Polisə immiqrantları deportasiya etmək səlahiyyəti verilir

09:43 21.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya təhlükəsizlik qüvvələrinə mühacirləri məhkəmə qərarı olmadan deportasiya etmək səlahiyyəti verən qanun layihəsi Dumada birinci oxunuşda bəyənilib.

Hafta.az-ın yazdığına görə, beləliklə, immiqrantların deportasiya müddətinin əhəmiyyətli dərəcədə qısaldılması və əcnəbilərin saxlanıldığı müvəqqəti gözləmə mərkəzlərində sıxlığın azaldılması hədəflənir.

Qanun layihəsi nəhayət təsdiqlənərsə, Daxili İşlər Nazirliyinə tabe olan qurumların məsul şəxsləri immiqrantları deportasiya etmək səlahiyyətinə malik olacaqlar.

MDB-dən olan əcnəbi mühacirlərin Rusiyada vizasız qalma müddətinin ildə 180 gündən 90 günə endirilməsi təklif edilir.

Bu arada, Rusiya Daxili İşlər Nazirliyi yanvarın 1-dən bu yana 30 mindən çox əcnəbinin qanunu pozduğuna görə deportasiya edildiyini açıqlayıb. Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk bu rəqəmin "keçən il təxminən iki dəfə" olduğunu bildirib.

Bundan əlavə, təxminən 100 min əcnəbinin Rusiyaya girişi qadağan edilib. 2023-cü ilin eyni dövründə qadağaların sayı 55 faiz az olub.

Volk qeyd edib ki, ötən il ərzində müxtəlif qanun pozuntularına görə əcnəbi vətəndaşlara qarşı 2,3 milyondan çox inzibati prosedur və protokol tərtib edilib, bu ilin birinci rübündə isə bu rəqəm 700 min civarında olub.

Digər tərəfdən, rəsmi məlumatlara görə, bu ilin ilk 5 ayında əcnəbilər 5 faiz az cinayət törədiblər. Əcnəbilər tərəfindən törədilən ağır cinayətlərin sayı 21 faiz azalıb.

Oxunma sayı 193