Moskva vilayətində cümə namazı zamanı Rusiya çevik polisi OMON əməkdaşları məscidə daxil olaraq şəxsiyyət vəsiqəsini yoxlayıb və namazın tamamlanmasına imkan verməyiblər. Bu, müxtəlif dairələrin reaksiyasına səbəb olub.
Hafta.az-ın yazdığına görə, Müsəlmanların Ruhani İdarəsinin rəhbəri, müfti Ruşan Abyasov “Kommersant”a bildirib ki, məscidə basqın iyulun 7-də cümə namazı zamanı həyata keçirilib. Müsəlmanlar yerli dini qurumun icarəyə götürdüyü məkanda namaz qıldığı vaxt OMON əməkdaşları içəri daxil olub, namazın tamamlanmasına imkan verməyiblər və çox kobudluq ediblər.
İnsan Hüquqları Şurasının üzvü Kirill Kabanov basqının yaşayış binasında dini qurumun olması ilə bağlı yerli əhalinin şikayətləri əsasında edildiyini bildirib.
Daxili İşlər Nazirliyindən bildirilib ki, polisin sözügedən hadisə ilə heç bir əlaqəsi yoxdur.
Təhlükəsizlik qüvvələrinin Kotelnikov məscidinə basqın etməsi və namaz zamanı müsəlmanlarla kobud rəftar etməsi müsəlman xalqların yaşadığı Çeçenistan və Dağıstandan reaksiya alıb.
Çeçenistan prezidenti Ramzan Kadırov, sonra isə Dağıstan prezidenti Sergey Məlikov Moskva yaxınlığındakı Kotelniki məscidinə basqın edən hüquq-mühafizə orqanlarının əməkdaşlarının hərəkətlərini tənqid edib.
"Moskva vilayətində məsciddə baş verənlərin görüntülərini görmək mənim üçün çox xoşagəlməz oldu", - Dağıstan rəhbəri Telegram-da bildirib. “Mən öz təcrübəmdən bilirəm ki, təhlükəsizlik qüvvələri vəzifədədir, amma başqalarının dini hissləri heç vaxt incitilməməlidir! Bu məmurların mübarək cümə günü məscidə basqın etmək qərarı nə dərəcədə haqlı idi və izahatlarında niyə bu qədər cilovsuz idilər? Məgər bu insanlar başa düşmürlər ki, onların hərəkətləri xidmət etdikləri struktura kölgə sala bilər?”, - o, mesajını paylaşıb.
Digər tərəfdən, hadisəni tənqid edən Çeçenistan lideri Ramzan Kadırov bunu təxribat kimi qiymətləndirib və Dövlət Dumasının deputatı Adam Delimxanova məsələni ətraflı şəkildə araşdırmağı tapşırıb.
Basqının görüntüləri əvvəlcə Telegram kanalı “Baza” tərəfindən yayımlanıb, ardınca müxtəlif dairələrdən reaksiyalar verilib.