Çexiyanın paytaxtı Praqada gecə bar turları qadağan edilib.
Hafta.az-ın “Guardian”a istinadən yazdığına görə, Praqa merinin müavini Zdenek Hrib dünən turizm agentlikləri tərəfindən gecə saatlarında həyata keçirilən bar turlarının qadağan edilməsinə qərar verildiyini açıqlayıb.
Hrib, tur şirkətlərinin 22.00-06.00 arasında barlara tur təşkil etməsinə icazə verilməyəcəyini bildirib. Bu tədbirlərdə turistlər gecələr müxtəlif barlara baş çəkir, bələdçinin müşayiəti ilə içkilərdən dadırlar.
Praqa Bələdiyyəsinin rəsmilərindən Jiri Pospisil qərarla bağlı deyib: “Biz şəhərə qısa müddətə gəlib sərxoş olmaq istəyənləri deyil, daha mədəni, daha zəngin turistləri axtarırıq”.
Qərarla bağlı bələdiyyədən verilən açıqlamada gecə saatlarında təşkil edilən bar turlarının "alkoqol istehlakını artırdığı və ictimai asayişi pozduğu" qeyd edilib. Bu fəaliyyətlərin “cəmiyyətdə etibarsızlıq hissi yaratdığı və mədəniyyətsizlik təəssüratı yaratdığı” da iddia olunur.
2010-2012-ci illərdə ədliyyə naziri vəzifəsini icra edən Pospisil bu qərarın Praqanın simasını dəyişmək üçün verildiyini bildirib.
Təxminən 1,3 milyon insanın yaşadığı Praqada subayların səs-küylü gecələri və gecə bar turları şəhər sakinlərinin reaksiyasına səbəb olub.
Çex Otellər və Restoranlar Assosiasiyasının prezidenti Vatslav Starek bələdiyyənin qərarından məmnun olduqlarını ifadə edərək, "Sırf pivə içmək üçün barlara təşkil edilən bu turlar həm yerli əhalini, həm də digər turistləri narahat edirdi. Bunun zərər verəcəyini düşünmürəm. Bizim satışlarımız heç kimə qadağa qoyulmayıb, gecələr belə olur” deyib.
Son zamanlar Avropada kütləvi turizmə qarşı müxtəlif tədbirlər həyata keçirilir. Venesiya tur qruplarındakı insanların sayını məhdudlaşdırıb və şəhərdə səsgücləndiricilərdən istifadəni qadağan edib. Barselona həmçinin 2028-ci ildən etibarən turistlərə mənzil kirayəsinin qadağan ediləcəyini açıqlayıb.