Müstəqil Azərbaycan Respublikasının ilk ədliyyə naziri olmuş Əlisaab Orucovla «Həftə içi» üçün bu dəfəki söhbətimizdə onun 1988-1991-ci illərdə Azərbaycan hökumət rəhbərliyinin tapşırığıyla Qarabağda baş qaldıran erməni separatçı-terrorçu hərəkatına qarşı mübarizə apardığı dövrdə Moskva canişinlərinin idarəçiliyi ilə hazırda torpaqlarımızda olan Rusiyanın “sülhməramlı” adlanan kontingentinin davranışları arasındakı bənzərlik haqda danışdıq. Həmsöhbətimiz indi olduğu kimi, o dövrdə də Kremlin erməni separatçılarının silahlanması üçün şərait yaratması barədə şahidi olduğu faktlardan bəhs etdi.
- Əlisaab müəllim, Siz o dövrdə respublikanın ədliyyə naziri olsanız da, 1988-1991-ci illərdə Azərbaycan hökumət rəhbərliyinin tapşırığıyla Qarabağda baş qaldıran erməni separatçı-terrorçu hərəkatının təşkilinə, Moskva və İrəvanın dəstəyi ilə oraya canlı qüvvə və silah-sursat daşınmasına, eləcə də soydaşlarımızın iş yerlərindən və yaşayış yerlərindən qovulmasına qarşı bacardığınız qədər mübarizə aparmısız. Həmin mübarizə zamanı ovaxtkı SSRİ rəhbərliyinin Qarabağa təhkim etdiyi Arkadi Volski və Viktor Polyaniçko kimi Kreml canişinləri ilə də üzbəüz gəlmisiz. Maraqlıdır ki, hazırda, artıq iki il yarımdır Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiyanın “sülhməramlı” adlanan kontingentinin davranışlarıyla o vaxt Qarabağda qurulmuş sovet-rus qurumlarının idarəçiliyi arasında hansısa paralellər aparmaq olarmı?
– O dövrdə olduğu kimi, indi də Moskva Azərbaycana imperiya xisləti ilə yanaşır. Hətta hazırda Azərbaycan artıq 32-ci ildir müstəqil olsa da, Rusiya rəhbərliyi yenə bizimlə bəzən gizli-açıq təzyiq-təhdid yolu ilə davranır... Konkret 1988-1991-ci illərə gəldikdə, onu deyim ki, 1988-ci ilin iyunundan Qorbaçov tərəfindən Qarabağa göndərilmiş və 1989-cu ilin yanvarından həmin ilin noyabrınadək Xüsusi İdarə Komitəsinə rəhbərlik etmiş Arkadi Volski də, 1990-cı ilin yanvarından 1991-ci ilin payızınadək Respublika Təşkilat Komitəsinin sədri olmuş Viktor Polyaniçko da keçmiş Dağlıq Qarabağda xüsusi səlahiyyətlərə malik idilər. Onlar, əslində, heç respublikanın rəhbərliyi ilə hesablaşmırdılar. Hətta yeri gəldikdə, respublika rəhbərliyinə tapşırıq və göstərişlər də verirdilər. Onlar ovaxtkı Dağlıq Qarabağla bağlı tutduqları vəzifə ilə əlaqədar həm də SSRİ Nazirlər Kabineti sədrinin, başqa sözlə, SSRİ Baş nazirinin müavini idilər. Hər ikisini Moskva təyin etmiş, tabeliklərində böyük hərbi arsenal və silahlı qüvvələr var idi. Həmin dövrdə SSRİ ərazisində fəaliyyət göstərən bütün nazirliklər, komitələr, idarələr və təşkilatlar onların birbaşa müraciətləri ilə Qarabağda yerləşdirilmiş ermənilərin maraqlarını təmin edən işləri yerinə yetirirdilər. Camaat arasında bəzən belə bir fikir dolaşır ki, guya Polyaniçko Qarabağda Respublika Təşkilat Komitəsinə rəhbərlik edərkən Azərbaycanın xeyrinə böyük işlər görmüşdür. Belə düşünmək yalnız və yalnız sadəlöhvlükdür. Heç vaxt unutmaq lazım deyil ki, Polyaniçko da Volski kimi M.Qorbaçovun bizim respublikaya göndərmiş olduğu nümayəndəsi idi və yalnız onun tapşırıqlarını yerinə yetirirdi...
