. Yəni, alış-verişlərin ən başlıca yardımçısı hesab edilən bu torbaların təbiətə vurduğu zərər sayılmayacaq dərəcədə çoxdur. Bunu nəzərə alan dünya ölkələri artıq sellofan paketlərdən imtina edir. Ümumilikdə 40 ölkədə plastik məhsulların istifadəsi məhdudlaşdırılıb. Bəzi ölkələrdə hətta turistlərin polietilen məhsullarla gəlməsinə belə icazə verilmir. Bir sıra ölkələrdə isə plastik qablaşdırma tullantılarının 60-70 faizi təkrar emal edilir.

Azərbaycan Dövlət Statistika Komitəsinin hesablamalarına görə isə 2017-ci ildə Azərbaycanda istehsal olunan plastik qablaşdırma məhsullarının həcmi 2010-cu illə müqayisədə təqribən 2,5 dəfə artıb, eyni zamanda, 2009-cu illə müqayisədə 5 dəfə çox plastik qablaşdırıcı idxal edilib. Ölkədə hər il orta hesabla adambaşına 24 kiloqram plastik tullantı yaranır. Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi baxımından onların səmərəli idarə olunması ilə bağlı tədbirlər görülməsi zəruri sayılır.

Son illərdə Azərbaycanda da bu istiqamətdə bir çox məqsədyönlü işlər görülüb. Belə ki, ölkəmizdə emal və xidmət müəssisələrinin qurulmasına dəstək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 1947 nömrəli Sərəncamı ilə Balaxanı Sənaye Parkı yaradılıb. Eyni zamanda, Prezident İlham Əliyev 2019-cu il fevralın 7-də “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Tədbirlər Planı plastik qablaşdırma məhsullarının kütləvi istifadəsinin bitkilərə, heyvanlara, torpaq və su resurslarına mənfi təsirinin qiymətləndirilməsi əsasında bu sahədə çirklənmənin azaldılması ilə bağlı nəzərdə tutulan tədbirlərin icrası məqsədilə hazırlanıb. Tədbirlər Planının hazırlanması məqsədilə ölkəmizdə bu sahə üzrə mövcud vəziyyət araşdırılıb, habelə beynəlxalq təcrübəyə əsaslanaraq plastik qablaşdırma tullantılarının toplanması, daşınması, utilizasiyası və təkrar emalı zənciri boyu yüksək səmərəlilik və keyfiyyət səviyyələri, tənzimləyici mexanizmlər, istifadə olunan idarəetmə prinsipləri və digər istiqamətlər üzrə təhlillər aparılıb. Həmçinin ölkədə bu sahədə vəziyyətin yaxşılaşdırılması üçün dünyanın qabaqcıl ölkələrinin analoji təcrübələrindən istifadə edilərək strateji məqsədlər müəyyənləşdirilib.Tədbirlər Planı 2020-ci ilədək strateji baxışı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışını əhatə edir. Burada sahə üzrə idarəetmənin səmərəliliyinə və yüksək xidmət səviyyəsinə nail olmaq üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Yeri gəlmişkən, bu ilin əvvəlində Ekologiya və Təbii Sərvətlər Nazirliyində plastik tullantıların ətraf mühitə mənfi təsirlərinin aradan qaldırılmasında marketlərin rolu mövzusunda görüş də keçirilib. Görüşdə plastik və polietilen məhsulların ətraf mühiti çirkləndirmək, şəhərin gözəlliyini korlamaqla yanaşı, bioloji müxtəlifliyə zərər verdiyi vurğulanıb. Qeyd olunub ki, heyvanlar plastik məhsulları qida ilə səhv salır və nəticədə hər il 100 min heyvan bu səbəbdən ölür. Heyvanların ölümündən sonra parçalanmamış qalan plastikləri digər heyvanlar yeyir və nəticədə “ölüm zənciri” yaranır.

