“44 günlük İkinci Qarabağ savaşından sonra radikal siyasi və qeyri-siyasi qüvvələrdən ən çox eşitdiyimiz sözlər “niyə Laçını azad etmədik” idi. Laçın şəhəri, Zabux və Sus kəndləri nəzərdə tutulduğundan daha tez azad edildi. Prezident İlham Əliyev həqiqətən də qətiyyət və barışmazlıq nümunəsi, o cümlədən diplomatiya bacarığı göstərdi. Bəs niyə Əli Kərimli və digərləri İlham Əliyevi təbrik etmədi, xoş söz söyləmədi, üstəlik zəfərə kölgə salmağa çalışır”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Razi Nurullayev bildirib.
Deputat bildirib ki, Prezident İlham Əliyev Şah İsmayıl Xətai, Nadir şah Əfşardan sonra ilk rəhbərdir ki, torpaq itirmir, torpaq qazanır, dünyaya səs salır və az qala dünya ilə savaşıb qalib gəlir.
“Laçın alındı, başladınız Xankəndi niyə separatçıların əlindədir, “niyə antiterror əməliyyatı keçirilmir” dediniz. Əməliyyat keçirildi, Xankəndi azad edildi, bütün Qarabağda suverenliyimiz bərpa edildi, separatçılar silahlarını təhvil verdilər, qaçıb dağılışdılar və bütün planları yerlə-yeksan oldu. Bunu yaratdığı ordu ilə, inandığı və etibar etdiyi qəhrəman Azərbaycan əsgərinin gücü ilə etdi. Ağılın belə dərk etmədiyi, yuxumuzda belə görmədiyimiz gerçəkliyi yaratdı.
Nə qədər gec deyil, birlik olun, düşmən dəyirmanına su tökməyin, xalqla, dövlətlə bir olun ki, gələcək nəsillər siyasi tarix kitablarını oxuyanda sizi nifrətlə anmasın!”
R.Nurullayev təklif edib ki, Prezident İlham Əliyev üçün bir orden, ad düşünülsün.