SSRİ Ali Soveti Rəyasət Heyətinin Dağlıq Qarabağda xüsusi idarəetmə komitəsinin yaradılması ilə əlaqədar olan 12 yanvar 1989-cu il tarixli fərmanına əsasən Volskinin dövründə Azərbaycan SSR-in keçmiş Dağlıq Qarabağ üzərində olan suveren hüquqlarından məhrum edilməsindən istifadə edən ermənilər Qarabağda qeyri-rəsmi olaraq Moskvanın köməyi və dəstəyi ilə minlərlə döyüşçünü birləşdirən silahlı dəstələrinin yaradılıb yerləşdirilməsinə nail oldular. Bundan sonra SSRİ Nazirlər Soveti 1990-cı il 22 may tarixində Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti üzərində suveren hüquqlarının “bərpası” ilə əlaqədar 493 saylı qərar qəbul etmişdi. Moskva həmin qərarın icrasını ovaxtkı Dağlıq Qarabağa faktiki rəhbərlik edən V.Polyaniçkonun sədri olduğu Respublika Təşkilat Komitəsinə tapşırmışdı. O da diqqətəlayiq faktdır ki, Kreml həmin qərarı məxfi saxlayaraq bu sənəd barəsində o günlərdə respublika ictimaiyyətinin məlumatlandırılmasına imkan verməyib. Hətta nazir olsam da, mənim də bundan xəbərim olmayıb. Mənə bu haqda yalnız 2000-ci illərin əvvəlində “Mübarizəmiz Qarabağdadır” kitabı üzərində işləyərkən 1988-1991-ci illərdə Qarabağda fəaliyyət göstərmiş Azərbaycan Daxili İşlər Nazirliyinin bir səlahiyyətli nümayəndəsi tərəfindən məlumat çatdırılıb... O zaman bəhs edilən qərarın icrasının Azərbaycan Respublikası hökumətinə həvalə edilməsi əvəzinə, Təşkilat Komitəsinə tapşırılması, Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüquqlarını bərpa etməsinə qəsdən əngəllər yaratmışdı. Bundan sonra Polyaniçkonun Respublika Təşkilat Komitəsinə rəhbərlik etdiyi dövrdə ermənilər Qarabağdakı qanunsuz silahlı dəstələrindəki döyüşçülərinin sayını 10 min nəfərə çatdırmışdılar...
– Bildiyimizə görə, Yuxarı Qarabağda erməni separatizminə qarşı mübarizə apardığınız dövrdə Ermənistanın terrorçu eks-prezidenti Robert Köçəryanla rastlaşıb ona da sözünüzü demisiz?
– Bəli... Dağlıq Qarabağın azərbaycanlı əhalisi 1988-ci ilin mart-aprel aylarından çalışdıqları idarə və müəssisələrə buraxılmadı və bununla da ermənilər azərbaycanlılara qarşı mənəvi terrora başladılar. Vilayətin ipək kombinatında çoxlu sayda azərbaycanlı çalışırdı. Onlar da başqa müəssisələrdəki azərbaycanlılar kimi işə buraxılmırdılar. Kombinatın partiya təşkilatının katibi Robert Köçəryanla(Ermənistan Respublikasının keçmiş prezidenti) görüşüb söhbət etdim. Onu xəbərdar etdim ki, azərbaycanlıların kombinatda qalıb işləmələrinə şərait yaradılmalıdır. Söz verdi ki, azərbaycanlılar qalıb kombinatda işləyəcəklər. Lakin çox çəkmədi ki, ipək kombinatında bir nəfər də azərbaycanlı qalmadı. Beləliklə, ermənilər mənəvi terror yoluyla vilayətdə yaşayan azərbaycanlı əhalini iş yerlərindən məhrum edirdilər ki, onlar işsizlikdən bezərək öz dədə-baba yurdlarını tərk etməyə məcbur olsunlar. Bunların qarşını almaq məqsədi ilə vilayətdə yaşayan azərbaycanlıların peşələrinə uyğun olaraq yaşadıqları ərazilərdə yeni iş yerləri yaratmalı olurduq. Xankəndindən işdən qovulmuş sürücülərə Xocalıda, ipəkçilərə Kosalarda, toxuculara Kərkicahanda, çəkməçilərə Cəmillidə və sair kəndlərdə peşələrinə uyğun olan iş yerləri yaradıldı. Xocalıda toxuculuq kombinatının filialının və digər müəssisələrin inşasına başlandı. Bəzən elə olurdu ki, vilayətə rəhbərlik edən ruslara arxalanan ermənilər azərbaycanlılar üçün yeni iş yerlərinin yaradılmasına heç cür imkan vermirdilər...