Sözügedən görüşdə həmçinin bir sıra marketlərdə plastik və polietilen məhsulların əvəzləyicilərinin təbliği məqsədilə maarifləndirici aksiyalar keçirildiyi diqqətə çatdırlıb. Belə ki, “Yaşıl fikirlə sağlam gələcəyə doğru”, “Təbiəti qoru, özünü qoru” şüarı ilə təşkil olunan aksiyalar zamanı polietilen torbalar əvəzinə ekoçantalardan istifadəyə üstünlük vermək məqsədilə bir neçə marketdə alıcılara ekoçantalar paylanılıb. Təkliflər arasında satıcılara polietilen torbalardan və plastik qablaşdırma məhsullarından istifadənin məhdudlaşdırılması istiqamətində təlimlər keçirilməsi, ekoloji təmiz çantaların satışına daha çox şərait yaradılması, onların satışı üçün daha çox rəfin ayrılması, ekoçantaların və biopaketlərin kassalara daha yaxın və müştərilərin diqqətini dərhal cəlb edəcək yerlərdə satışlarının təmin edilməsi, bir dəfə istifadəyə yararlı olan plastik qabların satışının məhdudlaşdırılması, ekoçantaların alınması üçün müəyyən güzəştlərin və endirim aksiyalarının tətbiqi, satıcıların müştəriləri ekoçantaların və biopaketlərin satışına sövq etməsi yer alıb.

Məsələyə münasibət bildirən ekoloq Telman Zeynalov da hesab edir ki, bu məhsullardan ən böyük ziyan təbiətə və ordan da dolayısı ilə insana dəyir: “Digər tərəfdən, sellofan torbalar başqa məişət tullantılarından çox yüngül olduğundan küləkli Bakıda qısa müddətdə uzun yol qət etmələri mümkündür. Ağacların başına ilişib qalan torbaları isə təmizləmək kimsənin ağlına gəlmir. Bu mövzunu dəfələrlə qaldırsam da nəticəsi olmayıb. Biz tələb edirdik ki, həmin sellofan torbaları istehsal edib ondan külli miqdarda pul qazananlar ekologiyaya vurduqları ziyanı da qarşılasınlar. Ən azından həmin torbaların təbiətdən təmizlənməsində iştirak etsinlər. Belə olan təqdirdə görülən işlərin effekti daha böyük olar”.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin sürətləndirilməsinə ehtiyac var: "Bu gün bir çox dünya ölkələrində bu torbaların istifadəsindən imtina edilib. Lakin keçmiş MDB məkanında, Rusiyada, Ukraynada, Azərbaycanda çox nazik sellofan torbalar hələ də satılır. Azərbaycanda supermarket sahibləri elə başa düşür ki, bu torbalarla istehlakçılara yüksək səviyyədə xidmət göstərirlər. Əslində bu torbalar ətraf mühiti və ekologiyanı sürətlə çirkləndirir. Həmçinin bu torbaları yandırdıqda havaya qaz buraxılır. Bu sahədə bu gün Azərbaycanda müxtəlif problemlər mövcuddur”.

E.Hüseynovun sözlərinə görə, ölkəmizdə bununla bağlı xüsusi komissiya fəaliyyət göstərir: “Sözügedən komissiya əsasən tullantıların idarə olunması işini həyata keçirməklə məşğul olur. Əsas məqsəd Azərbaycanda polietilen torbalardan tamamilə imtinaya nail olmaqdır. Hətta sırf bu məqsədlə Azad İstehlakçılar Birliyinin həyata keçirdiyi bir neçə layihə də var. Misal üçün, çalışırıq ki, köhnə bazar torbalarının yenidən istifadəsinə nail olaq. Sellofan torbalar istehlakçılara daha baha qiymətə satılmalıdır ki, bu torbalardan az istifadə olunsun. Bu sahədə müxtəlif maarifləndirmə işi də aparılır. Həmin torbaların yandırılması, kompakt şəkildə toplanması istiqamətində işlər aparırıq”.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Sosial rubrikasından digər xəbərlər