“Prezidentin ABŞ səfəri və BMT tribunasındakı çıxış bir daha göstərdi ki, Azərbaycan haqlı olaraq, artıq “kiçik ölkə” yox, mahiyyəti özündən, mədəni-tarixi ərazisi deyuri ərazisindən böyük qlobal aktor kimi danışır. Qarabağ Zəfərindən doğan siyasi güc indi ekoloji, enerji və iqlim gündəmində ədalətli beynəlxalq liderliyə çevrilir”.
Bunu hafta.az-a siyasi şərhçi Əkbər Qoşalı Azərbaycan Prezidentinin ABŞ səfəri və BMT-nin 80-ci sessiyasında etdiyi çıxışın əhəmiyyətinə diqqət çəkərkən bildirib.

Ə.Qoşalı eyni zamanda qeyd edib ki, Prezident İlham Əliyevin budəfəki ABŞ səfəri ikitərəfli münasibətlərlə yanaşı, əsasən qlobal gündəmin kəsişməsində Azərbaycanın sözünün çəkisini göstərdi. Ekspert vurğulayıb ki, Nyu-Yorkda aparılan vacib görüşlər, enerji, təhlükəsizlik və müttəfiqlik mövzularında açıq ismarıclarla yadda qaldı:
“Səfərin zirvəsi, BMT Baş Assambleyasının 80-ci sessiyasındakı vacib müzakirələrdə iştirak və yüksək tribunadan çıxış oldu. Bu çıxışda Prezident bir daha göstərdi ki, Azərbaycan yalnız öz milli maraqlarını müdafiə etmir, həm də beynəlxalq miqyasda ədalətin, hüququn və ekoloji məsuliyyətin dürüst təmsilçisidir. Dövlət başçısı Qarabağ Zəfəri fonunda sülh təşəbbüslərini, bölgədə yeni dəhlizlər və işbirliyi imkanlarını önə çəkdi. Eyni zamanda, ötən il COP29-un evyiyəsi olaraq dünyanın diqqətini bir daha iqlim və enerji gündəminə yönəltdi”.
Prezidentin çıxışında Xəzərlə bağlı fikirlərə gəlincə, Ə.Qoşalı bunun ən diqqətçəkici və sarsıdıcı məqam olduğunu vurğulayıb. O, Prezidentin - “2022-ci ildə Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Zirvə Görüşündə Xəzər dənizində ətraf mühitin pozulması məsələsini qaldırdım. Bu gün vəziyyət daha acınacaqlıdır. Xəzər dənizi sürətlə azalır. Əsas səbəb iqlim dəyişməsi deyil. Gözlənilməz nəticələri olan ekoloji faciəni dayandırmaq üçün Xəzəryanı dövlətlərin birgə səyləri zəruridir. Azərbaycan, həmçinin həmin problemin həlli üçün BMT ilə də sıx əməkdaşlığa hazırdır” fikirlərini xüsusilə önə çəkib:
“Prezidentin hər cümləsində gizlənən işarələr aydındır. O, Xəzərin 80%-lik su təminatını verən Volqa çayı üzərində Rusiya Federasiyası hökumətinin apardığı normadanaşırı sənaye, aqrar və enerji layihələrinin fəsadlarına diqqət çəkmiş oldu. Məsələ təkcə iqlim dəyişikliyi ilə bağlı deyil. Antropogen təsirlər - yəni, insan fəaliyyətindən qaynaqlanan ekoloji yüklənmə, suyun kütləvi istifadəsi, çirklənmə və nizamsız idarəçilik Xəzəri boğur. Azərbaycan isə həm regional, həm də qlobal səviyyədə bu faciənin qarşısını almaq üçün gur səslə çağırış edir”.