Kərkicahan kəndində(bu kənd son vaxtlar Xankəndinin 26-cı məhəlləsi adlanırdı) yaşayan azərbaycanlılarla belə qərara gəldik ki, məhəllənin aşağı hissəsində olan fermanın binasında yenidənqurma işləri aparıb, toxuculuq sexi yaradaq. Orada işlər başlanan kimi ermənilər hücum çəkib işin getməsinə maneçilik törətdilər. Camaata ermənilərə əhəmiyyət verməyb öz işlərində olmalarını tapşırdım. Azərbaycanlılar erməniləri oradan qovub işi davam etdirdilər. Ertəsi gün mənə xəbər çatdı ki, Volski rus hərbçilərinin vasitəsi ilə həmin tikinti gedən binanı mühasirəyə aldırıb...
Kərkicahana getdim. Ora çatanda gördüm ki, həqiqətən də bina rus hərbçiləri tərəfindən mühasirəyə alınıb, bir tərəfdə ermənilər, digər tərəfdə isə bizim camaat dayanıb. Oradan birbaşa Volskinin komitəsi olan qərargaha yollandım. Qərargahda ona bildirdim ki, ya sex yaradılmalıdır, ya da azərbaycanlılar əvvəlki iş yerlərinə qaytarılmalıdır. Çox danışıqdan sonra onunla birlikdə fermaya gəldik. Volski orada dedi ki, fermaya yaxın olan ərazidə ermənilər yaşadığına görə sexin bu yerdə təşkil olunması qeyri-mümkündür. Bədbəxt hadisələr baş verə bilər. O, Dağlıq Qarabağdan azərbaycanlıları təmizləmək siyasətini belə həyata keçirirdi...
“Vilayətdə yalnız ermənilər yaşamalıdır ki, qırğın olmasın”, - deyən Volski öz fəaliyyətində bu yolu rəhbər tuturdu. Bu siyasət SSRİ rəhbərliyinin ermənilərlə birlikdə Dağlıq Qarabağda yaratdıqları mənəvi terrorun əsasını təşkil edirdi...
– Bəs Volski “Burada sex tikmək olmaz, bədbəxt hadisələr baş verə bilər”, – deyəndən sonra Azərbaycan rəhbərliyini təmsil edən yüksəkvəzifəli bir şəxs kimi Kərkicahandakı soydaşlarımızın işsiz qalmaması üçün başqa vasitələrə əl atdınızmı?
– Əlimizdən gələni etdik. Axı mən Volskinin qarşısında tələb qoymuşdum ki, Kərkicahanda sex tikilmirsə, camaat əvvəlki iş yerlərinə qaytarılmalıdır. Buna görə də Volski onunla birgə Moskvadan gəlmiş general-leytenant Kupreyevi mənimlə birgə yanına dəvət edərək ona bu məsələ ilə məşğul olmağı və azərbaycanlıların Xankəndidəki əvvəlki iş yerlərinə qaytarılmasını təmin etməyi tapşırdı. Həmin generalla razılaşdıq ki, bir neçə kərkicahanlını özü ilə bərabər Xankəndinə aparıb İpək Kombinatındakı işlərinə bərpa elətdirsin. General Kupreyev azərbaycanlılarla birgə kombinata daxil olan kimi ermənilər onlara hücum edir və hətta rus generalın da yaxasından yapışaraq onun qalstukunu dartıb boynundan çıxarırlar. Həmin vaxt mən Kərkicahanda idim. Kombinata gedənlər geri dönüb başlarına gələni mənə danışdılar. Bundan sonra mən ikinci dəfə kombinatın rəhbəri Köçəryanın kabinetinə gedib ona sərt şəkildə dedim ki, axı sən azərbaycanlıların iş yerlərinə qayıdacağına söz vermişdin. Əksinə, rəhbəri olduğun müəssisədə nəinki geri qayıdan azərbaycanlıları qəbul etmir, Moskvadan gələn generalı da döyüb qovqklar. Mən ona daha ciddi şəkildə xəbərdar etdim ki, sənə vaxt verirəm, azərbaycanlıların iş yerlərinə qayıtmasını təmin et. Cavabında Köçəryan dedi ki, bu, çox çətin olacaq, erməni camaatı azərbaycanlıları yaxın qoymaq istəmir. Bundan sonra general Kupreyevin yanına gudib onunla səmimi söhbət etdim. O, bildirdi ki, real vəziyyəti görürsüz, bu qaydada işləmək mümkün deyil. Qeyd edim ki, həmin rus general vicdanlı insan idi, Qarabağda haqq-ədalətin bərpası, azərbaycanlıların təqib olunmaması üçün əlindən gələni etməyə çalışırdı. Lakin Moskvanın da separatçı və ekstremistlərin qarşısını almaqda maraqlı olmadığını görərək Kupreyev tezliklə Qarabağı tərk edib Rusiyaya dönmüşdü...
