Polşa Ukraynaya silah tədarükünü dayandırdı

09:10 21.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Polşanın baş naziri Mateusz Moraviecki “Polsat” telekanalına müsahibəsində ölkəsinin artıq Ukraynaya silah vermədiyini bildirib.

Hafta.az-ın TASS-a istinadən yazdığına görə, Moravetski bəyan edib ki, Polşa ordusu çox qısa müddətdə Avropanın ən güclü ordularından birinə çevrilməlidir, ona görə də Varşava Kiyevə silah ötürülməsini dayandırıb.

Polşa Ukraynaya ən çox silah və sursat yardımı edən ölkələr sırasındadır və sərhəd qonşusu olduğu üçün Qərbdən gələn silah və sursatların əksəriyyəti bu ölkə vasitəsilə Ukraynaya keçirilir.

Avropa Komissiyasının qərarına zidd olaraq Varşavanın Ukrayna taxıl tədarükünə embarqonu uzatmaq qərarına görə Polşa ilə Ukrayna arasında münasibətlərdə soyuqluq yaranıb.

Macarıstan və Slovakiya da Ukrayna məhsullarına qadağa qoyub. Onlar yerli fermerlərin maraqlarını müdafiə etdiklərini bildirirlər.

Ukrayna prezidenti Vladimir Zelenski BMT Baş Assambleyasındakı çıxışında deyib ki, bəzi Avropa ölkələri həmrəyliyə xələl gətirir və “siyasi teatr oynamaqla taxıldan triller hazırlayırlar”.

Polşa Xarici İşlər Nazirliyi Ukrayna səfirini çağıraraq Kiyevin mövqeyi ilə razılaşmadığını bildirib.

Rəsmi Varşava israr edir ki, onlar polşalı fermerlərin maraqlarından çıxış edir, çünki Ukraynadan taxıl axını səbəbindən məhsulun qiyməti aşağı düşüb.

Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki, Kiyev bəzi mallara cavab embarqosu tətbiq edə bilər. Sentyabrın 18-də Ukrayna taxıl idxalı qadağasının uzadılması ilə bağlı Ümumdünya Ticarət Təşkilatına Polşa, Macarıstan və Slovakiyaya qarşı iddia qaldırıb.

Polşa və Ukrayna prezidentləri Anjey Duda ilə Vladimir Zelenski arasında əvvəllər planlaşdırılan görüş Dudanın vaxtının olmaması səbəbindən ləğv edilib.