Polşada 4 suala cavap almaq üçün referendum keçiriləcək

09:27 15.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Polşalıların Polşa-Belarus sərhədi boyunca hasarın götürülməsinə razı olub-olmaması oktyabrın 15-də keçiriləcək ümumi seçkilərlə birlikdə keçiriləcək referendumun dördüncü məsələsi olacaq.

Hafta.az-ın yazdığına görə, Polşanın müdafiə naziri Mariusz Blaşçak sosial media hesabında yayımladığı videoda 15 oktyabrda keçiriləcək ümumi seçkilərlə birlikdə keçirilməsi tövsiyə edilən referendumda soruşulacaq 4 sualdan sonuncusunu açıqlayıb. Blaşçakın sözlərinə görə, referendumda iştirak edən polyak seçiciyə "Polşa Respublikası ilə Belarus Respublikası arasındakı sərhəddəki maneənin aradan qaldırılmasının tərəfdarısınızmı?" sualı veriləcək.

Polşanın Rusiyanın növbəti hədəfi ola biləcəyini iddia edən Blaşçak, "Təhlükəsizliyimiz həqiqətən təhdid altındadır. Bu səbəbdən də Polşa Ordusunu daim gücləndiririk" deyib.

Blaşçak Rusiyanın artan təcavüzü qarşısında Polşanın gücsüz qalmasına imkan verməyəcəklərini vurğulayıb və müxalifəti ölkənin təhlükəsizliyinə töhfə verməməkdə ittihamlayıb.

Sərhəd çəpəri 2021-ci il miqrant böhranı fonunda, yüzlərlə miqrant Belarusdan Polşaya daxil olmağa çalışarkən tikilib. Polşa hökuməti Belarus hakimiyyətini həm Polşada, həm də Avropa İttifaqında sabitliyi pozmaq üçün böhranı gücləndirməkdə ittihamlayıb.

Bu arada, Polşanın Baş naziri Mateusz Morawiecki oktyabrın 15-də baş tutacaq ümumi seçkilərlə birlikdə keçiriləcək referendumda Avropa İttafıqına üzv ölkələrdə mühacirlərin yerləşdirilməsi planı da daxil olmaqla, vətəndaşlara 4 məsələdə sual ünvanlanacağını açıqlayıb.

Hakim Hüquq və Ədalət Partiyasının lideri və Baş nazirin müavini Yaroslav Kaçinski avqustun 11-də dərc olunan mesajında ​​elan edib ki, planlaşdırılan ümumxalq səsverməsinin birinci sualında iştirakçılardan dövlət müəssisələrinin satılmasını dəstəkləyib-dəstəkləmədikləri soruşulacaq. 

Partiyanın vitse-prezidenti Beata Szidlo da avqustun 12-də bildirib ki, ikinci sualda polyaklardan pensiya yaşının artırılmasını dəstəkləyib-dəstəkləmədikləri öyrəniləcək.

Avropa İttifaqının təklif etdiyi yeni immiqrasiya siyasəti ilə bağlı milli referendum olaraq keçirilməsi planlaşdırılan referendum ümumilikdə 4 sualdan ibarət olacaq.

Referendumla bağlı bütün suallar parlamentin aşağı palatası olan Seymə təqdim olunacaq və məsələnin avqustun 16-da və ya 17-də Seymdə müzakirə ediləcəyi gözlənilir.

Siyasət rubrikasından digər xəbərlər