Bu minvalla rus general da soydaşlarımızı iş yerlərinə qaytarmağı təmin edə bilmədikdən sonra Nazirlər Soveti qarşısında məsələ qaldırdım ki, o vaxtkı Dağlıq Qarabağda azərbaycanlılar daha sıx, kompakt yaşadıqları yerlərdə işsiz qalıb, tədbir görmək lazımdır. Nəticədə Nazirlər Sovetindən Azərbaycan SSR yüngül sənaye naziri Zöhrab İbrahimova tapşırıldı ki, Qarabağdakı soydaşlarımızın işlə təmin edilməsi ilə məşğul olsun. Z. İbrahimov əməkdaşlarıyla birgə Ağdama gəldi və mən onu qarşılayıb Kərkicahana gəlməsini təmin etdim. Orada 5 gün ərzində camaatla görüş keçirildi, onların ərizələri alındı və bu minvalla 1860 nəfər kərkicahanlını işlə təmin etdik. O vaxt “ev əməyi” deyilən qanuni bir iş sistemi vardı. Belə ki, insanlara material və ləvazimat verilir, onlar da verilən sifarişləri evdə toxuyub hazırlayıb dövlətə təhvil verib aylıq maaşlarını alırdılar. Beləliklə, Kərkicahandakı azərbaycanlı toxucular işlə təmin olundu. Eyni sistemlə Kosalardakı ipəkçilər də işlə təmin edildi. Bu sistem, demək olar ki, o ərazilər işğal edilənədək işlədi və Qarabağdakı vətəndaşlarımız həmin müddətdə işsiz qalmadı...
Kitabımda da qeyd etdiyim kiçik, amma Kremlin şovinist xislətli canişinlərinin əsl sifətini göstərən bir epizodu da xatırlatmaq yerinə düşər. Günlərin birində Ağdamda keçirilən mitinqdə Viktor Polyaniçko ona etiraz edən xalq kütləsini ələ almaq üçün: “Ya vaş, ya vaş”, - deyə səsini qaldırdı. Moskva canişini tələffüzdə ikibaşlı məna kəsb edən “Ya vaş” (“Mən sizinəm”) deməklə azərbaycanlıları razı salmaq və digər tərəfdən, “Ya vaş!” (Sakit olun!) mənasında işlətməklə bundan xəbər tuta biləcək erməniləri narazı salmamaq məqsədi güdürdü...
– Məlumdur ki, bu gün Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiyanın “sülhməramlı” kontingentinin komandanlığı torpaqlarımızda olduğu son iki il 5 ay ərzində Azərbaycan tərəfinin dəfələrlə xəbərdarlıqlarına rəğmən hər vasitə ilə separatçı-terrorçu erməni rejiminin qanunsuz hərbi birləşmələrinə silah-sursat çatdırılmasını təmin etməyə çalışır. Yəqin ki, 1988-1991-ci illərdə Qarabağdakı sovet-rus canişinlərinin də oxşar davranışlarıyla rastlaşmısınız?
– Həmişə bu mövzuda danışılanda 1990-cı ilin yayında iştirakçısı olduğum bir hadisəni xatırlayıram… Rusiyadan Xankəndinə qatarla ərzaq və tikinti materialları adı altında silah-sursat göndərildiyini bilən Yevlağın vətənpərvər övladları həmin vaqonların Yevlax dəmiryol stansiyasından Xankəndinə keçməsinə imkan vermirdilər. Bu məsələdə mənim fəaliyyətimin olmasını haradansa bilən Respublika Təşkilat Komitəsinin sədri Viktor Polyaniçko məni Yevlağa çağırtdırdı. Dəmiryol stansiyasına gələndə gördüm ki, Xalq Cəbhəsi Ağdam rayon şöbəsinin sədri Eldar Bağırov da oraya dəvət olunub. Polyaniçkonun onu Yevlax stansiyasına dəvət etməsinə səbəb Rusiyadan göndərilmiş vaqonların Yevlaxdan Xankəndinə keçməsinə maneələrin əsasən Ağdamdakı xalq hərəkatı fəalları tərəfindən təşkil edilməsi olmuşdu. Təşkilat Komitəsinin sədri mənə və Eldar Bağırova müraciət edib dedi ki, Yevlaxdan Xankəndinə buraxılmayan vaqonların göndərilməsinə mane olan halları aradan qaldırmalısınız. Onun bu müraciətinə cavab olaraq təklif etdik ki, bizim iştirakımızla komissiya təşkil edilsin, vaqonların içərisində olan əşyaların faktiki olaraq nədən ibarət olması yoxlanılsın və orada qeyri-qanuni əşyalar tapılmazsa, onların aidiyyatı üzrə Xankəndinə göndərilməsi təmin olunsun... Kreml canişini əsəbləşərək: “Siz mənim vaqonlarda un məhsulları olması sözümə və sənəddə yazılanlara yox, başqalarının sözünə inanırsız”, -dedi.
Sözün qısası, Polyaniçko vaqonların yoxlanılmasına icazə vermədi. Bu minvalla Eldar Bağırov Ağdama, Polyaniçko Yevlaxdakı qonaq evinə getdi. Mənə isə dəmiryol stansiyasında qalıb vaqonların Xankəndinə göndərilməsinə maneçilik törədən halların aradan qaldırılmasını tapşırdı. Polyaniçko səhərədək hər yarım saatdan bir mənə zəng edib cavab gözləyirdi. Sonda ona konkret olaraq bildirdim ki, vaqonlar yoxlanılmadan Xankəndinə keçməyəcəkdir. Xülasə, vaqonların yoxlanılmasına icazə verilmədiyinə görə onun planı baş tutmadı. Yəni içərisində şübhəli yüklər olan vaqonların Xankəndinə keçirilməsinə imkan verilmədi...
Hesab edirəm, hazırda Qarabağ torpaqlarımızda yerləşən Rusiya hərbi kontingentinin Azərbaycana və ermənilərə münasibəti ilə 1988-1991-ci illərdəki sovet-rus ordusunun münasibəti arasında ciddi bir fərq yoxdur. Çünki onlar daim bizim ərazilərə işğalçı, müstəmləkəçi gözü ilə baxıblar. Odur ki, iki ildən çoxdur, ermənilərin Qarabağa qanunsuz canlı qüvvə və silah-sursat daşımasına şərait yaradan “sülhməramlı” kontingentin komandanlığına da etibar etmək olmaz. Həmin səbəbdən bu günlərdə Rusiyadan Yalama-Bakı-Yevlax marşrutuyla Xankəndinə “sülhməramlı”lar üçün göndərilən vaqonların ciddi yoxlanışını təşkil etmək gərəkdir…
Onu da deyim ki, bəhs etdiyimiz dövrdə biz hələ də Kremlə tabe olduğumuzdan sovet dövləti rəhbərliyini və onun ölkəmizdəki canişinlərini sözümüzü tam qətiyyəti ilə demək, öz bildiyimizi etmək imkanına malik deyildik. Ancaq bu gün artıq 32-ci ildir ki, müstəqil dövlətik və Allaha şükürlər olsun, Azərbaycanın dünya hərb meydanında öz sözünü demiş ordusu da var. Odur ki, işğal altında qalan digər torpaqlarımız da birdəfəlik məkrli düşmən pəncəsindən azad olunmalı və bununla da Qarabağ məsələsi öz son və ədalətli həllini tapmalıdır…